“Forbes” İlham Rəhimovdan yazdı

Məşhur jurnal azərbaycanlı iş adamının yarım milyar dollarlıq daşınmaz əmlaka sahib olduğunu iddia edir

Vladimir Putinin kurs yoldaşı, azərbaycanlı biznesmen İlham Rəhimov Moskvada 500 milyon dollarlıq daşınmaz əmlakın sahibi çıxdı. Bu barədə məşhur “Forbes” jurnalının Rusiya nəşri yazıb.
Jurnalın məlumatına görə, Rəhimovun bir neçə ticarət mərkəzində, mehmanxanada və göydələn tikilən ərazidə payı var. “Məsələn, onun “Qranditul” MMC-də 15% payı var. Şirkət “Qrand” və “Qrand-2” mebel ticarəti mərkəzinə malikdir. Ötən il Moskva hökumətinin hərracında isə o, 7,2 milyard rubla “Moskva-siti”də 15 saylı sahəni əldə etdi. Burada 150 000 kv. metrdən çox sahəsi olan göydələn tikmək olar”, – deyə jurnal yazır.
Məqalədə qeyd olunur ki, İlahm Rəhimov həmçinin Rusiyada ən iri “Sadovod” topdan bazarının və “Moskva” ticarət mərkəzinin həmsahibidir. Onun “Avropa” ticarət mərkəzində və “Ukrayna” mehmanxanasında da payı var.
İlham Rəhimov barədə məlumat verən “Forbes” onu “hüquq elmləri doktoru, Bakıda Fina LLC kiçik hüquq şirkətinin tərəfdaşı, hüquq məsələlərinə həsr olunmuş yüzlərlə məqalə və iki kitabın müəllifi” deyə tanıdır. Jurnal xatırladır ki, İlham Rəhimovun bu yaxınlarda yazdığı “Cinayətkarlıq və cəza” əsərinə rəyi onun və Putinin kurs yoldaşı, RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin yazıb.
“Forbes”in Rəhimovun tanışlarından və iri Rusiya biznesmenlərindən ibarət mənbələri Rəhimov və Putinin bu günədək dost münasibətlərini qoruyub saxladıqlarını bildirirlər”, – deyə məqalədə yazılır.
Məqalədə daha sonra qeyd olunur ki, Putinin tələbi ilə “Çerkiz” bazarındakı qaçaqmalçılıq işinin öz yekununu tapması ilə Telman İsmayılovun biznesi qürub çağına başladı və “Çerkiz” bazarının satıcıları yerlərini “Sadavod” bazarına dəyişdilər.
“Forbes” sonda İlham Rəhimovla bağlı oktyabr buraxılışında “Professorun haqqı” adlı geniş araşdırma yazısı təqdim edəcəyini anons edib.

Rusiya mətbuatı İlham Rəhimovu “prezidentin pul kisəsi” adlandırır. “Sobesednik” yazır ki, İlham Rəhimov Vladimir Putinin oxuduğu qrupda qrup nümayəndəsi olub. İlham sıx-sıx Putingilə gedirdi, xüsusən, prezidentin məşqlərdən sonra onların qarnını doyuran anasını xoş təəssüratlarla anırdı. Azərbaycana tətilə gedərkən İlham həmişə bir şüşə yaxşı konyakla qayıdırdı. Baxmayaraq ki, nə Putin, nə də İlham özü alkoqola xüsusi meyl göstərmirdi. Onlar idmanla məşğul olurdular və cüdo məşqlərinə birlikdə gedirdilər.
Putin Sankt-Peterburqda sadə məmur olduğu zaman İlham Rəhimov Bakıda hüquq karyerası qururdu.

Azərbaycan Diplomatik Akademiyasında dərs deyirdi, Ədliyyə Nazirliyində şöbə rəisi vəzifəsində işləyirdi. Dissertasiyasını müdafiə etdi və hüquq üzrə bir neçə kitab buraxdı. Putin hakimiyyətə gəldikdə Rəhimovun həyatı kökündən dəyişdi. O, Azərbaycanın paytaxtında “Maybach” alan ilk şəxs oldu, Moskvada isə “Mercedes”də müşaiyətlə dolanır. Hazırda o, iki şəhərdə yaşayır – Bakıda və Moskvada. Azərbaycanda danışırlar ki, Putinin Rəhimovun həyat yoldaşının Moskvada müalicəsini təşkil etməyə yardım etdiyi zamanlar olub və bir dəfə müşavirlərinin tövsiyələrinə baxmayaraq, hətta Moskva restoranlarından birinə İlhamın qızının toyuna gedib.

Mənbələrin məlumatına görə, Rəhimov iri, çoxprofilli bizneslə əlaqəlidir. Bu biznesin əsasında qızıl (Orta Asiyada çıxarılan), neft ixracı və Moskvada daşınmaz əmlak obyektləri durur. Gizli professoru tanıyan insanlar Rəhimovun “prezidentin pul kisəsi” rolunu oynadığının istisna olmadığını deyirdilər.