Azərbaycanda istehsal olunan buğda heç mal yemi kimi də yaramır
Vahid Məhərrəmov: “Bu buğda keyfiyyətinə görə çörəkbişirmə üçün istifadə edilən 1, 2 və 3-cü, hətta 4-5-ci sinif buğda standartına uyğun gəlmir”
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, buğda, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad edilib. Qərar sentyabrın 24-də qüvvəyə minib və 1 il müddətində qüvvədədir. Müvafiq qurumlar ölkədə taxıl ehtiyatının kifayət qədər olduğunu desə də, buğdanın ƏDV-dən azad edilməsi bunun əksini deməyə əsas verir.
Baxmayaraq ki, kənd təsərrüfatı naziri Ismət Abbasov dəfələrlə kifayət qədər böyük rəqəmlər açıqlayaraq ölkənin taxıl ehtiyatının olduğunu və taxıla ehtiyacın olmadığını deyib. Ancaq indi, görünür, hökumət unun və çörəyin bahalaşacağından ehtiyat edərək bu addımı atıb.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov rəsmilərin verdiyi məlumatların reallıqla üst-üstə düşmədiyini deyir. Ekspertin sözlərinə görə, Azərbaycanda istehsal olunan buğda çörəkbişirmədə istifadə oluna bilməz. Bu buğda keyfiyyətinə görə çörəkbişirmə üçün istifadə edilən 1, 2 və 3-cü, hətta 4-5-ci sinif buğda standartına uyğun gəlmir. Çünki istehsal zamanı aqrotexnika qaydalarına tam əməl olunmur, üzvü və mineral gübrə verilmir. Digər tərəfdən, biçimdən sonra qısa bir müddətdə taxıl qurudulmalıdır, təmizlənməlidir, çeşidlənməlidir. Əgər o proses baş verməsə, kaqulyasiya baş verir. Müəyyən yüksək temperatur nəticəsində taxıl keyfiyyətini tamamilə dəyişir. Həmin buğdadan sonradan nə çörəkbişirmədə, nə maldarlıqda, nə də quşçuluqda yem kimi istifadə etmək olmur.
Ekspert un dəyirmanlarının xaricdən gələn buğdaya üstünlük verdiyini deyir. Lakin ölkəyə 4-5 sinif buğda idxal olunur. Həmin buğdadan əksər ölkələr çörəkbişirmədə istifadə etmir. Ancaq müəyyən standartlara uyğun hazırlandığından yerli sahibkarlar bu buğdaya üstünlük verir. Xaricdən, xüsusən Qazaxıstandan, Rusiyadan alınan buğdanın dəyəri də daxildə istehsal edilən buğdanın dəyərindən nisbətən aşağıdır.
Ekspert hökumətin buğdaya ƏDV tətbiq etməklə iki məqsəd güddüyünü deyir. Birinci məqsəd büdcəyə vəsait toplamaq, ikinci məqsəd isə daxili istehsalı stimullaşdırmaqdı. Imkan yaratmaq istəyirlər ki, fermerlər istehsal etdiyi məhsulu daxili bazarda baha sata bilsinlər. Ancaq bu baş vermir. Çünki yerli fermerlər kifayət qədər keyfiyyətli məhsul istehsal edib ortaya qoya bilmirlər. Hökumət də bunu bilir. Sentyabrın 1-ə qədər Dövlət Taxıl Fondu keyfiyyətli buğda qəbul etməli idi. Ancaq bu baş vermədi. Hökumət anlayır ki, Azərbaycan üçün çətin durum yarana bilər: “Dünya bazarında taxılın miqdarı azalıb. Hökumət Taxıl Fondu yaradanda ora 250 min ton buğda qəbul etməyi planlaşdırırdısa, indi bu həcmi 500 min tona çatdırıb. Bunun da səbəbi ölkədə buğdanın az olmasıdır. Problem ciddidir və hökumət onun həlli ilə məşğul olmur. Nə qədər bu millətə mal yemi üçün nəzərdə tutulan 4-5 sinif buğdanı yedirtmək olar. Nə qədər səmərə verməyən istehsalı stimullaşdırmaq olar. Bu sahəyə hər il 110 mln. manat subsidiya ayrılır. Görünür, hökumət aparılan siyasətin səmərə vermədiyini anlayır. Indiyə qədər aparılan aqrar siyasət, daxili istehsalı qorumaq məqsədi ilə yürüdülən siyasət nəticəsiz qalıb”.
Fizzə