Kama adlı istifadəçi mövzumuzla bağlı “qafqazinfo” saytında gedən yazıya belə şərh yazıb: “Deyirəm nə ağıllıdırlar ee… Bəs xaricdəki maaşları da öyrənsinlər də… 143 manatı bilmirəm hansı dərdimə verim… Qızımı məktəbə aparmaq üçün 1 rüsum, özüm işə gəlmək üçün 1 rüsum… asfalta pul ödəməliyəm? Kefdədilər e bu kresloda əyləşənlər! Bunlara 1 stop deyən olacaq, ya yox!!!”.
Hə, söhbət Bakıda bəzi küçələrə avtomolillər üçün girişin pullu olacağından gedir. “MBA Consulting” şirkətinin direktoru Nüsrət Ibrahimov “Exo” qəzetinə bildirib ki, Içərişəhərə pullu giriş təcrübəsi Bakının başqa tünlük küçələrinə də tətbiq oluna bilər: “Gələcəkdə bu təcrübə Bakının bütün mərkəzi hissəsinə aid ola bilər. Yəqin ki, rəsmi şəxslər xarici ölkələrdə bu sistemin necə işlədiyini öyrənirlər və tədricən bu sistem Azərbaycanda da tətbiq olunacaq. Çünki şəhərin mərkəzindəki tıxaclarla mübarizənin başqa üsulu yoxdur”.
Bəli, bütün Bakını smeta dəyəri milyonlarla ölçülən zövqsüz, keyfiyyətsiz körpü və keçidlərlə, yolötürücülərlə barmaqlarına dolayandan sonra bunlara aydın olub ki, yox, şəhərin mərkəzindəki tıxaclarla mübarizənin camaatdan pul yığmaqdan başqa yolu yoxdur. Ümumiyyətlə, nə olur-olsun, bu hakimiyyət bütün sorunların həllini sonunda camaatı talamaqda görür. Yəni bütün düşüncələrinin sonu pul sözcüyü ilə tamamlanır. Neynirlər eləsinlər, əsas məsələ talamaqdı. Əvvəl camaatı talamaq, bununla büdcənin pərsəngini düzəltmək, sonra da təkrarən büdcəni talamaq. Talançılıqdan başqa siyasətin olmaması buna deyirlər, başqa şeyə yox.
Maraqlıdı, bütün körpü və keçidlərin üstünə qızılı hərflərlə “Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin sərəncamı ilə tikilmişdir” sözlərini yazanlar, indi hansısa bilet daxil eləmə aparatlarının üstünə nə yazacaqlar? Yazacaqlar ki, bu işdən Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin xəbəri yoxdu, ya nə? Bəlkə “onun sərəncamı ilə sizin rahatlığınız naminə” sözlərini həkk edəcəklər? Mümkündü. Azadlıqdan başqa hər şeyin mümkün olduğu ölkədə bu da mümkündü: Sizin rifahınız naminə sizi talamaq!
Nüsrət qardaş bunu da deyib ki, ola bilsin, əvvəlcə giriş bileti bir gün üçün 50 qəpik olsun. Sonra qaldırılsın. Görəndə ki, tıxaclar azaldı, yollarda avtomobillərin hərəkəti azaldı, duracaqlar. Deyək ki, qiyməti 10 manata qədər qaldıracaqlar. Nə bilmək olar, tıxac problemi çözülməsə, bəlkə də 20-30 manata qədər. Bu da aya müvafiq olaraq 300-600-900 manat eləyir. Demək kasıb it balası itin ayağı Bakının əsas küçələrindən yığışacaq, bərkgedən küçələrdə ancaq bunların heyvərə maşınlarda şütüyən yalyeyənləri gəzib-dolana biləcək. Bulvara da ancaq onlar gedib çıxacaq, bir də taksiyə gücü çatanlar. Sonra yavaş-yavaş Azərbaycanda yaşamağa belə bir rüsum qoyulacaq, özü də hər halda ölkədə yaşamağın rüsumu bir küçə qədər xırda olmayacaq ki və hər ay nəzərdə tutulan məbləği ödəməyənlər cəhənnəm olub bu ölkədən qaçacaqlar. Ölkə də qalacaq bunlara. Bayquş kimi sönmüş ocaq başlarında, viranə yurd yerlərində oturub ləzzətlə ulayacaqlar.
Nə isə, bunların hamısı mümkün ola biləcək şeylərdi. Çünki bura Azərbaycan, çünki bura bir sürü görməmişin hakimiyyətə gəldiyi ölkədi.
Keçək Kama xanımın şərhinə. Yazdıqları həqiqətdi. Xaricdə hər şey maaşa, minimum əməkhaqqına görə hesablanır. Vergi də, rüsum da, cərimə də. Indi ola bilsin Kama xanımın avtomobili var. Maaşı isə cəmi 143 manatdı. Indi o düşünür ki, hər gün bu yükün altından necə çıxa bilər. Ancaq məni yandıran bu deyil. Məni şərhin son cümləsi məhv eləyir: “Bunlara 1 stop deyən olacaq, ya yox!!!”.
Az qala bu ölkədə hamı deyir bunu – bir dur deyən olacaq, ya yox. Balam, de də, sən de, mən deyim, o desin, nəticədə biz deyək, siz deyiniz, onlar desinlər. Niyə heç kim özünü şəxs hesab eləmir və ya başqalarını dədəsinin nökəri hesab eləyir, başa düşə bilmirəm. Şükür allaha, fürsət də yaranıb, qarşıdan seçki gəlir.

Bunlara 1 stop deyən olacaq, ya yox!!!
•
•