Prokurorluq iyul ayındakı müraciətə sentyabırda baxmasına izahat vermir
Müzəffər Baxışov: “Bu bir daha Azərbaycanda hüquqi dövlətin olmadığını və prokurorluğun siyasi hakimiyyətdən asılılığını göstərir”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin vəkili Adil Ismayılov maraqlı açıqlama ilə çıxış edib. “Bizim Yol” qəzetinə müsahibəsində vəkil bildirib ki, G.Əhmədova ilə bağlı videolar və E.Abdullayevin müraciəti prokurorluğa 2 ay əvvəl təqdim edilsə də ötən müddət ərzində heç bir araşdırma başladılmayıb.
A.Ismayılov vurğuladı ki, prokurorluq yalnız indi sözügedən video ictimailəşəndən sonra tədbir görəcəklərini söyləyir. Maraqlıdır, prokurorluğun bu qədər müddəti heç bir addım atmaması nəylə bağlıdır?
Prokurorluğun E.Abdullayevin müraciətinə bu qədər müddət baxmamasının heç bir hüquqi əsası olmadığını söyləyən hüquqşünas Müzəffər Baxışov bildirdi ki, bu fakt bir daha Azərbaycanda hüquqi dövlətin olmadığını və prokurorluğun siyasi hakimiyyətdən asılılığını göstərir: “Cinayət Prosesual Məcəlləsinin 209-cu maddəsinin tələblərinə görə, əgər Milli Məclisin deputatının cinayət törətməsi barədə hər hansı fikir bildirilərsə və ya hazırda vurğulanır ki, Elşad Abdullayev Gülər Əhmədovanı şantaj edir, bu halda Baş Prokurorluq dərhal cinayət işi başlamalı idi. Bu, qanunun tələbidir. Amma əfsuslar olsun ki, 2000-ci ilin aprelin 26-dan başlayaraq Azərbaycan prokurorluğu elə bir vəziyyətə salınıb ki, ora hər hansı törədilmiş və ya hazırlanan cinayətlər, xüsusilə mövcud siyasi hakimiyyət, iqtidara yaxın şəxslərlə bağlı məlumat verilsə, dəlillər təqdim edilsə də siyasi hakimiyyətin razılığı olmadan bu istiqamətdə cinayət işi başlamırlar. Görünür, bu məsələ ilə bağlı Baş Prokurorluğa heç bir göstəriş verilməyib və ya əks göstəriş verilib. Hazırda görürsünüz hakimiyyətdəki şəxslər insan ağlına sığmayan mülahizələr irəli sürməklə bu məsələni ört-basdır etmək istəyirlər. Amma bu bir cinayət faktıdır və hökmən araşdırılmalıdır”.
G.Əhmədova ilə bağlı görüntüləri izlədikdən sonra Azərbaycanda yaşamağına görə utandığını deyən M.Baxışov vurğuladı ki, Azərbaycanda xalqın səsini yüksək rütbəli vəzifəli şəxslərin alınıb satılması faciədir.
E.Abdullayevin müraciətinin araşdırılmasının yubadılmasının səbəblərinə Baş Prokurorluqdan da məlumat almağa çalışdıq. Baş Prokurorluqdan bildirdilər ki, yayımlanan video ilə bağlı prokurorluqda araşdırma davam edir. Cinayət işini iki ay gec başlatmasına gəlincə, prokurorluqdan bununla bağlı sualı bir gün sonra cavablandıra biləcəklərini söylədilər.
Hikmət