Rüşvət videosundakı “Seva”nın üz tutduğu hüquqşünas danışdı

Millət vəkili Gülər Əhmədova ilə bağlı rüşvət sövdələşməsini əks etdirən video materialda görüntülənən və “Seva” kimi müraciət edilən Sevinc Babayeva medianın diqqət mərkəzindədir. Qeyd edək ki, Elşad Abdullayev Gülər Əhmədovaya rüşvəti Sevinc Babayevanın vasitəsi ilə çatdırdığını bildirir.

Bu gün isə S.Babayevanın E.Abdullayevə qarşı video-müraciəti yayımlanıb.

Həmin videoda özlərini zərərçəkmiş kimi təqdim edən qadınlar D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hüquşünası Məmməd Zeynalova E.Abdullayev tərəfindən aldadılmaları barədə şikayət ediblər.

Məmməd Zeynalov «Teleqraf com»a açıqlamasında qadınların onunla görüşünü təsdiqlədi: «Həmin qadınları yanıma Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu göndərmişdi. 5 gün öncə gəlmişdilər yanıma. Onları dinlədim. Açığı, heç nə başa düşmədim. Qadınlardan ikisinin, xüsusilə də, Sevinc Babayevanın qeyri-səmimi olduğunu hiss etmişdim. Görünüşlərindən də gözüm su içmirdi. Şikayətləri əsassız idi. Vaxtılə Elşad Abdullayeva tələbə qəbulunda kömək etdiklərini deyirlər. Burada qanunsuz nə var ki? Xarici ölkələrin universitetləri Bakıda təhsil yarmarkaları keçirirlər və hətta imtahansız tələbə qəbulu həyata keçirirlər. Kimsə bu prosesdə iştirak edirsə, burada qanunsuz heç nə yoxdur. Bu gün səhər bildim ki, Sevinc Babayeva Elşad Abdullayevdən rüşvət alınması prosesində iştirak edib».

M.Zeynalov hesab edir ki, həmin qadınları öyrədərək yanına göndəriblər: «Onların özlərini aparmaqları, kameraya çəkilmələri məndə şübhə doğurmuşdu. Onları ya öyrətmişdilər, ya da yıxılana balta çalmaq istəyiblər. Şəxsən, mən onların problemlərinin həlli yolunu görmürəm. Qarışıq danışırdılar».