Səfərbərlik xidmətində yoxlamalar davam edir

Yeni yaranmış qurumla bağlı hakimiyyət daxilində hansı oyunlar gedib?

“AzeriNews.org” saytı SHXÇDX-nin yaranması barədə maraqlı məlumatlar yayıb. Sayt yazıb ki, Respublika Hərbi Komissarlığının bazasında formalaşdırılan bu qurumun yaranması hakimiyyətdaxili ziddiyyətlərlə bağlıdır. Əliağa Hüseynov baş hərbi komissar vəzifəsindən uzaqlaşdırılandan sonra hakimiyyətdə iri qruplar bu postu ələ keçirmək və Respublika Hərbi Komissarlığını müstəqil quruma çevirmək üçün mübarizəyə başlayıblar.
Bu sırada xüsusilə nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Lakin son anda Kəmaləddin Heydərov və ona dəstək verən qüvvələr qalib gəlib. Bildirilir ki, Arzu Rəhimov əslində dövlət sərhəd xidmətinin rəisi, Kəmaləddin Heydərovun qudası Elçin Quliyevin kadrıdır. “Fövqəlnazir”in dəstəyi  və Prezideent Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təqdimatı ilə yeni vəzifəyə təyin olunub. Arzu Rəhimov yeni vəzifəyə təyin olunandan sonra onu himayə edən qruplaşma yeni xidmətə 6 general və onlarla polkovnik kadr-ştatı ala bilib. Halbuki Hərbi Komissarlıq zamanı bütün işləri bir general və bir neçə polkovnik ştatı həyata keçirə bilirdi. Bu sadəcə qruplaşmanın öz sıralarında generalların sayını artırmaq məqsədi daşıyırdı.
Daha sonra yazıda bildirilir: “Aprel ayının 11-də prezidentin sərəncamı ilə MTN-in Suraxanı şöbəsinin sabiq sədri Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Arzu Əliyev general-mayor rütbəsi verilməklə yeni xidmətə rəis müavini təyin edildilər. Amma onların sərəncamı gerçəkləşmədi. Yəni nəinki müavin oldular, heç general rütbəsini çiyinlərinə vura da bilmədilər. Bu artıq hakimiyyətdaxili qruplaşmanın mübarizəsindən ortaya çıxan analoqu olmayan bir hadisə idi. Sərəncam geri oxundu. Onların yerinə təzədən üç müavin təyin edildi. Yəni may ayının 19-da yenə prezidentin sərəncamı oldu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3 yeni rəis müavini təyin edildi. Yəni respublika hərbi komissarının sabiq müavini Ramiz Məmmədov və Dövlət Sərhəd Xidməti Akademiyasının zabiti Zaur Abdullayev yeni xidmətin rəis müavini təyin olundular. Ən əsası isə onlarla birgə prezidentin sərəncamı ilə Könüllü Hərbi Vətənpərvərlik Texniki Idman Cəmiyyətinin sədri, general-mayor Novruzəli Orucov tutduğu vəzifədən azad edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis müavini təyin olundu. Bu, əslində narızı qalan Ziya Məmmədovun könlünü alamağa yönəlmiş bir addım idi. Çünki Novruzəli Orucov Ziya Məmmədovun qohumudur. Amma bu addım heç də gərginliyi azaltmadı, əksinə kəskinləşdirdi. Daha dəqiqi açıq-aşkar hüquq pozuntusuna yol verildi. Hüquq pozuntu isə ondan ibarət idi ki, prezident sərəncamı ilə Könüllü Hərbi Vətənpərvərlik Texniki Idman Cəmiyyəti ləğv edilib, onun sədri vəzifəyə təyin olunmuşdu. Çünki Könüllü Hərbi Vətənpərvərlik Texniki Idman Cəmiyyətinin sədri nizamnaməsinə uyğun olaraq vəzifəyə qoyula və ya çıxaıla bilərdi. Məlumatlara görə yaranmış gərgin vəziyyətə görə iki müavinin sərəncamının geri oxunmasının zərurəti və bunun ardınca Könüllü Hərbi Vətənpərvərlik Texniki Idman Cəmiyyətinin qanunsuz ləğvi barədə biabırçı vəziyyətin yaranması ölkə rəhbərliyini pis vəziyyətdə qoyulmasına səbəb olub.
Bu gün Novruzəli Orucov Səfərbərlik Xidmətində heç bir səlahiyyəti olmayan adamdır. O, general olmasına baxmayaraq Arzu Rəhimovun təyin etdiyi zabitə məruzə etmək məcburiyyətində qalıb. Könüllü Hərbi Vətənpərvərlik və Texniki Idman Cəmiyyətinin bütün maliyyə və texniki imkanları dondurulub. Səfərbərlik Xidməti tərəfindən yaradılan komissiya Könüllü Hərbi Vətənpərvərlik və Texniki Idman Cəmiyyətinin bütün rayon şöbələrinə gedərək maddi-texniki bazanı uçota alıb və əvvəllər təsərrüfat hesabı ilə çalışan rayon şöbələrinin şəxsi avadanlıq və başqa mallarını aldadaraq siyahılaşdırıblar. Bu azmış kimi Könüllü Hərbi Vətənpərvərlik və Texniki Idman Cəmiyyətinin 2500-dən artıq işçisi aylardır məvacib ala bilmir və nə vaxt alacağı üçün nə bir hüquqi prosedur, nə də bir ümid yoxdur. Həmçinin Könüllü Hərbi Vətənpərvərlik və Texniki Idman Cəmiyyətinin Səfərbərlik Xidməti yaranmamışdan əvvəl həyata keçirdiyi hərbi sürücülüklə bağlı ayrılmış küllü miqdarda maliyyə vəsaiti də verilmir. Bir sözlə, Novruzəli Orucov tam ofsayta salınıb”.
“Azadlıq”a daxil olan məlumatlarda isə deyilir ki, Arzu Rəhimov SHXÇDX-nin yerli bölmələrini Dövlət Sərhəd Xidmətinin zastavaları kimi nömrələyib. Yəni, yerli bölmələr rəqəmlərlə adlandırılır. Bu da Arzu Rəhimovun vaxtilə sərhəd xidmətində çalışmasından irəli gəlir.