Elşad Abdullayev yeni video yaydı; Gülər Əhmədovaya isə ölkədən çıxmağın yasaq edildiyi deyilir
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev deputat Gülər Əhmədova ilə bağlı rüşvət videosunu yayandan sonra hədələndiyini bildirir. O, həm bu barədə, həm də insan oğurluğunu həyata keçirən mütəşəkkil cinayətkar dəstə haqqında 2008-2009-cu illərdə Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyi faktların araşdırılması ilə bağlı sentyabrın 26-da Baş Prokurorluğa videomüraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Deputat Gülər Əhmədovanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə vermək adı ilə məndən 2 milyon dollar alma prosesini əks etdirən videogörüntülər yayıldıqdan sonra ünvanıma hədə və qorxu ilə müşayiət olunan tələblərin ardı-arası kəsilmir. Təsirlərində olan KIV və sosial şəbəkələrdə aparılan böhtan və şər kampaniyası ilə yanaşı, Azərbaycanda adam oğurluğu ilə məşğul olan cinayətkar dəstə tərəfindən mənə və qohumlarıma qarşı fiziki məhvetmə də daxil olmaqla müxtəlif xəbərdarlıqlar edilir”.
Gülər Əhmədovaya Azərbaycandan çıxmaq yasaq edilib
“Azadlıq”a daxil olan məlumata görə, Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı rüşvət videosundan sonra deputata ölkədən çıxmaq yasaq edilib. Məlumatda iddia olunur ki, video yayılandan sonra “yuxarılar” deputatdan izahat istəyib və qeyri-rəsmi şəkildə onun ölkədən çıxması qadağan edilib. Bu məlumat Gülər Əhmədovanın həbs edilə biləcəyi barədə ehtimalları artırır. Bununla belə hələ ki, nə Gülər Əhmədova, nə də vasitəçi Sevinc Babayevanın hətta dindirilməsi barədə rəsmi açıqlama verilməyib.
Elşad Abdullayevin qardaşı açıqlama verdi
Bu arada APA məlumat yayıb ki, Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır. Məlumatda deyilir ki, son hadisələrdən sonra o, tutduğu vəzifədən uzaqlaşdırılıb.
Elsevər Abdullayev Baş Prokurorluqda çalışdığını təsdiq etsə də, işdən çıxarıldığını təkzib edib. “Mən hazırda iş başındayam”,- deyə Elsevər Abdullayev bildirib.
O, həmçinin qardaşı Elşad Abdullayevlə normal münasibətlərinin olduğunu açıqlayıb: “Elşad mənim qardaşımdır. Qardaşların münasibəti necə ola bilər ki?”
Oqtay Əsədov Gülər Əhmədova ilə görüşməyib
MIA.az saytının yaydığı məlumata görə, Gülər Əhmədova ilə bağlı yayımladığı video Milli Məclisin rəhbərliyini də hərəkətə gətirib. Məlumatda deyilir ki, olayla bağlı spiker Oktay Əsədov Gülər Əhmədova ilə görüşüb: “Görüşdə deputatdan hadisə ilə bağlı izahat istənilib”.
Iddiaya görə, deputat israrla videonun montaj olunduğunu deyib. Amma Milli Məclisin sədrinin onun bu arqumentini özünüqoruma istəyi ilə əlaqələndirərək, Baş Prokurorluğun araşdırmasının nəticələrinə uyğun addım atacaqlarını dediyi bildirilir.
Məsələ ilə bağlı Modern.az saytı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə saxlayıb. A.Təvəkküloğlu bildirib ki, belə bir şey olmayıb: “Bu barədə yayılan informasiyalar tam səhv və yalandır. Hesab edirəm ki, ”yəqin ki”, “güman ki” sözləri ilə informasiya yaymaq jurnalistika etikasına uyğun deyil və jurnalsitlərimizə xələl gətirən məsələdir. Məsələni dəqiqləşdirməmiş “güman ki”, “yəqin ki” sözü ilə bu informasiyanı cəmiyyətə çatdırmaq doğru deyil. Mənbə yoxdursa, bunu cəmiyyətə necə çatdırmaq olar? Ona görə də çox istərdim ki, jurnalistlərimiz arada bir curnalist etik qaydalarına əməl etsinlər”.
Bahar Muradova da rüşvət videosundan danışdı
“Gülər Əhmədova ilə bağlı yayılmış videoya dair yalnız müvafiq qurumlar rəy və fikirlərini söyləyəndən sonra hansısa şərh vermək mümkündür”.
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
O bildirib ki, indiki halda bununla bağlı hansısa fikir söyləmək mümkün deyil.
Mahir Abdullayevi namus üstə doğrayıb Xəzərə atıblar?
PIA.az saytı isə Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayev barədə şok xəbər yayıb. Məlumatı sayta özünü ABU-nun keçmiş tələbəsi kimi təqdim edən şəxs yollayıb. Həmin şəxs iddia edir ki, Mahir Abdullayev namus üstdə öldürülüb. Onun sözlərinə görə, Elşad Abdullayevin qardaşı ABU-da təhsil alan əslən Dağıstandan olan Rusiya vətəndaşı Fatima Abakarov adlı tələbəni zorlayıb. Fatima Abakarov ABU-nun Dağıstan filialının açılmasında yardımçı olan Said Abakarov adlı şəxsin qızı olub. Elşad Abdullayev Said Abakarovun yardımı müqabilində onun qızını ABU-ya qəbul edib, həmçinin Fatima Abakarova 8-ci mikrorayonda mənzil alıb. Mahir Abdullayevin bu qızdan xoşu gəlib və ona təcavüz edib: “Dağıstanda bu xəbər yayıldı və bundan sonra Elşad Abdullayev öyrəndi ki, Fatima Abakarovun Moskvada yaşayan və gələcəkdə onunla ailə qurmağa hazırlaşan qohumları Mahir Abdullayevdən intiqam alacaqlarına and içiblər. Elşad Abdullayev çox çalışsa da, bu məsələni qarşısını sülh yolu ilə həll edə bilmədi. O zaman Mahir Abdullayev Kürdəmir rayonunda 6 aya yaxın gizləndi. 2003-cü ildə Azərbaycanda seçki ərəfəsində qarışıqlıqdan istifadə edən Fatima Abakarovun qohumları Mahir Abdullayevi oğurlayıblar və öldürdükdən sonra doğrayıb dənizə atıblar.
Elşad Abdullayev “lotu Quli”nin vasitəsi ilə dəfələrlərə həmin dağıstanlılarla əlaqə qurmuş və heç olmasa Mahirin cəsədini harada basdırdıqlarını demələrini xahiş etmişdir. Amma xeyri olmamış və “Mahirin cəsədini Xəzər dənizindən topla” cavabını almışdır”.
“Azərbaycanda rüşvət bombası” – Türkiyə mediasında
Elşad Abdullayevin Gülər Əhmədova ilə rüşvət söhbəti artıq Azərbaycandan kənarda çıxıb. Məlum rüşvət videosu haqda xəbər sentyabrın 26-da Amerikada yaşayan azərbaycanlı fəalların idarə etdiyi “azerireport.com” saytında ingiliscə yayılıb. Bundan başqa, xəbər qardaş Türkiyənin “haberx.com” internet qəzetində tirajlanıb. “Haberx.com” məlumatı “Azərbaycanda rüşvət bombası” başlığı ilə dərc edib.
Rüşvət videosundakı vasitəçi işini itirə bilər
“Sevinc Babayeva ötən ilin oktyabr ayında əmək müqaviləsinə əsasən işlə təmin olunub. Onun şəxsi işində nə vaxtsa nəsə iş gördüyü qeyd olunmayıb. Sevinc Babayevanın şəxsi işində 10 ilə yaxın Idarəçilik Akademiyasında baş mütəxəssis işlədiyi və fəlsəfə elmləri doktoru olduğu yazılıb”.
Bu sözləri APA-ya açıqlamasında Bakı şəhər Mədəniyyət və Turizm Idarəsinin rəisi Əlikram Əliyev Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədovanın birgə videosunda yer almış M. Ə. Sabir adına kitabxananın direktoru Sevinc Babayeva barəsində deyib.
Ə. Əliyevin sözlərinə görə, Sevinc Babayeva ilə müqavilənin müddəti bu ilin oktyabrında bitir: “Bizdə kitabxana və müəllim yerləri də var və onların hər biri müqavilə ilə işə götürülür, fəaliyyətinə baxılır. Bu insan işinin, verilən tapşırığın öhdəsindən gələ bilirsə, ondan sonra onunla müddətsiz müqavilə bağlanılır”.
Ə.Əliyev Sevinc Babayevanın fəaliyyətinin qənaətbəxş olmadığını açıqlayıb: “Bir il müddətində Sevinc Babayeva töhmət də alıb. Amma mən bu gün onu işdən azad edə bilmərəm, çünki müqavilə var. Vaxtı bitəndə biz onun müqaviləsinə xitam verilib-verilməməsi məsələsinə qayıdacağıq. Hüquq-mühafizə orqanları işə qarışandan sonra mənim heç bir addım atmaq səlahiyyətim yoxdur. Onun əməllərində cinayət tərkibi varsa, əlbəttə bunu hüquq-mühafizə orqanı qiymətləndirəcək, o da hər bir Azərbaycan vətəndaşı kimi məhkəmə qarşısında cavab verəcək. Onun şəxsi həyatı və işdən sonrakı fəaliyyətinin bizə heç bir aidiyyəti yoxdur. Bu, mədəniyyət sahəsinə aid hadisə deyil, bir insanın keçmişdə olmuş və ya işdən sonrakı həyatında baş verənlərdir. Bu görüntülərdə, danışıqlarda kitabxana fəaliyyəti, mədəniyyətlə bağlı heç bir söhbət yoxdur. Bu xanım bizdə sadəcə kitabxana direktorudur. Onun kitabxana fəaliyyəti ilə bağlı istənilən suala cavab verə bilərəm və deyirəm ki, bu sahədə fəaliyyəti mənfidir. Onun fəaliyyəti ilə bağlı monitorinq aparılıb, səriştəsizliyi və bacarıqsızlığı üzə çıxıb”.
Sevinc Babayevanın bir ilə yaxındır rəhbərlik etdiyi Sabir adına Kitabxanadan isə bildirilib ki, o, ürəyində problemlər olması səbəbindən iki gündür işə çıxmır.
“Azərbaycanda bütün vəzifələr pulla satılır”
“Bu məsələ məni heç təəccübləndirmədi. Hələ bir il bundan öncə çıxışımda deputat yerləri 200 min dollardan 2.5 milyon dollara qədər rüşvətlə satılır demişdim”.
Bunu AzNews.az-a Milli Məclisin sabiq sədri Rəsul Quliyev Gülər Əhmədova olayına münasibət bildirərkən deyib.
R.Quliyevin bildirdiyinə görə, Azərbaycanda təkcə deputat deyil, bütün vəzifələr pulla satılır: “Tək deputat yerləri yox, nazirlərdən tutmuş, məktəb direktorunun müavininə qədər bütün vəzifələr satılır. Burada təəccüblü heç bir şey yoxdur”.
Informasiya şöbəsi