Hakimiyyət çıxılmaz durumda; Demokratik düşərgədən tələblər gəldi; Prokurorluq işə qarışdı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin deputat seçilməsi Gülər Əhmədovaya rüşvət verməsi barədə video gündəmə bomba kimi düşüb. Məlumat üçün qeyd edək ki, sözügedən video ilk olaraq “Azadlıq” qəzetinin veb-səhifəsində yayılıb. Videoda əks olunan E.Abdullayev, G.Əhmədova və vasitəçi Xətai rayonundakı Sabir adına kitabxanın direktoru Sevinc Babayevanın dialoqunda Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı hallandırılıb.
Geniş rezonansa səbəb olan və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən videoya təbii ki, ilk olaraq G.Əhmədova reaksiya verib.
Gülər Əhmədova prokurorluğa müraciət etdi
O, xəbər portallarında dərc etdirdiyi açıqlamada bildirib ki, E.Abdullayev rəhbərlik etdiyi universitetdə baş verənlərlə bağlı ona kifayət qədər müraciət edənlərin, onda çoxlu sayda belə materialların olduğunu bilir, bu səbəbdən də qisas alır.
G.Əhmədovanın sözlərinə görə, o, eyni situasiyanı sabiq səhiyyə naziri Əli Insanovun həbsindən sonra da yaşayıb: “Əli Insanov həbs olunandan sonra Elşad Abdullayev məni 3 dəfə məhkəməyə verib. O bilirdi ki, mən 2002-ci ildə uşaq alveri ilə bağlı məsələ qaldırmışdım. Bundan yayınmaq üçün ona başa salmışdılar ki, məni indidən məhkəməyə verib, ona şər atdığımı iddia etsin. Yəni bu mənim üçün ilk hadisə deyil. Bu halı bir dəfə yaşamışam. Bu da ikinci hadisədir. Mənim üçün fərqi yoxdur. Mən materialları da yayıram, göndərirəm. Indi belə etməklə özü başa saldı ki, hansı dərəcədə günahkardır. Mən güman edirdim ki, o, bəlkə camaatın pulunu qaytaracaq. Çünki evi əlindən alınan, döyülüb gözü çıxarılan, intihar edən gəlinlər olub orada. Bunların hamısını açıqlayacağıq. Elşad Abdullayev nə edirsə etsin, dəxli yoxdur”.
Deputat deyib ki, onun E. Abdullayevə bəzi sualları da var: “Birinci, onda bu qədər pul hardandır? Əgər bu pulları leqal biznesdən qazanıbsa, onda vergisi hanı? Orqan mafiyasının başçısı daha neyləməlidir ki?”.
G. Əhmədova görüntüləri izləyib-izləməməsi, hansı hissəsinin montaj olduğu barədə suala isə belə cavab verib: “Əsəbimdən əməlli-başlı baxa bilməmişəm. Bircə başlıqları oxuya bilmişəm. Bütün gecəni isə bizdə olan materialları toplamışam. Ən çox baxdıqlarım sosial şəbəkələrdəki statuslar idi”.
Deputat video görüntünün çəkildiyi vaxtla bağlı suala konkret cavab verməyib: “Bir ayın içində mənim 40-50 cür video və foto görüntülərim ola bilər. Bu video isə neçə il əvvəlin görüntüsüdür. Bəlkə haradasa olanda çəkilib, yaxud da montaj olunub. Bu məsələləri hələ özüm araşdırmamışam. Bunları araşdırandan sonra bu suallara bir-bir cavab verəcəyəm. Mən heç vaxt suallardan qaçmıram. Onun danışıqlarından belə başa düşürəm ki, orda deputat seçkiləri-filan deyir, qardaşı ilə bağlı danışır. Yəqin, 2000-ci illərin əvvəllərindən söhbət gedir”.
G.Əhmədova artıq prokurorluğa müraciət etdiyini və E.Abdullayevlə bağlı materialları göndərdiyini deyib.
Deputat üzvü olduğu partiyadan və Milli Məclisdən bu görüntülərə hansı reaksiyanın verildiyi barədə suala isə qısa cavab verib: “Mənə heç kim heç nə deməyib”.
Zakir Qaralov rüşvət videosunu araşdırmağa göstəriş verdi
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”a göndərdiyi məlumatda qeyd edib ki, E. Abdullayevin G.Əhmədova ilə bağlı yaydığı videogörüntülərdə əks olunan məlumatların araşdırılması üçün Baş prokuror tərəfindən Bakı şəhər prokurorluğuna göstəriş verilib.
Məlumatda deyilir ki, müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq və ictimaiyyətə əlavə məlumat veriləcək.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nümayəndəsi Vüsal Hüseynov millət vəkili Gülər Əhmədova ilə bağlı internetdə yayılmış videomateriala münasibət bildirib.
APA-nın məlumatına görə, Vüsal Hüseynov videomateriala baxmasa da, məsələnin mahiyyətindən xəbərdar olduğunu söyləyib: “Mən həmin videomateriala baxmamışam, lakin məsələnin mahiyyətindən xəbərim var.
Azərbaycanda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi var. Əgər mətbuatda, yaxud ictimaiyyətdə hər hansı məlumat olarsa, onların bununla bağlı şikayəti olmalıdır, ya da həmin qurum bu məlumatlara reaksiya verməlidir. Hesab edirəm ki, belə bir məsələ varsa, aidiyyəti qurumlar tərəfindən reaksiya veriləcək”.
Əli Həsənovdan rüşvət videosuna münasibət
Məsələyə hökumət düşərgəsindən də reaksiyalar gəlib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a deyib ki, baş verənlər E.Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və mənsəb qazanmaq istəyinin baş tutmamağını göstərir: “Məlum olduğu kimi, son illər korrupsiyaya və ölkənin demokratik inkişafına maneə törədən digər mənfi hallara qarşı mübarizə daha da gücləndirilmiş və sistemli xarakter almışdır. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aidiyyəti orqanlar tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə ictimaiyyətə müntəzəm məlumat verilir. Dünən internet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır. Digər tərəfdən, həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və ”mənsəb” qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir. Hakimiyyətin bu tipli hallara münasibəti ondan ibarətdir ki, əyri yollarla vəzifə almaq və yaxud seçkili orqanlarda təmsil olunmaq istəyən insanların niyyəti baş tutmayıb, tutmur, tutmayacaq və belələri gec-tez cəmiyyət qarşısında ifşa olunacaqlar”.
Əli Həsənov onu da əlavə edib ki, müvafiq orqanların internetdə yayılan bu materialla əlaqədar lazımi tədbirlər görəcəyinə şübhə etmir.
YAP-çılar nə düşünür?
“Internetdə yayılan video Gülər Əhmədova və Elşad Abdullayev arasında baş verən məsələdir”. Bunu isə Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib. S.Novruzov bildirib ki, tərəflər bu məsələyə məhkəmədə aydınlıq gətirə bilərlər: “Düzdür, Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvüdür. Ancaq bu məsələnin Yeni Azərbaycan Partiyasına dəxli yoxdur. Bu, iki nəfərin arasında baş verən məsələdir, məhkəməyə müraciət edib aydınlıq gətirsinlər”.
S.Novruzov internetdə həmin videoya baxıb-baxmaması, videonun həqiqiliyinə inanıb-inanmaması barədə sualı isə cavablandırmayıb: “Mənim o videoya baxıb-baxmamağımın məsələyə dəxli yoxdur. Məhkəməyə müraciət etsinlər, buna aydınlıq gətirsinlər”.
Rektor videonun montaj olmadığını deyir
E.Abdullayev AzadlıqRadiosuna danışıb. O, G.Əhmədovanın video görüntünün montaj edilməsi haqda dediklərinə belə münasibət bildirib: “Bu boyda montaj olar?! Bu adamlar öyrəniblər hamıya şər atmağa. Gündə insan hüquqlarından, demokratiyadan danışırlar, ancaq… Mən özüm YAP-çı olmuşam, Heydər Əliyevi dəstəkləmişəm. Amma indi baxıb görürəm ki, ölkə nə gündədir. Adam oğurluğu ilə məşğul olanlar bu gün hakimiyyətdə oturublar”.
E.Abdullayevin vəkili Adil Ismayılov “Azadlıq”a deyib ki, rektor həmin görüntüləri rəsmi qaydada Respublika Prokurorluğuna, Prezident Administrasiyasına və G.Əhmədovanın özünə göndərib. “Sonuncu dəfə bu materiallar avqustun 18-də Baş Prokurorluğa göndərilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsinin rəisi Eldar Əhmədovun imzası ilə belə bir cavab gəlib: ”Müraciətiniz daxil oldu və cinayət işini əlavə edilib(söhbət Mahir Abdullayevin itkin düşməsilə ilə bağlı cinayət işindən gedir), istintaqın gedişində araşdıralacaq”. Vəkilin sözlərinə görə, həmin müraciətlərdə E.Abdullayev heç də G.Əhmədovanın həbsini tələb etməyib. Sadəcə bu məsələnin araşdırılıb, nəticədən asılı olaraq təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyib. Rektor onu da qeyd edib ki, əgər haqsız çıxarsa, bilə-bilə böhtan atmağa görə məsuliyyət daşımağa hazırdır.
A.Ismayılov əlavə edib ki, Baş Prokurorluq araşdırmadığından eyni məzmunlu müraciət Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərova göndərilib: “Həmin müraciətin sonunda zəruri qeyd kimi əlavə olunub ki, əgər yenə araşdırılmasa, məsələ ictimailəşdiriləcək. Yeri gəlmişkən, Elşad Abdullayev bunu mətbuatda yaydığı bəyanatda da vurğulamışdı”.
Gülər Əhmədovanın “həmin görüntülər montaj olunub” fikrinə gəlincə Adil Ismayılov deyib: “O video çəkiləndə mən orada olmamışam. Mən də sizin kimi o videoya baxmışam. Mənim üçün çətindir nəsə demək. Yəqin bunun üçün mütəxəssis olmaq lazımdır”.
Gülər Əhmədovanın qabaqlayıcı tədbiri
G.Əhmədova ilə bağlı videodan sonra yeni video yayılıb. Həmin videoda deputatın rəfiqəsi, vasitəçi olmuş Sevinc Babayeva E.Abdullayevi ittiham edir. Video G.Əhmədovanın köməkçisi Əhməd Şahidovun “Youtube” portalındakı səhifəsində yerləşdirilib. Videoda S.Babayeva özünü Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hüquqşünası Məmməd Zeynalova zərərçəkən kimi təqdim edərək E.Abdullayev tərəfindən aldadıldığını iddia edir.
M.Zeynalov “Azadlıq”a açıqlamasında bildirib ki, S.Babayeva və videoda əks olunan digər qadınlar 3 gün əvvəl Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğluya müraciət edib. “Novella xanım onları mənim yanıma göndərib. Açığı onlar danışarkən mən hiss elədim ki, bu təşkil olunmuş işdir. Danışığı videoya çəkdirmələri də məndə şübhələr oyatmışdı. Onlar Elşad Abdullayevdən şikayət edirdilər. Uzun illərin söhbətlərini danışırdılar. Mən də onlara bildirdim ki, əgər danışdıqları ilə bağlı əllərində faktlar varsa prokurorluğa müraciət etsinlər. Prokurorluq araşdırma aparmasa onda biz onların hüquqlarını müdafiə edə bilərik”.
N.Cəfəroğlu qəzetimizə M.Zeynalovun dediklərini təsdiqləyib: “Mən o qadınlarla ayaqüstü söhbət etmişdim. Deyirdilər ki, hüquqlarımız pozulub. Mən onları bizim təşkilatın hüquqşünası Məmməd müəllimin yanına göndərdim. Çəkilişdən xəbərim olmayıb. Amma onlarla danışanda hiss eləmişdim ki, burada nəsə qaranlıq məsələlər var”.
İctimaıi Palatadan bəyanat
İctimai Palatanın Koordinasiya Şurası məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, G.Əhmədova və E.Abdullayev arasında axırıncının rüşvət müqabilində parlamentə deputat edilməsi barədəki video- sənəd cəmiyyətdə ciddi rezonansa səbəb olmuşdur.
Həmin videosənəddə G.Əhmədova tərəfindən parlamentin seçkilərlə deyil, rüşvət müqabilində tərtib olunan və dəyişdirilə bilən prezident siyahısı əsasında müəyyənləşdirildiyi açıq aydın ortaya çıxır. Habelə, Parlamentin rəhbər orqanlarına vəzifələrə təyinatın rüşvət əsasında aparıldığı göstərilir. Məlum olur ki, seçkili dovlət orqanlaını xalq yox, siyasi işbazlar və qruplar tərəfindən müəyənləşir və belə qruplar bir neçədir. Bundan başqa son dövrün ən mühüm proseslərindən olan Insanov, Fərhad Əliyev işinin siyasi xarakterli olduğu təsdiqlənir və digər olduqca əhəmiyyətli məsələlər meydana çıxır.
Beləliklə çox məsuliyyətli bir dövrdə vətənin, xalqın, dövlətin taleyinin necə bir təhlükəli əxlaqi, mənəvi mahiyyətə malik bir qüvvənin əlində olduğu faktı ilə üz-üzə qalmışıq.IP KŞ hesab edir ki,bu cür tərtiblənmiş hər hansı orqan, azərbaycan xalqını iradəsini ifadə edə bilməz. Xatıladılır ki, 2005- ci il seçkilərinə aid Avropa Məhkəməsində 20- dən çox qərar çıxarılmışdı və bu çür parlamentlər legitim sayıla bilməz.
Yaranmış vəziyyətdən çıxış yolu seçki sistemində demokratik islahatlara nail olmaqla Milli Məclisin indiki tərkibinin istefaya getməsi və yeni parlament seçkilərinin keçirilməsidir. IP KŞ yaxın müddətdə bu çox ciddi siyasi korrupsiya faktının geniş ictimai müzakirəsini zəruri hesab edir və bu məqsədlə dinləmələr təşkil edəcəyini bildirir. Seçki korrupsiyası faktı üzrə hakimiyyət orqanlarının atacağı addımlar diqqətlə izlənir və vəziyyətə uyğun digər tədbirlər həyata keçiriləcəkdir.
Informasiya şöbəsi