Dünən “qafqazinfo.az” saytı “Azərbaycanda bağça çatışmazlığı” adlı bir araşdırma yayımladı. Araşdırmadan məlum olurdu ki, Bakıda vur-tut 300 bağça var, bu da məktəbəqədər yaşlı uşaqların ancaq yarısı üçün kifayətdir.
O araşdırmanın sayta yerləşdirildiyi dəqiqələrdə bir də başqa bir xəbər yayıldı, həmin xəbərdə də Pakistanda Mehriban Əliyevanın adını daşıyan məktəbin açılmasından bəhs olunurdu, həmin məktəbin xərcini də elə bizimkilər özləri çəkiblər.
Uşaqların getməyə bağça tapmadığı bir ölkənin başındakıların el-aləmə məktəb tikmələrinə mən bir söz demirəm, özünüz anlam verin.
Hə, yadıma düşmüşkən: Misirin birinci xanımı Suzanna Mübarəkin adına da Azərbaycanda məktəb vardı, Suzanna xanım o məktəbi qayğısı altına almışdı.
Bunları ona görə keçmiş zamanda yazdım ki, Mübarək devrilincə, məktəb qaldı, məktəbin adı yox. Tıpkı “Bağda ərik var idi” misalında olduğu kimi.
Niyə xatırlatdım? Niyə olacaq, heç, elə-belə.
Belə çox gülməli…
Dünən Hesablama Palatası Dillər Universitetində apardığı yoxlamaların nəticələrini açıqlayıb, bu barədə rəsmi məlumatdakı bəzəkli-düzəkli, yonulmuş, ütülənmiş cümlələrin tərcüməsi ondan ibarətdir ki, universitetdə korrupsiya faktları aşkarlanıb.
Dillər Universitetinin Parisdə səfərdə olan rektoru, deputat Səməd Seyidovdan buna münasibət öyrəniblər, deyib, Bakıya qayıdanda Hesablama Palatasının açıqlamasına cavab verəcək.
Açığı, Seyidovun cavabının nə olacağı mənə heç maraqlı da deyil. Uzaqbaşı deyəcək ki, “korrupsiya dünyanın bütün universitetlərində var”. Bunların ağlı bundan artıq cavablar verməyə yetməz.
Indi isə sizə rektor-deputatın son bir-iki ildə Azərbaycanda korrupsiya ilə bağlı açıqlamalarından seçmələr təqdim edirəm, əvvəlcə birlikdə oxuyaq, sözü hara gətirmək istədiyimi axırda biləcəksiniz.
“Cənab prezidentin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı verdiyi tapşırıqları çox yüksək qiymətləndiririk. Hər zaman korrupsiyaya qarşı fəaliyyət göstərmişik, bundan sonra da korrupsiyaya qarşı işimizi davam etdirəcəyik” (tarix: fevral, 2011).
“”Guya Azərbaycanda korrupsiya ilə mübarizə aparılır” demək yanlışdır, Azərbaycanda doğrudan da, korrupsiya ilə mübarizə aparılır” (tarix: yanvar, 2012)…
Qısası: Səməd Seyidov vaxtaşırı korrupsiya ilə mübarizədən danışır, bu “mübarizə”ni vəsf və mədh edir, amma indi məlum olur ki, onun özünün rəhbərlik etdiyi universitetdə korrupsiya baş alıb gedir.
Özü korrupsiya ilə məşğul olanların korrupsiya ilə mübarizəsi həmişə gülüş doğurur, biz bunu bu dəfə Seyidovun timsalında aydın gördük.
Bu həm də onu təsdiqləyir ki, korrupsiya ilə mübarizədən ağızdolusu danışanların özləri korrupsiya ilə məşğul olmasınlar yetər, o zaman nə korrupsiya qalar, nə də onunla mübarizəyə ehtiyac.
Yazıçılar Birliyi niyə üzr istəməlidir?
Keçən bazarkı yazımda Yazıçılar Birliyinin əlinin 37-ci il repressiyalarında Cavidlərin, Müşfiqlərin, Çəmənzəminlilərin, Əhməd Cavadların qanına bulaşdığını yazmışdım. Yazmışdım ki, 37-ci ilin töhməti hələ də Yazıçılar Birliyinin üzərindədir. Bu qurum 75 il öncənin mənəvi terrorunun məsuliyyətini, lənətini hələ də daşımaqdadır. Ona görə üzr istəməli, üzərindəki lənəti az da olsa, xəfiflətməlidir.
Indi bəzi AYB üzvləri özlərinə əl qatıblar, “75 il əvvəl yaşananlarla AYB-nin nə əlaqəsi var?” deyə yaxa-başlarını cırırlar.
Oysa hər şey çox bəsitdir.
Yazıçılar Birliyinin nizamnaməsindən çıxarış: “II.1. Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Yazıçılar Ittifaqının hüquqi varisidir”.
Bunu mən yazmamışam, cənablar. Bunu siz yazmısınız. Yazmısınızsa, gərəyini də yerinə yetirəcəksiniz.
37-ci il repressiyalarında səssiz, təpkisiz qalan, bu da azmış kimi, donosbaz, işverən rolunda çıxış edən Yazıçılar Ittifaqının hüquqi varisi olaraq, olub-bitənlərə görə ya üzr istəyəcəksiniz, ya da üzr istəyəcəksiniz.
Bunun o yan-bu yanı yoxdur.
Gözləyirik.

O məktəbdən bizdə də vardı…
•
•