AXCP rəhbərliyinin regionlara səfərləri davam edir

AXCP rəhbərliyinin ölkənin ayrı-ayrı regionlarına səfərləri davam edir. Ötən  həftə sonu AXCP Ali Məclisinin sədri Həsən Kərimov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Asəf Quliyev, partiyanın Rəyasət Heyətinin üzü Eldar Hüseynov Göyçay, Ucar, Zərdab, Ağdaş, Ağsu, Yevlax rayonlarında səfərdə olub, partiyanın yerli rayon şöbələrinin toplantılarında iştirak ediblər.
G.Bayramlının sözlərinə görə, cəbhəçilərin əhval-ruhiyyəsi, mübarizə əzmi yüksək səviyyədədir: “Partiyamıza üzv qəbul olunmaq üçün xeyli sayda insan yerli rayon şöbələrimizə müraciət edib. Toplantılarda rayon şöbələrinin rəhbərləri və fəalları çıxış edərək əhalinin hakimiyyətdən narazılığının yüksək həddə olduğunu, rayonda özbaşınalıq və qanunsuzluğun baş alıb getdiyini bildiriblər. Keçirilən bütün toplantılarda barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmiş, Müsavat Partiyası Gənclər Təşkilatı sədrinin müavini Nigar Yaqublunun istintaq müddətində siyasi sifarişlə həbsdə saxlanması qəti şəkildə pislənilib”.
G.Bayramlı deyir ki, müzakirələrdə hakimiyyətin “Azadlıq” qəzetinə qarşı təzyiqləri də pislənilib, həmçinin qəzetə abunə olmaq üçün xeyli adamın müraciəti qəbul olunub: “Çıxış edənlər AXCP rəhbərliyinin regionlara intensiv səfərlərinin  olmasının vacibliyini xüsusilə qeyd etdilər. Regionlara səfərlərimiz bundan sonra da davam edəcək”.