Gülər Əhmədovanın “işi” Avropa Parlamentində

Sentyabrın 27-də Avropa Parlamentində Hollandiyanın D66 partiyasından olan 2 deputat Gülər Əhmədovanın da yer aldığı məlum videoda səslənən fikirlərlə bağlı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştona sorğu göndərib.
Ictimai Palatanın Avropa Parlamentindəki təmsilçisi, D66 partiyasının üzvü Isa Yusiflinin verdiyi məlumata görə, Gerben Can Gerbrandy və Marietce Sxaakenin imzaladığı sorğuda xanım Eştonun sözügedən videodan məlumatı olub-olmadığı, orada yer alan “prezidentin önündəki siyahı” ifadəsi, həmçinin Avropanın müəyyən siyasi təşkilatlarının da rüşvət skandalında adının hallanmasıyla əlaqədar həmin qurumlardan izahat istənilib-istənilməyəcəyi soruşulub.
Eyni zamanda, komissardan məsələ ilə bağlı Azərbaycan hökumətinin rəyi və beynəlxalq müstəqil araşdırmanın perspektivləri soruşulub.
“Bundan başqa, deputatlarla müzakirələrdə azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiqinin də artıq zərurət olduğu fikri səsləndirildi”, – deyə Isa Yusifli bildirib.
Qeyd edək ki, D66 partiyası Avropa Parlamentində Liberal fraksiyanın üzvüdür. Partiya Avropa Parlamentində indiyə qədər Azərbaycanda diktaturaya qarşı bütün qətnamələrin təşəbbüskarı olub. Deputatlardan Gerben Can Gerbrandy aprel ayında “Euronest” toplantısı çərçivəsində Bakıda səfərdə olarkən Ictimai Palatanın rəhbərliyilə də görüşmüşdü.