Flora Kərimova Nigarın müdafiəsinə qalxdı

Müğənni Flora Kərimova Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvü Nigar Yaqublunun həbsinə münasibət bildirib.

Sentyabrın 26-da “Media forum” saytına danışan Flora Kərimova deyib ki, heç bir xanımın həbs edilməsinin tərəfdarı deyil: “Ortalıqda cəmiyyəti alt-üst edəcək bir cinayət yoxdur. Ona görə də Nigarın həbsdə saxlanması doğru deyil. Hər bir qadın bu cəmiyyətin namusudur. Qadına aid olan bütün halları ayrı-ayrı araşdırmaq, kökünə varmaq lazımdır. Nigar gənc bir xanımdır. Onu həbsdə saxlamaq nə dərəcədə düzgündür?
 
Düzdür, bu qəza nəticəsində bir ailənin başçısı dünyasını dəyişib. Ancaq Nigar bunu bir hədəf kimi qarşına qoymamışdı. O qəzada özünün də ölmək təhlükəsi vardı. Bunu da nəzərə almaq lazımdır. Burada heç bir düşmənçilik yoxdur. Həbs Nigarın psixikasına mənfi təsir edə bilər. Bir qadın kimi bunun düzgün olmadığını düşünürəm. Ölkəmizə yaraşmaz bu.
 
Təbii ki, qəzanın cəzası olmalı idi. Amma qızın həbsdə saxlanması düzgün deyil. 2 ayla iş bitsəydi, bir az rahatçılıq olardı. 2 aydan sora başqa mərhələlər gəlsə, bizə ayıb olsun. Bu, Allahın işidir. Bu qəza olmalı idi və oldu. İnsanın əcəli gəlməli idi, gəldi. Nigarın əli ilə gəldi. Bu uşaq Tanrının yazısını necə dəyişə bilərdi? Hər birimiz bacardığımız qədər səy göstərməliyik ki, o qız iki aydan sonra azadlıqda olsun, onun psixologiyası, gələcək həyatı pozulmasın”.
 
Flora Kərimova vurğulayıb ki, alternativ variantlardan birinə üstünlük vermək daha doğru olardı: “Qanun həbs qətimkan tədbirini başqa bir qərarla əvəz etməyə icazə verir, amma bunu tətbiq etmirlər. Nigara qarşı bu münasibət insafsızlıqdır. Nə üçün alternativ addımlar dəyərləndirilmir? Məhkəmə fərqli qərar versəydi, bu hətta müxalifətlə iqtidarın barışığına, ünsiyyətinə də kömək edə bilərdi. Amma əksini etdilər və uçurumu daha da dərinləşdirdilər. Bu uçurum adamın ürəyini ağrıdır. Belə olmaz”.

***

Bu arada Ombudsman Elmira Süleymanovanın nümayəndələri Bakı İstintaq Təcridxanasında Nigar Yaqublu ilə görüşüblər.

Nigar Yaqublu saxlanma şəraitindən və onunla rəftardan şikayəti olmadığını, vəkilləri ilə görüş üçün ona lazımi şərait yaradıldığını, qəzetləri almaqda heç bir problem yaranmadığını söyləyib. O ailəsi ilə görüş üçün işi aparan müstəntiqə müraciətlərinin nəticəsiz qaldığını bildirib və bu məsələnin həllində yardımçı olmağı istəyib. Ombudsman Aparatından “Media forum” saytına verilən məlumata görə, Elmira Süleymanova görüşə imkan yaradılması məqsədi ilə Abşeron rayon prokuroruna müraciət edib.