Bizim rejim haqqında Belarus sualları

Azərbaycan hakimiyyətinin özü ağılda bir neçə avtoritar rejimə qoşulub Belarusdakı seçki komediyasını “demokratik, ədalətli” adlandırmasından xəbəriniz var. Əlbəttə, bunda təəccüblü bir şey yoxdur. Əl əli yuyar, əl də üzü.
Indiyədək bizdəki “seçkilərə” Belarusdan gəlib azmı “əla” qiymət veriblər? Elə isə nə etməli idilər, Lukaşenkoya borclumu qalmalı idilər?
Mən indi tamam başqa bir mətləbin üstünə gəlmək istəyirəm.
Deyək ki, biriləri hələ də bu ölkədə necə antidemokratik bir rejimin qurulduğunu anlamaq istəmirlər…
Bu rejimin demokratiyanın bütün təməl prinspilərini əzib keçdiyini qəbul etmək istəmirlər…
Azərbaycanın çağın gerisində qalmış ölkələrin sırasına qoşulduğunu görmək istəmirlər…
Bu ölkədəki seçkilərin bir komediya, bir şou olması məsələsində bizimlə həmfikir deyillər…
Hələ də hakimiyyətin bütün bəşəri dəyərlərə sırtını döndüyünə inanmır, bunu rədd edirlər…
Ölkədə hüquq və azadlıqlara total hücum onlara hələ də bu rejimin mahiyyətini anlamaqda kömək etmir, o zaman buyurub cavab versinlər:
Bütün tərəqqipərvər dünyanın Belarusdakı “seçkiləri” bir masqara, bir rüsvayçılıq adlandırdığı, o “seçkilərin” nəticələrini tanımadığı bir vaxtda, Əliyevçi rejimin 180 dərəcə fərqli mövqe tutmasını nəyə bağlayırlar? Özünə hörmət edən heç bir ölkənin Belarusdakı seçkiyə seçki demədiyi halda, Əliyevçi rejimin onu mədh etməsini nə ilə izah edirlər?
Əgər bu rejimin doğrudan da, milli iradəyə azacıq sayğısı varsa…
Doğrudan da, hüquq və azadlıqlar onun üçün acazıq da olsa, qiymətlidirsə…
Doğrudan da, biz yanılırıq və bu rejim demokratiyaya zərrəcə hörmət bəsləyirsə, onun indi çıxıb azad, demokratik dünyayla əks-qütbdə dayanmasının izahı nədir? Belarus seçkiləri məsələsində bütün özünə hörmət edən, hüquqa, azadlıqlara hörmət edən rejimlərlə deyil, Rusiya ilə, Özbəkistanla, Qazaxıstanla bir sırada durmasının səbəbi nədir?
Buyurun, cavab verin.
Eldar Zeynalova xatırlatma
Dünənki “Bizim Yol”da hüquq müdafiəçisi Eldar Zeynalovun Nigar Yaqublunun həbsi barədə dediklərini heyrətlə oxudum.
Hörmətli Eldar bəy deyir ki, Nigarın ətrafında ictimai əks-səda yaradılmasa, hakimiyyət onun barəsində həbs qərarı çıxarmayacaqdı, bu işi güclü bir vəkil tutub sakitcə yoluna qoymaq olardı.
Mən oxşar fikri orta statistik azərbaycanlıdan eşitsəm təəccüblənməzdim, amma Eldar Zeynalov illərin hüquq müdafiəçisidir, bu ölkədə necə fürsətcil, siyasi qisasçılıq ehtirası ilə alışıb-yanan bir rejimin hökm sürdüyündən xəbərdar ola-ola bunu deyirsə, haqqım var ki, təəccüblənim. Yəni doğrudanmı, hörmətli hüquq müdafiəçisi hələ də bu rejimin mahiyyətinə bələd deyil, onu bu qədər yaxşı tanımır?
Eldar bəy!
Nigarın işindən hamı bu gənc xanım həbs edildikdən sonra xəbər tutub. Təpkilər, etirazlar da bundan sonra başlayıb.
Ona görə də sizin “bu iş böyüdülməsə, hakimiyyət də onu həbs etməyəcəkdi” fikrinizin tam əsassızlığı sübut olunur.
O da məlum olur ki, sizin bu rejimin xislətinə daha dərindən bələd olmağınız üçün hələ bunların bir 19 il də bizim başımıza turp əkməsinə ehtiyac var.
Müxaliflik haqqında
Bu rejim pisdir və onun yanında olmaq ondan da pisdir. Bu, öz yerində. Bu, həqiqətdir və müzakirə olunmur.
Amma sadəcə, bu rejimi bəyənməməklə də iş bitmir.
Sadəcə, bu rejimə pis deməklə də məsələ həll olunmur.
Bu rejimə qarşısansa, sadəcə, sözdə, dildə qarşı olmayacaqsan, bütün ruhunla, qəlbinlə, ağlınla, beyninlə də qarşı olacaqsan.
Yalnız bütün ruhunla, qəlbinlə, ağlınla, beyninlə azad olacağın halda, daxili köləliyi içindən söküb atacağın halda sənin bu rejimə müxalifliyinin də gerçək bir anlamı, dəyəri olacaqdır.