Elnur Seyidovun müayinə olunmasına qərar verildi

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həkim müayinəsindən keçirilməsi haqda qərar çıxarılıb. Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib.

Sentyabrın 24-də Elnur Seyidovla görüşdüyünü deyən Fəxrəddin Mehdiyev bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti daha da ağırlaşıb: “Kəskin baş ağrılarından əziyyət çəkir. Biz Elnur Seyidovun müayinə və müalicə olunması üçün istintaqı aparan MTN-ə vəsatət vermişdik. Vəsatətimiz qismən təmin olunub. İstintaq orqanı hələlik Elnur Seyidovun müayinədən keçirilməsinə qərar verib. Amma nə zaman və harada müayinə olunacağı məlum deyil”.

Vəkil iş üzrə hər hansı istintaq hərəkətinin aparılmadığını, Elnur Seyidovun dindirilmədiyini söyləyib.

Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. O, dələduzluqda ittiham olunur. Avqustun 30-da Səbail Rayon Məhkəməsi onun həbs müddətini daha üç ay uzadıb.