Sumqayıtdakı olay terrordur?

Deputat ilginc açıqlama verdi, ekspert araşdırmanı vacib sayır

“Binə” və Sumqayıtda baş verən hadisələrin səbəbləri ilə bağlı hazırda mətbuatda müxtəlif versiyalar səslənməkdədir. Versiyalardan biri hər iki faciənin hazırkı dönəmdə baş verməsinin təsadüfi olmadığı iddiasıdır. Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc hesab edir ki, son günlər baş verənlərin arxasında çox ciddi mətləblər dayanır.
Əslində Z.Ourucun bu fikri baş verən hadisələrin təsadüfi olmadığı düşüncəsini bir qədər möhkəmlədir. Z.Oruc “Bakı xəbər” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan dövləti beynəlxalq proseslərə bağlı aktiv dönəmlərə qədəm qoyarkən bu cür təxribatçı hadisələrlər tarix boyu baş verib. Hazırda bu faciəvi hadisələri doğura biləcək Azərbaycan üçün əsas beynəlxalq olay isə Ramil Səfərovun azadlığa buraxılmasıdır: “Azərbaycan dövlətinin tarixində oxşar hadisələr neft müqavilələrinin imzalandığı vaxt, neft kəmərlərinin açılışı olduğu zamanlarda və başqa mühüm mərhələlərdə baş verib, nəticədə biz terrorlarla üz-üzə qalmışıq. Bununla ölkə vətəndaşları arasında xof yaratmaq məqsədi güdülüb. Son hadisələrlə bağlı onu deyə bilərəm ki, yəqin Azərbaycanın xüsusi xidmət orqanlarında bu hadisələrlə bağlı müfəssəl informasiyalar var. Baş verənləri heç bir halda texniki təhlükəsizlik şərtlərinə əməl olunmamaqla əlaqələndirmirəm. Çünki hər iki hadisə strateji önəm daşıyan nöqtələrdə baş verib. Bazarda baş verən kütləvi zəhərlənməni yalnız generator amili ilə bağlamaq düzgün olmazdı. Indiki situasiyada bu hadisələr zəncirvari şəkildə, bir sistemin halqası kimi həyata keçirilir. Ehtimallarla demək olar ki, bu hadisələr təsadüfdən olmur və belə təxribatların arxasında mühüm qüvvələr durur. Hazırda regional situasiyada bir gərginlik mövcuddur və bu, ölkədaxili vəziyyətə ciddi təsir edir, sanki terrorun, barıtın iyi gəlir”.
Bəs görəsən bu hadisələr arasında əlaqənin olması ehtimalı nə dərəcə güclüdür və həqiqətən də baş verənlər Azərbaycana bir mesajdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bildirdi ki, belə bir fikrin irəli sürülməsi normaldır. Amma bu fikrə rəsmi şəkildə münasibət bildirilməsinin vacib sayan S.Əkbər vurğuladı ki, Z.Ourucun millət vəkili kimi müəyyən iformasiyalara sahib olaraq bu cür açıqlama verməsi də istisna deyil: “Rəsmi açıqlama olana qədər bu istiqamətdə səslənən fikirlər yalnız mülahizə ola bilər. Amma bir qayda olaraq istintaq aparan qurumlar prosesə başlamamışdan öncə terror olayı ilə də bağlı versiyanı araşdırmalıdırlar. Düşünürəm ki, Zahid Orucun açıqlamasından sonra bu istiqamətdə araşdırma aparılmayıbsa, mütləq aparılmalıdır”.

Xəyal