Beynəlxalq təşkilatlar və yerli ekspertlər həbsin qərəzli olduğunu deyirlər
Müsavat partiyasının gənclər təşkilatının üzvü Nigar Yaqublunun həbsi ilə bağlı yeni, həm də ilginc sayıla biləcək təfərrüat məlum olub. Musavat.com-un yazdığı xəbərə görə, adi talesiz qəzaya uğrayan və özü də xəsarət alan Nigar Yaqublunu həbs edilməzdən öncə ətrafında beynəlxalq terrorçuymuş kimi əməliyyat planı qurulub, onun özünün, qohumlarının, vəkillərinin telefonları gücə-gündüz dinlənilib.
Nigarın Yaqublunun atası Tofiq Yaqublunun bugünkü müəllif yazısında hadisədən dərhal sonra onun, Nigarın, Osman Kazımlının və Nemət Kərimlinin telefon danışıqlarının izlənməsi haqda qərar verilib və bütün danışıqların disklərə köçürüldüyü yazılıb: “Buna nə ehtiyac varmış? Belə şey harada görünüb? Həmin hadisə müstəntiq üçün hər gün baş verən onlarla adi yol-nəqliyyat hadisələrindən biri olmalı deyildimi?”.
T.Yaqublu qeyd edib ki, diskə köçürülmüş danışıqlarda nə Nigarın əleyhinə, nə də istintaq üçün yararlı olacaq heç nə yoxdur, amma bu faktın özü adamı dəhşətə gətirir. Sonra da deyirlər ki, bu işdə heç bir qərəz yoxdur, hamı qanun qarşısında bərabərdir”.
ATƏT-in Bakı ofisi Nigar Yaqubluyla maraqlanır
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli və Rauf Məmmədli ATƏT-in Bakı ofisində Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüblər.
Görüş zamanı Müsavat Gənclər Təşkilatının sədr müavini N.Yaqublunun həbsi barədə müzakirə aparılıb. T.Abbaslı N.Yaqublunun kimliyi və onun həbsinin detalları ilə bağlı ingiliscə hazırlanan məlumat blankını N.Deçə təqdim edib.
Gənclər bununla yanaşı həbsin siyasi motivli olduğuna şübhələr yaradan məqamları da ATƏT səlahiyyətlisinin diqqətinə çatdırıblar.
O da qeyd olunub ki, hakimiyyət bu olayı adi kriminal hadisə kimi qələmə verməyə çalışsa da, N.Yaqublunun barəsində seçilən həbs-qətimkan tədbiri də daxil olmaqla, bu anaqədərki istintaq hərəkətləri işin siyasi və sifarişli olması barədə ehtimalları əsaslandırır.
Nigar Yaqublunun “Eurovision” musiqi yarışması zamanı təşkil olunan etiraz aksiyalarında təşkilatçılığına və fəallığına görə cəzalandırma planının tərkib hissəsidir. Hakimiyyətin belə bir planının varlığı barədə hələ həmin dövrdə mətbuatda və siyasi kuluarlarda gedən söhbətlər bizə bunu deməyə əsas verən amillərdən biridir.
ATƏT nümayəndəsi bu məsələni diqqətdə saxlayacaqlarını və qurumun Bakı ofisinin rəhbərinə və mərkəzi qərargaha hadisə barədə ətraflı məlumat verəcəklərini qeyd edib.
Türkiyədən dəstək gəldi
Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi Qadınlar Təşkilatı da Nigar Yaqublu ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Nigar Yaqublunun yaşadığı talesiz və ağır müddətin 17 sentyabr tarixində Sumqayıt məhkəməsində verilən qərarla başqa bir ölçüdə davam edəcəyinə olan ümid və inancımız çox təəssüf ki, xəyal qırıqlığı ilə nəticələndi. Əvvəlcə böyük bir şansızlıqla yaşanan qəzada həyatını itirən Aydın Acalova Allahdan rəhmət, ailəsinə başsağlığı diləyirik.
Hələ dörd yaşındaykən Qarabağda döyüşən atasının yolunu müşahidə edərək həyatı anlamağa başlayan və o tarixdən bu günə qədər uşaqlıq, gənclik illərini şərəfli bir mübarizənin yaşandığı ailə mühitində keçirən və bu mübarizənin şahidi olaraq qalmaq yerinə, ürəkli bir nəfəri olmağı yol seçən sevimli Nigara ailə dostu Aydın bəyin ölümünə şahid olmaq heç şübhə yox ki, gənc ömürünün ən ağrılı imtahanlarından birini yaşatmışdır”.
Açıqlamada deyilir ki, gözlənilməz qəzalar, istəmədən edilən səhvlər insan həyatının ən çətin imtahanlarıdır: “Ancaq Nigarı müdafiə edən vəkillərin şərhlərinə paralel Azərbaycan ictimaiyyətində də səsləndirilənlər bu günə qədər yol qəzalarındakı tətbiqlər fərqli bir tətbiqin edildiyi və ortaya qoyulan səbəblərin təməldən səhv olduğudur”.
Sinif yoldaşı İlham Əliyevə müraciət etdi
Keçmiş vicdan məhbusu Elşən Həsənov Nigar Yaqubluyla bağlı sinif yoldaşı olan ölkə başçısı Ilham Əliyevə müraciət edib: “Nigar Yaqublunun kimliyi onun istintaqdan yayındığına dair açıqlamalarla uyğun gəlmir. Nigar Yaqublunun zaminə buraxılması üçün deputatlar, ziyalılar və ictimai sektorun tanınan simaları müraciətlər edib. Nigar Yaqublu hər şeydən öncə gənc xanımdır. Yüngülləşdirici halları nəzərə almadan gənc bir xanımın həbsdə saxlanması, qanunvericilik bir yana, milli-mənəvi dəyərlərə sığışan hal deyil. Mən də Nigar Yaqublunun şəxsi zaminliyimə verilməsi üçün müraciət edirəm. Nəzərə almaq lazımdır ki, siyasi əqidəsindən asılı olmayaraq hər bir gənc bizim övladımızdır”.
Elşən Həsənov Ilham Əliyevdən bu məsələni şəxsən nəzarətində saxlamasını və həssaslıq göstərməsini xahiş edir.
“Istintaqçılar siyasi sifarişləri yerinə yetirməklə inam limitini tükəndiriblər”
Sabiq vicdan məhbusu Bəxtiyar Hacıyev “Media forum” saytına açıqlamasında Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsinin hüquqi və siyasi baxımdan yanlış qərar olduğunu deyib: “Əvvəl düşünürdüm ki, bu, Abşeron Rayon Məhkəməsinin yanlış qərarıdır, bəlkə də siyasi motiv axtarmağa dəyməz və apelyasiya şikayəti təmin olunacaq. Ancaq onun şikayətinin təmin olunmaması məndə də haqlı şübhələr və suallar oyatdı. Bir neçə millət vəkilinin, ictimaiyyətin tanınmış nümayəndələrinin Nigar Yaqublunu şəxsi zaminliyə götürməyə çalışmasına baxmayaraq, onun barəsində daha yüngül qətimkan tədbirləri seçilməsi imkanları ola-ola, Nigar Yaqublu cəmiyyət üçün təhlükə törətmədiyi halda, iş üzrə şikayətçi olmadığı halda nəyə görə ən sərt qətimkan tədbiri seçildi və qüvvədə saxlandı? Doğrudanmı bu həbs siyasi sifarişli deyil? Azərbaycan hakimiyyətini əvvəlki həbslərdən dərs çıxararaq bu məsələdə müdriklik göstərməyə, bu məsələ cəmiyyətdə qarşıdurma, beynəlxalq aləmdə tənqid imkanları yaratmamış müvafiq addımlar atmağa, gənc Azərbaycan xanımını həbsdən buraxmağa, istintaq dövründə daha yüngül qətimkan tədbiri tətbiq etməyə çağırıram”.
“Şübhəsiz ki, Nigar Yaqublunun həbsi ədalətsiz qərardır” bu sözlərin müəllifi isə hüquq müdafiəçisi Eynulla Fətullayevdir.
“Sözsüz ki, qanun pozuntusu olub. Sürücülük vəsiqəsi olmayan bir şəxs qəza törədib. Bunu heç kəs inkar etmir. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları siyasi sifarişlər əsasında fəaliyyət göstərir. Müxalifətçilər haqqında açılmış cinayət işlərinin istintaqında bunu dəfələrlə görmüşük. Istintaq bizi inandırmağa çalışır ki, Nigar Yaqublu bir neçə dəfə çağırışlara getməyib və buna görə də onun barəsində həbs-qətimkan tədbiri seçilib. Istintaqçılar siyasi sifarişləri yerinə yetirməklə inam limitini tükəndiriblər. Onlara inam qalmayıb. Tutalım, Nigar Yaqublu həqiqətən qanunsuz hərəkət edib. Niyə onun haqqında həbs-qətimkan tədbiri seçilib? Məgər o xanım ictimai təhlükəli şəxsdir? Xeyr. Bunun belə olmadığını hamımız bilirik. Ali Məhkəmə Plenumu da tövsiyə edir ki, yalnız ictimai təhlükə yaradan, istintaqdan yayınan şəxs haqqında həbs-qətimkan tədbiri seçilməlidir. Nigar xanımsa istintaqa ifadə verib. O, ictimai təhlükəli şəxs də deyil. Bütün bu halları nəzərə alaraq hesab edirəm ki, həbs tam əsassız və ədalətsiz qərardır”, – deyə hüquq müdafiəçisi “Media Forum” saytına deyib.