Fuad Qəhrəmanlı: «Ölkə başçısı şəxsi maraqlarına görə, hətta Azərbaycanı dünyadan təcrid etməyi belə məqbul sayır»
“Ilham Əliyevin səfirlərlə görüşündə səsləndirdiyi fikirlər Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiq kampaniyasından ciddi narahatlıq keçirdiyini göstərir”. Bu sözləri “Azadlıq”a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Ilham Əliyevin səfirlərlə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Fuad Qəhrəmanlıya görə, Ilham Əliyev və komandası fərqindədir ki, 2013-cü il prezident seçkisində Azərbaycana ciddi beynəlxalq diqqət olacaq. Bu baxımdan da indidən hazırlıq görülməyə başlayıb: “Beynəlxalq media işini görüb. Artıq Azərbaycan hakimiyyətinin mahiyyəti bütün çılpaqlığı ilə beynəlxalq aləmə bəllidir. Bu baxımdan Ilham Əliyev açıq mətnlə səfirləri beynəlxalq münasibətləri loyallaşdırmaqda səylərini əsirgəməməyə çağırır. Və xüsusilə xarici mətbuatla işləməyi zəruri sayır. Lakin hakimiyyətin bu cəhdlərinin uğurla nəticələnəcəyi inandırıcı görünmür. Hətta artıq ”kürü diplomatiyası”nın də effektiv nəticə verəcəyi ağlabatan deyil”.
Fuad Qəhrəmanlı həmçinin bildirib ki, Ilham Əliyev beynəlxalq qurumlarla əməkdaşlıq barədə səsləndirdiyi fikirlər əslində şantaj xarakteri daşıyır: “Ilham Əliyevin ikitərəfli əməkdaşlıqdan danışır. Həmçinin təmsil olunmadığı qurumların tələblərinin yersiz olduğunu vurğulayır. Burada əsasən Avropa Birliyi nəzərdə tutulur. Bəllidir ki, Avropa Birliyi demokratiya və insan haqları məsələsində prinspial mövqe tutub. Hətta Azərbaycanda insan haqlarının kobud şəkildə pozulmasına görə, sanksiyalar tətbiq edilməsi gündəmə gəlir. Ilham Əliyev bu təzyiqlərin seçki vaxtı daha da artacağını bildiyindən, indidən hücum kampaniyasına start verib. Ölkə başçısı Avropa Birliyini, onun timsalında eyni mövqe tutan digər beynəlxalq strukturları şantaj edərək Azərbaycanın bu qurumlarda təmsilçiliyinin prioritet olmadığını bəyan edir. Bu o deməkdir ki, beynəlxalq strukturlar demokratiya məsələsində prinspial mövqelərini davam etdirəcəkləri təqdirdə onlarla əməkdaşlıq kəsilə bilər. Burada həm də o aydın olur ki, Ilham Əliyev şəxsi maraqlarına görə, hətta Azərbaycanı dünyadan təcrid etməyi belə məqbul sayır”.
S.Novruz