Böyük köçün ardınca…

Mən başa düşürəm. Indi daha aktual mövzular var. O mövzuları araşdırmaq indi daha vacib görünür. Zira həmişə əbədi mövzular da olur. Elə mövzular ki, onların da üstündən sükutla keçmək və onları görməmək mümkün deyil. 
Adamlar var ki, ömürlərini də yaradıcı akta, prosesə çevrirlər. Bu adamların ömrü yaradıcılıqları ilə çox qəribə simbioz təşkil edir. Belələrindən biri də tarixçi-etnoqraf L.Qumilyov idi. Bu gün onun anadan olmasının 100 iliyidir. Onun xüsusi təqdimata ehtiyacı yoxdur, çünki o, bəzi yerlərdə, o cümlədən də Azərbaycanda öz şair ata və anasından (N.Qumilyov və A.Axmatova) da yaxşı tanınır. Mən elitarizmin tərəfdarı olmasam da, bir fikirlə razılaşmaya bilmərəm: ot kökü üstündə bitər… Ata Qumilyov sovet hakimiyyətinə qarşı qiyamda iştirak etdiyinə görə ölümə məhkum olunmuşdu. M.Qorki o vaxtlar böyük nüfuz sahibi idi və N.Qumilyovun bağışlanması üçün Leninin özünə müraciət etmişdi. Lenin də müraciətə müsbət cavab vermişdi. Amma şair və zabit N.Qumilyov öz dostları ilə ölməyi daha üstün tutdu. A.Axmatova isə o qədər fədakar ömür yaşamışdı ki, onun haqqında hansısa kiçik bir qeyddə danışmaq çətindir. Hələ də onun bircə sətirini xatırlayanda (“Kremlin divarları önündə ulayacam…”) bədənimdən qəribə gizilti keçir. Sanki ailənin taleyinə təqiblər, məhrumiyyətlər yazılmışdı. L.Qumiyovun öz həyatı da çox böyük məhrumiyyətlər içində keçmişdi – düşərgələr, təqiblər! Sonra deyirlər ki, qəhrəmanlar olmur! Bəs bu insanlar qəhrəman deyilmi?.. Amma mən bu yazıda Qumilyovla bağlı başqa aspektlərə toxunmaq istəyirəm. O kim idi və nə etmişdi? Bu suala hətta Qumilyovu yaxından tanıyan insanlar belə cavab verməyə çətinlik çəkir, çünki əksər tarixçilər onun nəzəriyyələrini elmi cəhət baxımından əsaslandırılmamış və siyasi cəhətdən qeyri-korrekt hesab edir.
Öz vətənində onun nəzəriyyəsinin elmi tutumu, Qərbdə isə bu nəzəriyyənin etik-siyasi tərəfləri mübahisə doğurur. Axı indiki demokratik dünyada heç hansısa etnosun ölümündən danışmaq olarmı? Lakin mənə elə gəlir ki, min illərin prosesini bir neçə illik intervala sığışdırmaq olmaz, məhz bu inikaslar belə nəticələrə gətirib çıxarır. Amma bir qədər ciddi olsaq, hanı şumerlər və yaxud xəzərlər? Bəlkə L.Qumilyova daha ciddi yanaşmaq lazımdır? Bunları mütəxəssis tarixçilərin öhdəsinə buraxaq. Düzdür, onlar hələ bir sula dəqiq cavab verə bilməyiblər. L.Qumilyov kim idi? Mədəniyyət hadisəsi, yoxsa bir elm fenomeni? Bizim üçün isə başqa məqamlar maraq kəsb edir. O məqam və detallar bu məsələlərdən heç də əhəmiyyətsiz deyil…
Türk soyunun tədqiqatçısı
O hələ öz sağlığında əfsanələşmişdi, əsl əfsanəyə, kumirə, bütə çevrilmişdi.
Deyirlər ki, L.Qumilyov Çingiz xanın imperiyasını öz mənzilindən daha yaxşı tanıyırdı və bilirdi. Onun böyüklüyü nədə idi? Tarix xalqları iki böyük qrupa bölmüşdü: əkinçi xalqlar və maldarlıqla məşğul olan köçərilər. Və belə zənn edilirdi ki, dünya mədəniyyətinə yalnız əkinçilər töhfə veriblər, köçərilər isə, necə deyərlər, öyrənilməsə də olar. Əslində onları öyrənmək asan problem də deyildi, çünki bir çox hallarda bu xalqlar özlərindən sonra maddi-mədəni abidələr qoymamışdılar, tarixdə öz kurqanları ilə yadda qalmışdılar. Türklər də belə xalqlardan idi. Qumilyov türklərin tarixini öyrənməyə başladı. Indi o prosesdən çox danışmaq olar. Amma mənim yadıma başqa şeylər düşür. O 1980-ci illərdə nə qədər məşhur idi?! Hətta səhv etmirəmsə, o vaxtlar AXC ona mükafat da vermişdi. Qazaxıstanda hətta L.Qumilyov adına institut belə təsis olunmuşdu. O, uzun müddət türk ellərinin əsas araşdırıcısı kimi tarixin özündə yaşayacaq. Buna mənim şübhəm yoxdur…
Passionarlıq: sosial doktrina, yoxsa tarix konsepsiyası?
Elə nəzəriyyələr var ki, bir mədəniyyət hadisəsinə çevrilir. L.Qumilyovun bu nəzəriyyəsi haqda düşünəndə mənim Ç.Çaplinlə A.Eynşteyn arasındakı bir yazışma yadıma düşür. A.Eynşteyn Çaplinə yazır ki, siz dahisiniz, hamı sizi başa düşür. Çaplin də ona cavab verir ki, sizi heç kim başa düşmür, amma siz də dahisiniz… Qumilyov haqda da bunu demək olar, özü də mübaliğəsiz.
“Passionar” sözü az qala beynəlxalq deyimə çevrilib. Onun mənasını başa düşməyən yoxdur. Qumilyov passionarlığın enerji mənbəyini göstərə, tapa bilmədi. Amma bu söz mədəniyyətə həkk olundu. Indi hara baxırsan, elə bir ağızdan deyirlər ki, passionar insanlar azalıb, onlar yoxdur. Hamımız ictimai süstlüyü, passivliyi bununla izah edirik. Hətta o sözün özündə nə qədər və hansı tutumda elmi məzmun kəsb etdiyinin də fərqində deyilik. Bizim üçün bu, indi bir etnogiya, tarix fenomeni olmaqdan daha çox bir sosial doktrina rolunu oynayır. Qoy, tarixçilər L.Qumilyov nəzəriyyəsinin elmiliyi haqqında nə qədər istəyirlər, baş sındırsınlar. Hətta burada onu da qeyd edim ki, ona tarix elmləri doktoru olmaq qismət olmadı, o, coğrafiya elmləri doktoru idi.
Lakin onun özü haqqında danışanda da hamı deyir ki, o passionar insan idi. Hətta passionarlıq təlimini qəbul etməyənlər də… Bəli, hətta bu təlimi qəbul etməyənlər də…