“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını guya külli miqdarda rüşvət almaq adıyla şərləyib həbsə atdırmaqda hakimiyyətin tapşırığını yerinə yetirən deputat Gülər Əhmədovanın yayılmış məlum videosu ilə bağlı xəbərlərin az qala 99 faizi xəbər saytlarında, sosial şəbəkələrdə bu başlıqla yayılıb: “Gülər Əhmədovadan şok görüntülər!..”.
Burda şok edəcək nə var anlamıram. Sanki bu, Azərbaycanda, YAP hakimiyyəti çağında ağla gələn, adamın yuxusunda belə görə, eşidə, qarşılaşa biləcəyi şey deyilmiş. Təxminən Gürcüstandakı işgəncə faktı kimi. Yüz faiz burada erməni lobbisinin murdar barmağı var ki, Ramiz Mehdiyevi, Ilham Əliyevi gözdən salsınlar. Adam deyir: “Sən nə danışırsan, mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam”. Yəni bu bazarda hərənin bir siyahısı var, hərə bir dəfə pozdurur, düzəltdirir, yekunda da millətimiz üçün xeyirli-uğurlu olsun!
Video boyu hakimiyyət xanımı Gülər Əhmədova, özünü ən “blatnoy” şəkildə aparır. Tez-tez əsəbiləşir, kreslosundan qalxır, “mən gedirəm” deyir: “Seva, ya vsyo skazala…” və söhbətin çiyliyindən əsəbiləşir: “Bura bax, qardaş, mənim belə ”razborka”lardan yaxşı başım çıxır!..”. “Sən dedin 500, mən də 500 verdim? (Elşad Abdullayev). ”O rəqəm dörd ay bundan qabaq deyilib” (Gülər Əhmədova). Balam, benzinin qiyməti qalxıb, dörd ay az vaxtdı bəyəm? Bax, buna deyirlər “xodovoy bazar”. Yəni alver ki xod getdi, adam müştərinin gözünü basıb çıxarır. Özünü yırtıb-dağıtsan da, deyir, bir qəpik düşmərəm ki, düşmərəm, xoşundu al, xoşun deyil, get özünə başqa alverçi tap. Başıma çox gəlib.
Bəli, burda şok yaradacaq bir şey yoxdu. Illərdi yazırıq, deyirik, hamı da bilir ki, bu hökumət hansı ölçülərlə işləyir. Kilometri dəyişib Avropa standartı ilə mil eləmək istəyirlər. Guya bununla Avropa olacağıq. Qardaş, sən rüşvəti manatla aldın, ya avro ilə, nə dəyişir ki? Dəyişən yediyinin adıdı, dadı deyil…
Zaman-zaman müxalif düşüncəli insanların orda-burda güngörməzini gizli şəkildə videoya çəkib “baxın, hakimiyyətə bu əxlaqsızlar gəlmək istəyir” və ya “baxın, bizi tənqid edən adam, görün nə işlə məşğuldu” deyə yayıblar. Müxalifətin kimisə gizli şəkildə videoya çəkmək kimi nə qayğısı, nə imkanı var. Sözü gedən videonu isə çəkən də, çəkilən də hakimiyyətin özüdü. Özləri öz ayıblarını açıblar. Bilmirsən bu videoya nə ad verəsən ki, bu əxlaqsızlığı doğru-düzgün ifadə eləyə bilsin. Yoxdu o söz, vallah yoxdu. Varsa da yazılası deyil. Bundan sonra hakimiyyətdə qala bilmənin də adını tapmaq və yazmaq mümkün deyil.
Videoda Gülərin dirənişləri heyrət doğurur. “Mən sənə 1 (bir milyon manat – R.) deməmişdim, Seva?”. “Hə, elədi, ancaq dedim yəni beş yüzü versin, sonra da qalanını verər…”. Nə “bir”, artıq məsələ gecikib, indi heç bir də işə yaramır. Bu, o boyda prezidentə seçki siyahısını pozdurtdurduğunu deyir, o isə beş yüzün söhbətini eləyir. Belə şey olarmı? A bala, eşitmirsən nə deyir? Deyir ki: “Bu siyasətdir, nala-mıxa vurmaq olmaz. Alverdə nala-mıxa vura bilərsən, siyasətdə olmaz. Bunun cəzası ağır olur. Əli Insanov, Fərhad Əliyev kimi adamlar bunun cəzasını gördü. Nə sən onlardan artıqsan, nə mən. Nə sənin pulun onlardan çoxdur, nə mənim; Bu, siyasi məsələdir, hakimiyyət məsələsidir…”.
Vallah, nə deyirsiz deyin, bu video bu videoya Əhmədovanın yardımçısı Əhməd Şahidovdan gələn açıqlamadan daha abırlıdı. Əsil şok o açıqlamadı. Sən demə, Gülər Əhmədova seçicilərinin hüquqlarını qorumaq üçün gedibmiş Elşadla görüşə! Yeri gəlmişkən, ömrümdə ilk dəfə Siyavuş Novruzovun utandığını hiss elədim… Bax, şok buna deyərəm.
Eh, nə isə, gözəl xalqım, belə əyləncəli filmlərə bax, sonra şahid nağıllarını dinləyib yat ki yatasan! Yuxun şirin olsun. Lay-lay-lay…

“Gülər Əhmədovadan şok görüntülər”dən daha şok!..
•
•