The New York Times Azərbaycanın birləşəcəyini yazdı
Sentyabrın 22-də “The New York Times” qəzeti Irana hərbi müdaxilə ilə bu regionda, hətta indiki Türkiyədən də güclü bir yeni Böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazır. Müəlliflər Frank Cacobs və Parag Khanna qeyd edirlər ki, XXI əsrin əvvəlində dünyanın siyasi xəritəsi haradasa tamamlanmaq üzrə olan kimi görünürdü. Çünki Sovet Ittifaqının dağılması və dünyanın müstəqil dövlətlər siyahısına çoxlu sayda yeni dövlətin qoşulmasından cəmi 20 il keçir:
“Amma belə çıxır ki, bu təsəvvürlər doğru deyil. Bu günlər daha bir neçə yeni dövlətin doğulması dalğasının başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər Sovetlər Birliyinin dağılmasında olduğu kimi hansısa siyasi dəyişiklik və ya münaqişə nəticəsində yaranana oxşamır. Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər”.
F.Cacobs və P.Khanna dünya xəritəsində aşağıdakı yeni dövlətlərin yarana biləcəyini ehtimal edirlər:
Böyük Azərbaycan
“Iranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir. Indiki rejim zorakılıqla süquta uğrasa, Iranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Respublikası ilə birləşərək, hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir.
Bu dövlətin yaranması eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər. Konqresmen Dana Rohrabacherin də sentyabrın 12-də ABŞ-ın Nümayəndələr Palatasına Iranda yaşayan azərbaycanlıların öz müqəddəratlarını təyinetmə hüquqlarının tanınması barədə qətnamə layihəsi təqdim edib. Amma Iran rəsmiləri hələlik bu mövzuda hər hansı şərh verməyib”.
Qeyd edək ki, Iranda yaşayan azərbaycanlı fəallar da tez-tez bu bölgədə müstəqil Azərbaycan dövlətinin yaradılması ideyasını müzakirəyə çıxarırlar. Amma Tehran rəsmiləri ölkənin parçalanmasına imkan verilməyəcəyini deyirlər.
“The New York Times”da təkcə Iranda deyil, dünyanın başqa yerlərində də yaxınlarda yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallar səslənib. Qəzet həmin mümkün yeni dövlətləri bu cür sıralayır:
Parçalanan Mali
Malinin şimalında tuareq tayfalarının yeni dövlət yaradacaqları və ölkənin parçalanacağı qaçılmaz görünür.
Belçika, nəhayət bölünə bilər
Dil baxımdan ikiyə bölünmüş (fransız və holland dili) Belçika fransız dilinin üstünlüyü əsasında birləşdirilsə də, bu ölkə də qarşıdakı onilliklərdə ikiyə bölünməyə doğru gedir…
Konqo bölücüləri
Elə indidən iki Konqo var. Biri Fransanın koloniyası, o biri isə Belçikanın. Onların paytaxtları da eyni adlı bir çayın kənarında üz-üzə dayanıb.
Somalinin parçalanması artıq təsdiqlənib
Milli hökumətin qurulması bu ilə planlaşdırılır. Amma çoxları inanır ki, ölkənin şərq və qərb hissələri – Puntlend və Somalilend artıq birlikdə olmaq istəmir.
Ələvilər təkbaşına gedirlər
Indiki dumanlı vətəndaş müharibəsindən sonra Suriyanın gələcəyinin necə olacağını demək çox çətindir. Amma bir şey dəqiqdir ki, aylarla uzanan qanlı müharibədən sonra Suriya əvvəlki ölkə olmayacaq.
Ola bilər, Suriya dini sektaların hökumətə meydan oxuduğu keçmiş Livan kimi bir ölkəyə çevrilsin. Ya da Suriya etnik əsaslarla parçalanmış Dəməşq və Hələb kimi şəhər-dövlətlərə çevrilə bilər.
Ərəb Körfəzi Birliyi
Keçən il Səudiyyə Ərəbistanının kiçik Bəhreynə hərbi müdaxiləsi faktiki olaraq buranı Səudiyyənin 14-cü əyalətinə çevirib. Eyni zamanda, Yəməndən Səudiyyə Ərəbistanına köç bu ölkədə 1990-cı ildə Cənubi və Şimali Yəmənin Birləşməsi kimi ciddi konfliktlər yarada bilər. Bu ilin əvvəlində sünni ərəb monarxları da Irandan artan təhlükələrə qarşı Körfəz Əməkdaşlıq Şurasının Ərəb Körfəzi Birliyinə çevrilməsini təklif ediblər.
Müstəqil Kürdüstan
ABŞ qüvvələrinin bölgədən çəkilməsi, Iranın qərbində və Iraqdakı gərginlik, eləcə də Suriyadakı vətəndaş müharibəsi I Dünya Müharibəsindən sonrakı Yaxın Şərq xəritəsinin tamamilə yenidən çəkilməsilə nəticələnə bilər.
Kürdlərin 3000 illik tarixlərində müstəqil Kürd dövlətinin yaranması imkanı heç vaxt indiki qədər real olmayıb.
Paştunistan və Bəlucistan da ayağa qalxır
Iranın şərqində və Əfqanıstan ərazilərində böyük Puştunistan qurula bilər. Təbii qaz ehtiyatları ilə zəngin olan Bəlucistan (Pakistan) da 1970-ci illərdə aktuallaşan müstəqilliyinə yenidən baxa bilər.
Çin Sibirin bir hissəsini udur
Rusiyanın qorxulu röyası – getdikcə əhalisi və iqtisadi gücü artan Çinin Sibirin bir hissəsini cənginə çəkməsi reallaşa bilər. Elə indidən yüz minlərlə çinli Amur çayını keçib Sibirdə yerləşir, yerli əhali ilə qaynayıb qarışır, evlənib, ailə qurur.
Koreyanın birləşməsi
Şimali və Cənubi Koreya arasındakı mübahisəli sərhəd də aradan qalxa bilər.
Fakt odur ki, artıq Cənubi Koreyanın strateqləri ölkənin birləşməsi halında bunun iqtisadi və sosial qiymətləndirməsini hazırlayırlar.
“Azadlıq” radiosu