“O fransıza de ki, məni hələ yaxşı tanımır. Mən bilirsən kiməm?!”
Bir qədər əvvələdək Azərbaycanda nüfuzlu beynəlxalq təşkilatlarda çalışan, hazırda ABŞ-da yaşayan Ülvi Ismayıl adlı soydaşımız özünün “facebook” profilində Gülər Əhmədova ilə bağlı ilginc olayı qələmə alıb.
Ülvi Ismayılın yazdığından belə məlum olur ki, sözügedən hadisə o, BMT-nin Bakı nümayəndəliyində işlədiyi dövrdə baş verib: “Artıq iki il idi ki, BMT-də işə düzəlmişdim və bu müddətdə vəzifədə xeyli yüksəlmişdim. Bir neçə layihəni idarə edir, yeni-yeni təşkilatlarla görüşlər keçirir, tanış olurdum. Məcburi köçkünlər üçün müxtəlif layihələri maliyyələşdirirdik və onların icrasını yerli təşkilatlara həvalə edirdik.
Bir gün proqram şöbəsi məndən bir layihənin bitməsi münasibətilə onun nail olduğu uğurları yoxlamağımı xahiş etdi. Layihə çərçivəsində müharibədən psixoloji zədə alan uşaqlar üçün bir neçə ay ərzində səhnələşdirilmiş (kukla) tamaşalar hazırlanmalı və onlar 8 rayonda nümayiş etdirilməli idi. Layihənin ümumi məbləği səhv etmirəmsə, 10 min dollar idi. Bu yolla məcburi köçkün uşaqlar əqli reabilitasiya almalı idilər. Ezamiyyət pulunu alıb, icraçı təşkilatın layihə barədə verdiyi məlumatı özümlə götürüb, Azərbaycanın dilbər və qeyri-dilbər 8 guşəsinə yollandım.
Artıq səfərin üçüncü günü Bakıya qayıdanda çox əsəbi idim. Istəyirdim işə çatım və rəhbərliyə xəbər verim, rəsmi rapor yazım. Getdiyim rayon icra hakimiyyətləri və mədəniyyət şöbələrinin yarısı bu adda fəaliyyət və təşkilat haqqında heç nə bilmədiklərini demişdi.
Ofisə çatar-çatmaz bu bəd xəbəri yaydım və belə qərara gəldik ki, layihənin koordinatoruna zəng edib problemi bildirək və müzakirə üçün ofisə dəvət edək. Koordinator həfif, sarışın bir xanım idi. Bildirdik ki, layihənin tam yarısı icra edilməyib. Vəsaitin yarısı təşkilarımıza geri ödənilməlidir. Problemi eşidən kimi koordinator yoxa çıxdı. Növbəti gün təşkilatın rəhbəri olan bir xanım Fransa vətəndaşı olan müdirimə zəng etdi. Rus dilini bilirdi, onun üçün xətdə birbaşa özü danışdı. Danışdıqca müdirimin sifətinin rəngi dəyişirdi. Dəstəyi özüm aldım. Qışqırırdı… Azərbaycan dilində onu təmkinli olmağa səslədim, “əcnəbinin yanında bizi biabır etməyin” dedim”.
Ülvi Ismayılın sözlərinə görə, həmin telefon söhbətində təşkilatın rəhbəri olan xanım onun rəhbərinin ünvanına ağır ifadələr səsləndirib, başına oyun açacağıyla hədələyib: “O fransıza de ki, o məni hələ yaxşı tanımır. Mən bilirsən kiməm?!”
Bu telefon danışığından sonra BMT-dən sözügedən təşkilat rəhbərinə rəsmi məktub göndərilib: “Vəsaiti geri ödəmək üçün boş formaları təşkilatına göndərdik. Bir gün sonra yenidən telefonumuza zəng gəldi. Bu dəfə şəxsi mobil nömrəmə. Qeybə çıxan koordinator bu dəfə məni öz ofislərinə, məsələni ”sülh yolu ilə” həll etmək üçün təşkilatın rəhbərilə görüşə dəvət edirdi. Iş gününün artıq bitdiyini və cavabımı onlara yalnız sabah verə biləcəyimi deyib dəstəyi asdım və dərhal rəhbərimə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsinə zəng edib bu son telefon söhbəti barədə məlumat verdim. O, məsələnin indi daha da aydınlaşdığını və mənim ora nə üçün dəvət edildiyimi anladığını bildirdi. Mənə təşəkkür etdi və xahiş etdi ki, heç bir halda bu görüşə getməyim”.
Ülvi Ismayıl sonda əlavə edir ki, bu hadisə 2000-ci ildə baş vermişdi. Yuxarıda barəsində söhbət açılan təşkilat Azərbaycan Respublikası Uşaq Təşkilatı (ARUT), yarımçıq iş görən və fransız müdirin başına oyun açmaq istəyən təşkilat rəhbəri isə Gülər Əhmədova idi…