Vəkillər rüşvət qalmaqalından danışdı

«Buna dərhal reaksiya verilməli və cinayət işinə başlanılmalıdır»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı qalmaqalı dərinləşib. Xatırladaq ki, bir necə gün əvvəl E.Abdullayev müraciət yayaraq, 2005-ci ilin parlament seçkiləri ərəfəsində deputat seçilmək üçün G.Əhmədovaya 2 milyon dollar verdiyini və bunu sübut edən videomaterialın olduğunu açıqlamışdı. Artıq videomaterial internetdə yayılıb və bununla bağlı müxtəlif reaksiyalar olub.
Məsələyə hüquqi qiymət verən hüquqşünas Müzəffər Baxış rüşvət yox, dələduzluq faktında söhbətin getdiyini deyir. Çünki bu və ya digər şəxsi Milli Məclisə deputat seçdirmək qanunda heç kimin səlahiyyətinə aid deyil. Ortada dələduzluq cinayəti var. Bu, etibardan sui-istifadə və aldatma yolu ilə kiminsə əmlakını mənimsəməkdir: “Burda heç kimi rüşvət almağa görə cinayət məsuliyyətinə cəlb etmək olmaz. Çünki rüşvət almaya görə o şəxslər cinayət məsuliyyətinə cəlb edilir ki, rüşvət alıb özünün səlahiyyətinə aid məsələləri qanuni, ya qanunsuz şəkildə həll edir. Azərbaycanda da Milli Məclisə deputat seçmək yalnız həmin ərazidə yaşayan seçicilərin səlahiyyətinə aiddir”.
Ekspertin sözlərinə görə, qeyd olunan əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə tövsif olunmalıdır. Əgər fakt sübut olunsa, Gülər Əhmədovadan tutmuş pulun gedib çatdığı ən yuxarı eşelona qədər olan şəxslər həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır.
Ekspert hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəllənin 209-cu maddəsinin tələblərinə görə, əgər cinayətin törədilməsində Milli Məclisin deputatının adı hallanırsa, Azərbaycan respublikası baş prokuroru buna dərhal reaksiya verməlidir və dərhal cinayət işinə başlamalıdır. AslanÿIsmayılov:

“Bu, Azərbaycanda baş verən milyonlarla rəzalətin bir hissəsidir”

Tanınmış vəkil Aslan Ismayılov Azərbaycanda hüququn olmadığını, ölkənin qanunlarla yox, korrupsiya və rüşvətxorluqla idarə olunduğunu deyir. Artıq bu ölkədə məsələyə hüquqi qiymət verməkdən keçib: “Sosial şəbəkələrə, qəzetlərə, Əli Həsənovun və digərlərinin münasibətinə baxmışam. Sadəcə adam bu ölkədə yaşadığı üçün utanır. Bu ölkədə nələrin baş verdiyini bilirdim. Amma bu qədər rəzalətin, biabırçılığın olduğu, dövləti alverçilərin idarə etdiyi bir daha sübut olundu. Ola bilsin diski saxta çıxartdılar. Bu ölkədə onu edərlər. Gördüyümüzdən də pis keyfiyyətli videogörüntüyə görə qonşu Gürcüstanda 2 nazir istefa verdi, türmə rəisi başda olmaqla 10 nəfərdən çox insan həbs edildi, prezident Saakaşvili canlı yayımda vətəndaşlarından üzr istədi. Əli Həsənovun deməsi ki, buÿ məlumatı yayan qeyri-ciddi adamdı, artıq bunun başlanğıcıdır. Ancaq orda olan faktlar məndə heç bir şübhə doğurmur. Bu, Azərbaycanda baş verən milyonlarla rəzalətin bir hissəsidir.
Azərbaycan dövlətinin təhlükədə olduğunu deyən A.Ismayılovun sözlərinə görə, baş verən hadisə Azərbaycanın idarəetmə sistemində, məhkəmə, qanunverici, icra hakimiyyətində hər gün baş verən alverin bir hissəsidir: “Dövlətçilik təhlükədədir, bunu hamı – vəzifədə olanlar da, kasıblar da, ziyalıda, savadsız da anlamalıdır. Iqtidar da anlamalıdır, müxalifət də. Biz artıq qırmızı xətti də keçmişik”. Vəkil rəsmilərin məsələ ilə bağlı mövqeyinə də toxundu: “Elşad Abdullayevin qeyri-ciddi adam olduğunu deyirlər. Mənim bu barədə on il əvvəl, hələ San-Marino universiteti olanda müsahibələrim olub. O cümlədən ”Azadlıq” radiosunda baş prokuror Zakir Qaralova müraciətim var ki, Beynəlxalq Universitet tələbələrin evini yığan alver mənbəyidir. Amma mən çıxış edəndə Elşad Abdullayev Ali Attestasiya Komissiyasında hüquq komissiyasının sədri idi. Yəni son 5 ildə hüquqla bağlı alimlik dərəcəsi alanlar bunu Elşad Abdullayevin xeyir-duası ilə alıb. Indi çox hay-küy salıb Elşad Abdullayevi pisləməsinlər. Indi Elşad Abdullayev barədə heç nə demirəm. Elşad Abdullayev insandı və olan halı da ortaya qoyub. Burda şikayətçinin cinayətkar, müsbət, mənfi xarakterizə olmasının heç bir əhəmiyyəti yoxdu”.
Telekanalların məsələyə toxunmadığını deyən vəkil ölkədə azad televiziyanın olmadığını vurğuladı: “Bir telekanal bu barədə fikir bildirmir. Sahiblərinin göstərişini gözləyirlər ki, kimin üzünə dursunlar. Biz nə qədər əxlaqdan uzaq düşmüşük. Artıq versiyalar qururlar ki, bu necə saxtalaşdırılıb. Buna sözüm yoxdu. Bu, dövlət üçün təhlükədir. Dövlət təhlükədədirsə, fərd olaraq hər bir vətəndaş təhlükədədir”.
Azərbaycanda ÿmandat alınıb-satıldığının hər kəsə bəlli olduğunu deyən vəkil heç kimin qanunu yolla parlamentə düşmədiyini da qeyd etdi: “Onsuz da hamı bilir ki, mandatlar alınıb satılır. Hələ Nemət Pənahlı birinci dəfə siyahını dərc edəndə hamıya bəlli oldu ki, hamı siyahı ilə keçir. Bunu komissiya sədrləri də, Məzahir Pənahov da bilir. Bir nəfər parlamentdə çıxıb deyə bilməz ki, mən seçilmişəm. Dörd dəfə parlament seçkisində iştirak edən adam kimi bunu dəqiq bilirəm. Son olaraq təkrar edirəm Nigar Yaqublunu həbs edən, bu barədə bəyanat verən Z.Qaralovun, R.Usubovun cəsarətini bu məsələdə niyə görmürük? Hamımız əxlaqdan danışırıq. Yaponiyada adı korrupsiyada hallanan maliyyə naziri dərhal intihar etdi. Bizimkilər isə hələ hədə-qorxu gəlirlər. Bax, bu, əxlaqsızlıqdır”.

Fizzə