Dünən əksər saytlar “Azərbaycan işıqsız qaldı” başlığı ilə yaydı o xəbəri: Mingəçevir SES-ə ildırım düşübmüş də, ölkənin böyük bir hissəsinə elektrik enerjisi verilməsi dayanıbmış.
Oysa 19 ildə bu ölkənin heç işıqlı günü olmadı ki…
Məmləkətin üzərinə çökən qaranlıq hər gün bir az da dərinləşdi. Göz gözü görməz oldu.
Göz gözü görməyincə də oğruların işi asanlaşdı: sıvadılar qollarını büdcəyə girdilər, neft buruqlarına, qaz yataqlarına girdilər, seçki qutularına girdilər.
Siz heç işıqlıqda oğurluğa gələn birini gördünüzmü? Siz heç işığı sevən oğru gördünüzmü?
***
19 ildə bir dənə də işıqlı günü olmayan ölkədə xəbər başlıqları atdılar dünən: “Azərbaycan işıqsız qaldı”.
Adama toxunur, əlbəttə.
Illah ki, evinizdə lampalar yanmayandamı anladınız bu ölkənin işıqsız qaldığını? Qaranlığa təslim edildiyini?
19 ildi bu ölkədə işıq gələn hər yerə barmaq tıxadılar: kitabxanaları kababxanalara çevirdilər, təhsilin belini qırdılar, alimi iclasdan qovdular.
Elmsizliyi, savadsızlığı, cəhaləti toplumun baş tacına çevirdilər.
Bir xalqın yolunu aydınladacaq hər şeyi, amma hər şeyi düşmən elan etdilər: fərqli fikiri, azad sözü. Alternativ düşüncəni. Adil seçkini. Kitabı, qəzeti.
Aydın insanları ya həbsə, ya sürgünə yolladılar.
“Qoy işığı söndürüm” oxuyan müğənnini yağ-bal içində bəsləyərkən gücünü doğrulardan, həqiqətdən alan yazılarla bu xalqın yoluna işıq yandırmaq istəyən adamın ağzından atdılar.
Qısası, Azərbaycanın dibsiz bir zülmətə qərq olması üçün çıxarmadıqları hoqqa qalmadı.
Çünki oğrular qaranlığı sevər. Oğurlamaq üçün qaranlığın düşməsini gözləyərlər. Siz heç işıq gələn yerə dürtülən oğru gördünüzmü?
***
“Azərbaycan işıqsız qaldı” yazdılar xəbər başlıqlarına. Oxudum, güldüm.
Demək ki, bunlar bir ölkənin aydınlığını elektrik lampalarının yanması ilə ölçürlərmiş.
Demək ki, bunlar üçün işığın mənbəyi Etibar Pirverdiyevmiş.
Oysa bir yox, yüz Mingəçevir SES-i olsa belə, bir ölkənin işıqlı adamlarını qaranlıqda vurarlarsa…
Bir ölkənin işığı elmdən, bilgidən, kitabdan yanmazsa…
Bir ölkənin başı üzərində özgürlüyün Günəşi parlamazsa…
Bir ölkə işığını hüquqdan, ədalətdən almazsa, o ölkə aydınlanmaz heç vaxt. O ölkə dibsiz qaranlığa gömülməkdə davam edər.
Və o qaranlıq sadəcə, oğruların işinə yarayar – daha rahat çırpışdırmaq üçün. Daha arxayın oğurlamaq üçün.
***
Bu yazının nöqtəsini qoyacaqdım ki, dəyərli dostumuz Mirvari xanım Qəhrəmanlının bir müsahibəsindən bir parça sataşdı gözümə.
Buracan yazdıqlarımı çox dəqiq, çox gözəl anlatdığı üçün elə nöqtəni də onunla qoymaq istədim: “Xaricdən Bakıya bir mütəxəssis gəlibmiş. Qaldığı hotelə gedərkən yolboyu yanan çil-çıraqlara baxıb və düşünüb ki, görəsən bu çil-çıraqların altında hansı qaranlıqları gizlədirlər?!”.
Məryəm!
Bu fotodakı o qızcığazdır –
“Azadlıq” qışqıran 5 yaşlı Məryəm!
Gülər Əhmədova onun anası haqqında “bar qadını”, “pozğun” demişdi, yazmışdı günlərcə.
Mən inanclara bağlı biri deyiləm, amma bu dünyada heç bir pisliyin, yamanlığın cavabsız qalmadığına hər şeydən çox inanıram.
Odur ki, bu başına gələnlərdən sonra YAP-çı deputat xanımı həm də Məryəmin ahı tutduğuna şübhəm yoxdur.
Gün o gün olsun, bu ölkəni də şüarın tutsun, Məryəm!

Bir ölkə işığını kitabdan yox, ancaq Mingəçevir SES-dən alarsa…
•
•