YAP siyasi şurasının üzvü, deputat Gülər Əhmədovanın sosial şəbəkələrdə, o cümlədən, elektron KİV-lərdə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə rüşvət müqabilində parlamentə düşəcəyinə dair yayılan video görüntülər cəmiyyətdə şok effekti yaradıb.Bu barədə Müsavat Partiyasından yayılan press-relizdə bildirlir.
Məlumatda qeyd olunur ki, videogörüntülərdə bir universitet rektoru, bir deputat və bir kitabxana müdiri arasında Milli Məclisə deputat seçilməsi ilə bağlı pul sövdələşmələrindən söhbət gedir. Həmin danışıqlarda küllü miqdarda pul müqabilində deputat seçilmək üçün universitet rektorunun adının prezident aparatının hazırladığı siyahıya salınacağı vədi verilir.
Bu videogörüntülər Azərbaycan parlamentinə seçkilərin saxta keçirildiyi, parlamentə düşəcək namizədlərin siyahısının seçkilərdən öncə ali icra hakimiyyəti tərəfindən hazırlandığı, hakimiyyətə sərf edən adamların parlamentə seçdirilməsi ilə bağlı ictimai rəyi, Müsavat Partiyasının və digər müxalifət qüvvələrinin mövqeyinin həqiqət olduğunu bir daha təsdiq etdi. Təsdiq olundu ki, korrupsiya və rüşvətxorluq təkcə ölkənin iqtisadi həyatını yox, siyasi idarəçilik sistemini də bürüyüb.
Videoda əks olunanlar Müsavat Partiyasının, İctimai Palatanın, eləcə də, digər müxalifət qüvvələrinin Azərbaycanda saxtakarlıqla formalaşdırılmış qeyri-legitim parlamentin buraxılması, təcili seçki islahatları və ardınca yeni parlament seçkilərinin keçirilməsi tələbini yenidən aktuallaşdırır.
Müsavat Partiyası hakimiyyətdən parlamentin buraxılmasını və Milli Məclisə azad, ədalətli seçkilərin keçirilməsini tələb edir.