Belarusda Azərbaycansayağı seçki

ATƏT Lukaşenko rejiminin keçirdiyi seçkiləri tanımadı


Belarusda sentyabrın 23-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina 110 seçki dairəsinin 109-da seçkilərin baş tutduğunu bildirib. O, Qomel vilayətindəki dairələrin birində alternativsiz mübarizə aparan şəxsin mandat ala bilmədiyini, orada təkrar seçki keçiriləcəyini açıqlayıb.
Aparıcı müxalifət partiyalarının – Belarus Xalq Cəbhəsi və Birləşmiş Vətəndaş Partiyasının boykot etdiyi seçkidə müxalif düşərgədən kiminsə uğur qazanıb-qazanmadığı bilinmir. Mərkəzi Seçki Komissiyasının sədri “Müxalifətdən parlamentə düşən varmı?” sualını “Buna şübhə edirəm”, – deyə cavablandırıb.
Icra hakimiyyətinin seçki prosesinə müdaxilə etdiyini vurğulayan müxalifət partiyaları nəticələri tanımayacaqlarını bəyan ediblər. Seçkilərdən əvvəl Belarus Xalq Cəbhəsi və Birləşmiş Vətəndaş Partiyası prosesdə iştirakdan imtina edib. Daha üç müxalifət partiyası seçkinin nəticələrini tanımadığını bəyan edib.
ATƏT müşahidəçiləri Belarusda keçirilən parlament seçkilərilə bağlı ilkin rəylərini açıqlayıblar. Müşahidə missiyası səsvermə prosesinin anti-demokratik şəraitdə keçirildiyini, faktiki bu prosesin azad və şəffaf olmadığını bildirib. ATƏT Müşahidə Missiyasının xüsusi koordinatoru Matteo Makkaçi keçirdiyi mətbuat konfransında seçki prosesində əvvəldən axıradək rəqabət mühitinin olmadığını deyib.
Bu arada, ölkə prezidenti Aleksandr Lukaşenko müxalifətə xəbərdarlıq ünvanlayıb. O, əleyhdarlarını parlament seçkilərinə qarşı aksiya keçirməməyə çağırıb. Lukaşenko müxalifət üzvlərini “qorxaq” adlandıraraq, onların xalqa deməyə sözü olmadığını bildirib.