Bu gün Azərbaycanda az da olsa düşünmə qabiliyyəti olan 2013-cü il seçkiləri barədə götür-qoy edir. Açıq büruzə verməsələr də, hiss olunur ki, iqtidar komandasında bir qeyri-müəyyənlik var və bu da o səbəbdən irəli gəlir ki, prezident Ilham Əliyev net olaraq üçüncü dəfə namizədliyini irəli sürəcəyini bəyan etməyib.
Şəxsən mən o fikirdəyəm ki, Ilham Əliyev üçüncü dəfə də prezidentliyə namizəd olacaq. Nədən ki, mövcud iqtidar üçün ən sərfəli namizəd məhz Ilham Əliyevdir. Nəyə görə?
Birinci, ona görə ki, Ilham Əliyevin Vladimir Putin sayaq belə hakimiyyətdən çəkilməsi komandanın ən azı əlli faizinin vəzifə kreslosu ilə vidalaşması ilə nəticələnə bilər və bu “vidalaşmanın” çox ciddi fəsadlarının meydana çıxacağını kimsə yaddan çıxarmasın.
Ikinci, 20 il görəvdə olanlar topladıqları sərvəti qorumaq üçün səfərbər olub Ilham Əliyevin namizədliyində israr edəcəklər.
Üçüncü, Ilham Əliyevin taxtdan çəkilməsi komanda daxilindəki əsas güc mərkəzlərinin kəllə-kəlləyə gəlməsi ilə sonuclana bilər və bu durumda da qanın su yerinə axacağına kimsənin şübhəsi olmasın.
Dördüncü, beşinci, lap belə onuncu səbəbi də yazmaq mümükündür və bütün bu səbəblərlə yanaşı regional, etnik qarşıdurmalar, PKK, KQB, ETTALAT faktorunu nəzərə almaq lazımdır və bunlar da təbii ki, ABŞ başda olmaqla sivil Qərb dövlətlərini ciddi ilgiləndirir. Eyni zamanda ABŞ və Qərb üçün Ilham Əliyevin üçüncü prezidentliyini həzm etmək problemi var və elə o səbəbdən də onların prezidentdən ciddi islahatlara getməsini tələb edəcəkləri ehtimal olunur. Ki, onun üçüncü dəfə prezidentlik kürsüsünə oturmasını həzm edə bilsinlər. Kəsəsi, qənaətim odur ki, Azərbaycan Şərq dünyasının bir hissəsi olduğuna görə burada hakimiyyətin sivil yolla əvəzlənməsi çox müşkül məsələdir və bu bir ayrı yazının mövzusudur…
Ən ilginci odur ki, bu gün iqtidar komandasında Ilham Əliyevin qarşısına çıxacaq bir rəqib yoxdur və onun üçüncü, lap belə dördüncü, beşinci dəfə prezident taxtında oturması üçün MÜNBIT ŞƏRAIT var. Üzvlərinin sayı milyona yaxınlaşan bir partiya üçün bunun nə demək olduğunu qoy YAP-ın başbilənləri saf-çürük etsin, “münbit şərait” məsələsinə müxalif düşərgədəki duruma nəzər yetirdikdən sonra qayıdarıq.
Müxalifət Ilham Əliyevin hakimiyyətdən getməsini istəyir və bi istəkdə də qeyri-adi bir şey yoxdur. Müsavatçılar Isa Qəmbəri, cəbhəçilər Əli Kərimlini, “rəsulçular” Rəsul Quliyevi Ilham Əliyevə əsas rəqib kimi görməkdədir. Təbii ki, adlarını çəkdiyim bu üç şəxs Ilham Əliyevə ciddi rəqib ola bilər, ancaq…
“Münbit şərait” məsələsinə dönək. Münbit şərait deyəndə Mərkəzi Seçki Komissiyasını nəzərdə tuturam və ağlında qüsuru olmayan hər kəsə gün kimi aydındır ki, neçə ki mövcud seçki sistemi durur, Ilham Əliyevin əsas rəqibi Isa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev yox, lap belə Isa Məsih, əğstəfurullah Imam Əli və ya Allahın Rəsulu olsa da seçkinin qalibi Ilham Əliyev olacaq.
Kimsə pessimistlikdə ittiham etməsin məni, düşünməsin ki, Ilham Əliyevə rəqib görmürəm. 2013-cü il seçkilərində onun çox ciddi bir rəqibi meydana çıxa bilər və o zaman Ilham Əliyev məğlub duruma düşər. O rəqib obyektivliyi, halallığı, şəffaflığı özündə birləşdirən DEMOKRATIK SEÇKIdir.
Ilham Əliyev DEMOKRATIK SEÇKI ilə qarşı-qarşıya qalsa, uduzacaq. Bunu cibində YAP-ın üzvlük vəsiqəsini gəzdirən və dövlətin təməlini sarsıdan, millətin qürurunu sındıran rüşvətxor vəzifə sahibləri daha yaxşı başa düşürlər. O səbəbdən də birləşərək Ilham Əliyevin üçüncü dəfə namizədliyinin üstündə dayanacaqları şəksizdir.
Və bu durumda müxalifət də liderlərin deyil, Ilham Əliyevin o əsas rəqibinin – DEMOKRATIK SEÇKInin təzahür etməsi üçün mübarizə aparmalıdır. Ikinci, üçüncü yol yoxdur. Kim “var” deyirsə, buyursun, yazsın.

İlham Əliyevin əsas rəqibi
•