Ziyalılar Forumu Nigar Yaqublunu müdafiə etdi

Azərbaycan Ziyalılar Forumu Nigar Yaqublunun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

Azərbaycan Ziyalılar Forumu gənc fəal, Müsavat partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Tofiq qızı Yaqublunun həbsindən dərin narahatlıq keçirir və bu həbsi qətiyyətlə pisləyir.
Ziyalılar Forumu olaraq biz hər kəsin qanun qarşısında bərabər olduğunu və siyasi mövqeyindən, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın törətdiyi əmələ görə adekvat məsuliyyət daşımalı olduğunu bildiririk.
Nigar Yaqublu barəsində seçilmiş həbs qəti-imkan tədbiri analoji qəzalara görə Azərbaycan praktikasında bugünədək rast gəlinməyən bir hadisə olmaqla həbsin siyasi motivləri ilə bağlı şübhələri doğruldur. Nigarın gənc bir xanim olması, cəmiyyət üçün ictimai-təhlükə törətməməsi, istintaqa təsir imkanının olmaması, əvvələr məhkum olunmaması, iş üzrə şikayətçinin olmaması və Nigarın özünün də qəza nəticəsində ciddi fiziki və psixoloji zədə alması və müalicəyə ehtiyacı olması fonunda həbs qəti-imkan tədbirinin seçilməsi, ictimaiyyətin, ziyalıların, millət vəkillərinin seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətlərinin nəzərə alınmaması, eləcə də daha ağır nəticələrə səbəb olan digər analoji hadisələr zamanı belə istintaq tədbirlərinin görülməməsi tərəfimizdən təkcə Nigar Yaqubluya qarşı deyil, fəal, azadfikirli  gəncliyə qarşı ədalətsizlik və siyasi təzyiq kimi qiymətləndirilir.
Məsələnin ən təhlükəli tərəfi isə, bu hadisənin mənəvi-psixoloji yönü ilə bağlıdır. Nigar Yaqublunun həbsi Azərbaycan əxlaqında, o cümlədən siyasi əxlaqında müqəddəs olan ailə, övlad, qadın mövzusunda tabuların aradan götürülməsinə yol açmaqla, çox təhlükəli bir presedentin təməlini qoyur. Bu isə keçilməz sərhəddin aşılması ilə cəmiyyətdə gerçək dialoqun başlanmasına acil ehtiyac duyulduğu bir zamanda, siyasi qütblər arasında uçurumun dərinləşməsinə, cəmiyyətdaxili münasibətlərin radikallaşmasına rəvac verir.