Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Azər mənə özü haqqında ətraflı danışmışdı. Imişli rayonunun Əlipənahlı kəndindəndir, “Riad holdinq”in Təhlükəsizlik Idarəsində Bakı şəhər şöbəsinin rəisi olub. Bir iranlı ilə bir azərbaycanlının arasında olan 300 min dollarlıq borc söhbətinə müdaxilə edib, söhbəti kəsmək istəyib, 2007-ci ilin noyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilərək 14 il azadlıqdan məhrum edilib. Türmə təvəllüdümüz, demək olar ki, üst-üstə düşür. Amma MTN bu əməliyyatı keçirəndən sonra da iranlıya borclu olan adamdan pulu alıb binəvaya verməyiblər. Iranlını da tutub 11 il iş kəsiblər, baxmayaraq ki, azərbaycanlı borclu olduğunu istintaqa etiraf edib. Iş belə alınıb ki, adam borcunu tələb etdiyinə görə 11 il iş alıb, Azər də ona yardım etmək istədiyi üçün 14 il.
Azər həyat və fəaliyyəti barədə danışdıqca, mən də onun ittiham aktını, məhkəmə hökmünü oxuyuram. Çox çiy işdir. Amma çiy və ya bişmiş, 14 il nəhəng müddətdir. Üstəlik, Azər kimi bir adam üçün: xərçəng diaqnozu ilə onun bu müddətini hesablamağın heç bir mənası yoxdur. Həm də təkcə diaqnozla yox, artıq əməliyyat yolu ilə kəsilmiş düz bağırsaq, oradan çanaq sümüklərinə metastaz verən, onu müalicəsiz hala gətirən bədxassəli şiş. Amma Azərin, təbii ki, xərçəng barədə məlumatı yoxdur. Həkimlər ona deyiblər ki, bağırsaqlarında iltihab-çürümə var, onu kəsib götürmüşük, bir müddətdən sonra yerinə süni materialdan bağırsaq hissəsi qoyacağıq. Onun düz bağırsağı yox idi. Əvəzində sağ tərəfdən, qasığının üstündən bir plastik boru çıxarmışdılar və o, təbii ehtiyacını buradan dəf eləyirdi. Bu, dəhşətli mənzərə idi. Doğrudur, onun belinə xüsusi cibi olan bir kəmər taxmışdılar və anusu əvəz eləyən həmin plastik borunun ucu bu cibin içində idi, görünmürdü. Amma təsəvvür etmək də dəhşətli idi. Bir də onun ağrıları…
“Palatanı dəyiş” təklifini aldığım günün gecəsi yuxudan inilti səsinə oyandım. Bu, heybətli bir səs idi. Azər yerində yox idi. Gözlərimi hərləyib döşəməyə baxanda Azəri orada qıvrılıb boğuq bir səslə inildəyən gördüm. O, döşəməni cırmaqlayırdı. Başı çarpayının altına girmişdi. Dizlərini qarnına sıxmışdı. Bütün kütləsi 30-35 kiloqram qala biləcək bədəni ikiyə o qədər kip qatlanmışdı ki, qəddinin düzələcəyini təsəvvür etmək olmurdu. Bir əli çarpayının ayaqlarını sıxırdı, o biri əlinin dırnaqları isə linoleumun cadarlarından girib onu parçalamaq istəyir kimi gərilirdi. Elnurla Raminin üzünə baxdım. Hər ikisi oyaq idi. Dəhlizə çıxıb Elnuru çağırdım:
– Ona neyləmək olar?
– Heç nə… iynəsi qurtarıb.
– Burada növbətçi həkim yoxdur?
– Var, amma pul verməsən, ölsən də yaxınlaşmazlar.
– Çağır o həkimi, – deyib içəri keçdim. Azər dizləri və caynaqları ilə döşəməyə sancılıb qalmışdı. Inilti içərisini parçalayacaq şəkildə idi. Ona baxmaq mümkün deyildi. Siqaret götürüb dəhlizə çıxdım. 10-ca dəqiqə keçməmiş həkim gəldi. Yekəpər, tibb işçisindən çox, kolxoz zootexnikinə oxşayan feldşer tipi idi. Lopa çal bığları dodaqlarının üstünü elə basmışdı ki, sanki danışmasına mane olurdu. Dərmanın bir ampluasını 2 manata verirdi: “Şprislə birgə”. 3 amplua aldım. “Təcili birini ona vur”, – dedim.
15 dəqiqədən sonra Azər özünə gəldi. Ağrıları kəsdi. Rahat nəfəs aldım.
Səhəri gün telefona çıxıb evə zəng etdim və həftə sonu gələndə mənə bir neçə qutu “Diklofenak” gətirmələrini tapşırdım. Azərin ağrıları, hələlik, “Diklofenak” mərhələsində idi.
Başqa palataya köçməmək fikrim bir az da qətiləşdi: adamı bu gündə qoyub getmək vicdansızlıq olardı. Üstəlik, onun haqqında əlavə bilgilər də öyrənə bildim. Adamın dərdinin xərçəng olduğu bilinənə qədər yanına az qala, hər gün gəlib-gedəni olub. Qohum-qardaşı, atası, həyat yoldaşı, dostları… Dava-dərman, ərzaq əlindən palatada yer tapılmırmış. Amma xərçəng diaqnozu qoyulandan və ilk cərrahiyyə əməliyyatı keçiriləndən sonra əl-ayaq yığışıb və bir nəfər də gəlib-getməyib.
“Mən onun cərrəhiyyəsini bir qəpiksiz elədim. Dərmanlarını da öz pulumla aldım. Ona ağrıkəsici verilməlidir, doğrudur, amma bu ağrıkəsicilər narkotik tərkiblidir. Indi ”Diklofenak”la-zadla onun ağrısını kəsmək olar, amma get-gedə dozaya oturacaq. Bu dərmanlar ciyərləri sıradan çıxarır. Indi ona sutkada, ən azı, 3 dənə “Diklofenak” vurulmalıdır ki, ağrısız yaşaya bilsin. Amma bu, onun ciyərlərini dağıdır tədricən. Indi, o, keyləşdirici iynə mərhələsindədir. Yara metastaz verib, bütün çanaq sümüklərini bürüyüb, bir müddətdən sonra sidik kisəsinə vuracaq, onu partladacaq və həmin anda da zəhərlənmə başlayıb onu öldürəcək. Iştahı yaxşıdır, yeyir, amma bu da onun xeyrinə deyil. Yedikcə xərçəngi yemləyir, o daha sürətlə yayılır. Amma yeməsə də, xərçəngin heydən saldığı orqanizm fəaliyyətdən düşər. Ona diqqət və qayğı lazımdır. Bu cür xəstələr komissiyanın rəyi ilə evlərinə buraxılmalıdırlar. Amma bu da uzun işdir. Onun işi bitib…”, – deyə cərrahiyyə şöbəsinin baş həkimi ətraflı izahat verdi.
“Işi bitmiş” bu adamın qayğıya ehtiyacı vardı və görünür, mənim buraya gəlməyim də tam zamanına düşüb.
Uşaqlara tapşırdım ki, Azəri işləməyə qoymasınlar. Işləmək deyəndə, zatən, elə bir iş yox idi. Sadəcə, yemək hazırlamaq və yediyimiz qabları yumaq işi vardı. Su çox soyuq olduğu üçün əlini soyuq suya vuran kimi ağrıları şiddətlənirdi. Azərin özünə də tapşırdım ki, bu işlərə əlini vurmasın; paltarlarını da yumasın, onları pul verib yudurarıq. Beləcə, burada birgə yaşamağa başladıq. Azər özü bilməsə də, korpusla əlaqəsi olan bütün personal onun xəstəliyini bilirdi. Amma bu korpusda başqa xərçənglər də vardı. Bir başqası – 2-ci kalondan gələn, əslən Saatlının Azadkənd kəndindən olan, Əli Bayramlıda yaşayan Şahin adlı kişinin dərdi Azərlə daban-dabana tərs idi. Onun xirtdəyini xərçəngə görə kəsib götürmüşdülər, mədəsinin üstündən, sağ tərəfdən plastik boru taxmışdılar və buradan xüsusi bir şprislə özünə qida vururdu. Həftədə bir dəfə də, “hə, bir az da kökəlmişəm”, deyib sevinirdi. O, bu kökəlmə məsələsinə ona görə aludə olmuşdu ki, “bir az çəkin artsın, əməliyyat eləyib xirtdəyini yerinə tikəcəyik, indi olmaz, çünki çox zəifsən”, demişdilər. O da hər 100 qram artıranda bunu bayram kimi qeyd eləyirdi. Şahin 2-ci kalonda “promzon”da (Istehsalat sahəsi. Indi burada kalon rəisləri üçün nərd, şahmat, müxtəlif suvenirlər yığılır, onların gəlirinin bir istiqaməti də buradan qaynaqlanır) işləyib nərd-zad yığırmış; yaxşı usta idi, o “zon”da rəisə və rəhbərliyə daxil olanların hamısına maddi xeyir vermiş adam idi. Onun komendaturaya çıxmaq zamanı keçmişdi, amma pulu olmadığına görə buraxmırdılar…
ardı var