Qubad İbadoğlu: “Ilham Əliyevin ÜTT-yə qoşulmaq istəməməsi siyasi hakimiyyətin iqtisadiyyata nəzarəti əldə saxlamaq niyyətindən xəbər verir”
Hakimiyyət dəfələrlə nümayiş etdirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunmasını istəmir. Bunun səbəbi təşkilata üzvlüyün bir sıra öhdəliklərin yerinə yetirilməsi deməkdir ki, bu addımlar ölkədəki korrupsiya və inhisarçılığın qarşısını ala bilər. Iqtisadiyyatda belə bir dəyişikliyə isə hakimiyyət hazır deyil.
Vaxtaşırı olaraq qaldırılan mövzunu bu dəfə I.Əliyev cavablandırıb. O bildirib ki, Azərbaycanın bu təşkilata üzvlüyü yaxın gələcəkdə baş verməyəcək. Parisdə fransız şirkətlərinin rəsmiləri ilə keçirdiyi görüşündə belə bir açıqlama ilə çıxış edən I.Əliyev qeyd edib ki, bu, ölkədə məşğulluqla bağlı bir sıra problemlər yarada bilər. Bəs I.Əliyevin gətirdiyi arqumentlər nə dərəcədə əsaslıdır və hakimiyyətin belə bir səviyyədə niyyətini açıqlaması nəyin mesajıdır?
Iqtisadçı Qubad Ibadoğlu vurğuladı ki, Azərbaycanın ÜTT-yə üzvlüyü milli biznesin bu prosesə adaptasiyası baxımından bir müddət zaman ala bilər. Bundan başqa, gömrükdən büdcəyə gələn gəlirlərin azalması da müşahidə oluna bilər. Amma Q.Ibadoğlu hesab edir ki, həm məşğulluğun artırılmasında, həm istehlakçıların hüquqlarının qorunmasında, həm də kiçik biznesin inkişaf etdirilməsi üçün ÜTT-yə üzvlük dövlətin maraqlarına uyğundur: “Yerli sahibkarların dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi üçün ÜTT-yə üzvlük kifayət qədər mühüm rol oynaya bilər. ÜTT-yə üzvlük inhisarçılığın aradan qaldırılması, korrupsiyanın azaldılması deməkdir. ÜTT qanunvericilik sahəsində bir sıra islahatların aparılaraq onun beynəlxalq standartlara çatdırılması, gömrük prosedurlarının asanlaşdırılması istiqamətində əvəzsiz institutdur. Təəssüflər olsun ki, hakimiyyətin ÜTT-yə üzvlüklə bağlı strategiyası yoxdur. ÜTT-yə üzvlük Azərbaycanda inhisarçılığın aradan qalxması, xarici investisiyaların ölkəyə gəlməsi deməkdir. O cümlədən ölkənin xidmət bazarında, sığorta və digər sektorlarda iş yerlərinin azalmasına səbəb ola bilər. Ona görə Ilham Əliyevin açıqlaması ölkə iqtisadiyyatına nəzarət edən siyasi hakimiyyətin maraqlarına uyğundur”.
Xəyal