Rahim Hacıyev: «Hakimiyyət çıxılmaz vəziyyətə düşüb»
Zəfər Quliyev: «Danışıqların bərpası heç nəyi dəyişməyəcək»
Xarici işlər nazirinin müavini Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əvvəl verilmiş təklif layihələrini Ermənistanın rədd etdiyini və yaranmış durğun vəziyyətdən çıxış üçün heç bir təklif verilmədiyini açıqlayıb. Nazir müavini müzakirələrə təkan vermək üçün problemə yanaşmanın dəyişdirilməsinin lazım olduğunu deyib. Çünki prinsiplər üzərində işləmək heç bir nəticə verməyəcək. Proses daha 20 il çəkə bilər, Azərbaycanın isə bu qədər vaxtı və səbri yoxdu.
A.Əzimovun açıqlamasına münasibət bildirən siyasi ekspert Rahim Hacıyev hakimiyyətin bununla özünü ifşa etdiyini deyir. Çünki rəsmi Bakı danışıqların sonsuzluğa qədər davam etmək ehtimalının mövcudluğundan narahatçılıq keçirməyib. Bu səbəbdən də A.Əzimovun açıqlaması şübhəli görünə bilər.
Ekspertin sözlərinə görə, bu açıqlamadan belə nəticəyə gəlmək olar ki, uzun illərdi hakimiyyət ölkə ictimaiyyətini aldatmaqla məşğul idi. Daima belə fikir formalaşdırmağa çalışıblar ki, guya hakimiyyət ciddi şəkildə Qarabağ probleminin həlli ilə məşğuldur. Ancaq son açıqlama hakimiyyətin münaqişənin həllində ciddi səylər göstərmək fikrində olmadığını sübut edir. Artıq hakimiyyət bu məsələdə çıxılmaz vəziyyətə düşüb. Cəmiyyətə yeni heç nə deyə bilmir: “2010-cu ilin mart ayında ”Vaşinqton post” qəzetində Ilham Əliyevin Dubay villaları məsələsi ortaya çıxdı. Bir neçə gündən sonra Elmar Məmmədyarovun dilindən Azərbaycan hakimiyyəti belə bir bəyanat verdi ki, biz Madrid prinsiplərinə razıyıq. Bu ona bənzəyirdi ki, siz təzyiqləri azaldın, biz də sizin variantları qəbul edə bilərik. Qərbdən heç bir cavab gəlmədi. Bundan sonra Elmar Məmmədyarovun başqa bir bəyanatı ortaya çıxdı ki, biz bu prinsiplərə bütünlüklə razı deyilik. Belə bir biabırçı hadisə baş verdi”.
Ekspertin fikrincə, Azərbaycan hakimiyyəti bütün uğursuzluqlarının günahkarı kimi Ermənistanı göstərmək istəyir. Ancaq rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyi əslində Ermənistanın xeyrinədir. Çünki Qarabağ münaqişəsini çözmək istəyən hakimiyyət problemin həllinə ciddi təsiri olan qurumlarla yaxşı münasibətlərdə olardı. Amma bunu etmək istəməyən hakimiyyətin qayğısı özünün təhlükəsizliyini təmin etməkdir. NATO və Avropa Birliyi ilə əməkdaşlıq isə Azərbaycanın demokratikləşməsini tələb edir.
Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi Avropa Birliyi ilə yaxınlaşmamağın başlıca şərti kimi Qarabağ məsələsini göstərir. Ancaq bu quruma üzv olmağın başlıca şərti insan haqları və demokratiya sahəsində problemlərin aradan qaldırılmasıdır. Məhz bu istiqamətdə tələblərin qarşısını almaq üçün rəsmi Bakı Qarabağ məsələsini ortaya atıb.
Ekspert Azərbaycan hakimiyyətinin bu problemin həlli istiqamətində bundan sonra da ciddi addım atacağını gözləmədiyini qeyd etdi.Politoloq Zəfər Quliyev isə danışıqlar prosesinin çoxdan dayandığını deyir. Artıq bu prosesdə yaranmış böhran haqqında tərəflər də açıqlamalar verib.
Ekspertin fikrincə, danışıqların uğursuzluğu təkcə bu prosesin öz səbəbləri il bağlı deyil. Regionda gedən proseslərin də ciddi təsiri var: “Regionda maraqlar uğrunda Qərblə Rusiya arasında mübarizə daha sərt xarakter alıb, Iran məsələsi periodik olaraq kəskin formada gündəmə gəlir. Bütün bunlar danışıqlar prosesinə təsir edir”.
Iyun ayında Klintonun Bakıya səfəri ərəfəsində cəbhədə vəziyyətin gərginləşdiyini yada salan ekspert o zaman müharibənin reallaşması ehtimallarının artdığını da qeyd etdi. Həmçinin Ramil Səfərov məsələsi də tərəflər arasında münasibətləri gərginləşdirib. Artıq Azərbaycan tərəfi də Ermənistanın bundan istifadə edərək danışıqları poza biləcəyini açıqlayıb.
Ermənistan və Azərbaycanda seçkilərin yaxınlaşdığını xatırladan ekspert danışıqlar mövzusunun siyasi amil kimi istifadə ediləcəyini də istisna etmədi. Bu cür vəziyyətdə isə danışıqlar prosesinin bərpasına inanmaq çətindir. Başqa tərəfdən, danışıqların bərpası heç nəyi dəyişməyəcək. Artıq Azərbaycan tərəfi də bəyan edib ki, danışıqlar prosesində müzakirə olunacaq real variant olmasa və Ermənistan güzəştə getməsə, müharibə variantı reallaşa bilər. Hələlik isə qeyri-müəyyən vəziyyət yaranıb. Yaxın zamanlarda da bu sahədə ciddi dəyişiklik gözlənilmir.
Fizzə