Gülər Əhmədovanın xəstəliyi

Gündəmdə Gülər Əhmədovadır.
Dünən onun müdhiş “500 minlik” performasını bir anlıq unutduq. Xanım xeyirxahmış, bizə yeni mövzu verdi. Gün ərzində onun iki dəfə insult olduğu xəbəri yayıldı. Əlbəttə, çoxları bu xəbəri ciddiyə almadı. Hamı bunun oyun, istintaqdan yayınıb, ölkədən qaçmaq üçün bir plan olduğunu yazdı, pozdu.
Hətta “facebook”da bir ara “Insult”un adından açıqlama da yayıldı: “Gülər Əhmədovanı mənim vurmağım haqqında yayılan xəbərlər qeyri-obyektiv, qərəzli və şərdi. Mən o xanımı vurmamışam!”
Mən də özüm-özümə sual verdim: “Gülər Əhmədovanı insult niyə vursun axı?”
Fərz edək ki, lap elə onun dediyi kimidir, böhtana tuş gəlib deyəmi? Ərdoğan abi demişkən, “One minute”, Gülər xanım! Bəs bu vaxta qədər şərlədiyiniz, böhtan atdığınız, haqqını yediyiniz insanların da insult keçirə biləcəyini düşünmürdünüz?
Böhtan atmağın, böhtana məruz qalmağın pis şey olduğunu gərək sizə insult başa salaydı?
Insult keçirərkən xalqın azadlığı uğrunda meydanlara çıxanlara “pis yolun yolçuları” iftirasını etdiyiniz anlar kino lenti kimi gözləriniz önündən keçirmi?
Yadınıza salıram, Ictimai Palatanın 17 aprel mitinqində “Azadlıq” hayqıran balaca qızcığazın anasını “insan alverinin predmeti” adlandıraraq bu haqda məqaləni öz qəzetində yerləşdirmişdi.
Gülər xanımın, ikinci dəfə insult olduğunu bir hökumət saytında oxuyub, “Inşallah, yastığı yüngül olar” yazdım və bu xəbərdə mən gələcəyimiz üçün pozitiv bir şey gördüm. Dostlarımla söhbətdə həmişə quracağımız demokratik Azərbaycanda Əliyevlərin bu qaniçən məmur korpusu ilə necə davranacağımız barədə çıxılmaza dirənirəm. Bunların böyük əksəriyyəti cinayətkardır, söz yox. Ancaq öz aramızdır, onların hamısını bir gündə türməyə də basmaq mümkünsüz! Birincisi, türmə tutmaz, ikincisi də, bu, kənardan yaxşı görünməz. O dəqiqə həmin hakimiyyəti siyasi repressiyalarda, qisasçılaqda ittiham edəcəklər.
Lakin ötən gün Gülər Əhmədova nümunəsi göstərir ki, gələcək üçün əndişə keçirməyə dəyməz. Demokratik dəyişikliklərin elə ilk günündə rüsvay olacaq, artıq heç nədən çəkinməyən xalqın şiddətli qınağına tuş gələn siyavuşnovruzov, mübarizqurbanlı, baharmuradovakimilər anındaca ömürlərini ana təbiətə bağışlayıb gedəcəklər torpaq şöbəsində dincəlməyə.
Çox illüziyaya qapılmadım ki?
Gülər Əhmədovanın videosu yayılanda və “facebook”da şərh olunanda onun qardaşı, “Günəbaxan” verilişinin aparıcısı Ilqar Mikayıloğlu gənclərə meydan oxuyub şərh yazmışdı: “Mən Gülərin qardaşıyam. Əgər özünüzü belə kişi sayırsınızsa, gəlin söhbət eləyək. Tüpürüm siyasətə də. Mənə mənim bacım vacibdir. Gəlin, gözləyirəm…”
Dünən Əli Əhmədov deputat həmkarı, partiyadaşı Gülərin hərəkətlərini özləri üçün ləkə adlandırdıqdan sonra gözüm Ilqarı axtardı. Əcəba, o, qardaş kimi, bacısını Əli Əhmədovdan da qorumaq cəsarətində bulunacaqmı? Olmadı belə şey. Gülər Əhmədova da, onu özünə bacı sayanlar da – hamısı gücsüzün, köməksizin üstünə hayqırmağa, xox gəlməyə hazırdılar. Özlərindən azca rütbəli qarşısında isə lal, kar və mütidirlər.
Bu suallar məni düşündürür:
* Dünya Gülər Əhmədova mövzusu ilə dağılırkən, baxaq görək ki, dünən onun qəzetinin manşetində nə vardı: “Nə sülh, nə müharibə şəraiti davam edə bilməz” – yəni, Qarabağ söhbəti. Yəni, doğrudanmı vətənpərvərlik yaramazların sonuncu sığıncaq yeridir?..
* Təəccüb içindəyəm, hökumətin şər makinası o qədərmi zəiflədi ki, “Gülər işi”nin içindən Əli Kərimlinin, Isa Qəmbərin “barmağı çıxmadı”?!