Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Eminə dedim ki, baş vermiş bütün davalara görə günah onun üstündədir. Emin səksəndi. Bu o qədər də yaxşı bəyanat deyildi. Izahat verməli oldum:
– Bax, qaqaş, 4-cü korpusda da, 1-ci korpusda da sənin məşq daşların olub, orada özünə “ştanq”lar düzəltdirib məşq etmisən. Oralarda səndən ağırını qaldıran vardımı?
– Yox idi.
– Bunu hamı görürdümü ki, səndən daha ağır daş qaldıran yox idi?
– Hamı görürdü.
– Üstəlik, gətizdirdiyin CD-lərə də hamı baxırdı. Sənin müxtəlif çempionatlardakı çıxışlarına baxanlar görürdülər ki, sən təkcə ağırlıq qaldırmırsan, həm də pişik kimi cəldsən və deməli, küçə döyüşləri üçün əvəzsiz qabiliyyət sahibisən.
– Hə, elədir.
– Deməli, sən bu gücü və fiziki imkanı xarizmaya çevirə bilməmisən. Bu qədər fiziki imkanla sənin üstünə yeriyiblər. Sən də hesab etmisən ki, bunları yerində oturtmaq üçün yumruqlarını işə salmalısan. Çox yanlış nəticəyə gəlmisən. Fiziki güc ondan ötrü deyil ki, özünü istənilən macəranın qəhrəmanına çevirəsən. Bir az daha ağır davranışlı adam olsan, kimsənin səninlə işi olmazdı. Indi biz ikimiz burada mübahisə etsək, kənardan baxan hamı dərk edəcək ki, iş davaya çıxsa, sən məni rahatca döyə bilərsən. Amma sən geri çəkilsən, hamı sənə hörmət edəcək. Sənin geri çəkilməyini kimsə qorxaqlıq kimi qiymətləndirməyəcək, əksinə, mənim tullanıb-düşməyimi qorxaqlıq kimi dəyərləndirəcəklər. Bundan sonra mənim tövsiyələrimə qulaq assan və adamları özünün fiziki gücünlə qorxutmağa çalışmasan, bütün qalan cəza müddətin rahatlıq və əminlik içində keçəcək. Əks halda, uzağı daha bir-iki nəfəri döyəndən sonra kütlə sənin üzərinə gələcək. Bir nəfər, üç nəfər, beş nəfər səndən qorxa bilər. Amma iyirmi nəfər səndən qorxmayacaq. Və günün birində, bu vaxta qədər cəzalandırdığın adamların gününə düşəcəksən…
Elxan başını ağır-ağır yırğaladı, həm də təsdiq mənasında:
– Qulaq as ee, belə sözləri bir də eşitməyəcəksən. Yekəliyinə salma…
Emin razılaşdı və bundan sonra bizim çox mehriban münasibətlərimizin əsası qoyuldu. Bütün korpus heyrət içərisində idi. “Kin-konq” tamam fərqli adam olmuşdu. Hətta ötəri münasibətlərdə bəzən onun üstünə də qışqıranlar olurdu və mən dərhal situasiyanı tutub, “belə şeylərdən sevinməlisən, çünki onlar artıq sənə özlərindən olan biri kimi baxırlar…” – deyirdim.
Həqiqətən də belə idi. Eminə qarşı etimadsızlıq, demək olar ki, aradan qalxmışdı. Hətta Idarədə də heyrətlənənlər vardı. “Niyə onun səsi-küyü çıxmır? Bir yerdə söhbət elədiyiniz barədə məlumatlar alırıq. Ona nə danışırsan?” – deyə soruşanlar olurdu. Mən isə, “heç nə. Adamın zəngin həyat təcrübəsi var. Xahiş edirəm ki, mənə da danışsın, başına gələnlərdən, görüb eşitdiklərindən”, – deyirdim.
Mən xəstəxanaya gedəndə Emin icazə alıb düz “Voronok”a qədər gəldi. Çantalarımdan birini də götürüb məni yola saldı. Xəstəxanada olanda Eminin komendaturaya çıxdığını öyrəndim. Telefon nömrəsini göndərmişdi. Bir-iki dəfə də zəng etdim ona. Amma sonra yenidən “zon”a qaytarıldı. Ya narkotik ilə ilişdi, ya dava-şava ilə, ya da komendaturanın aylıq pulunu verə bilmədi. Hər halda, geri qayıtdığını eşitdim. Və dalınca da daha pis xəbər gəldi: Elxan həbsxanadan çıxandan bir gün sonra evlərində vəfat eləyib… Sonra Emindən də yaxşı olmayan xəbər gəldi: korpusda dava düşüb, uşaqlar yığışıblar, nəhəng bir izdiham Eminin üstünə yeriyib, bu izdihamın qarşısını kəsmək mümkünsüz olub və Emin korpusdan çıxıb.
Sonra rabitə qırıldı…
***
Ərizə yazmalı idim. Bu ərizə olmadan xəstəxanaya gedə bilməzdim. Ərizədə göstərməli idim ki, xəstəxanaya nəyə görə getməliyəm və oradan nə istəyirəm. Tibb Idarəsinin rəis müavini yenidən gəldi və dedi ki, artıq müsbət rəy var, sən də başqa dustaqlar kimi xəstəxanaya gedib səhhətinlə bağlı narahatlıqları oradakı peşəkar həkimlərin həvəskar eksperimentlərinə təqdim edə bilərsən. Yazdığım bu ərizədə, qəbul edilən ümumi rəyə əsasən, dişlərimin əsaslı təmirə ehtiyacı olduğunu göstərdim və bir neçə gün sonra oraya yola düşəcəyimi dedilər.
Nəhayət, qərarın verildiyi həmin gün “Voronok”a doğru istiqamət götürdüm. Həmin gün barakların taxta döşəməsinin vurulub qurtardığı gün idi. Sabahı gün səhər yeməyindən sonra hamı öz çarpayısını götürüb yerinə qoymalı idi. Bir aya qədər davam edən “texniki-ictimai” xaos başa çatmışdı. Amma təəssüf ki, mən o anları müşahidə edə bilməyəcəkdim. Bütün günləri eyni qrafiklə, bir-birinə oxşayan əhəmiyyətsiz hadisələrlə təkrarlanan həbsxana üçün istənilən qarışıqlıq maraqlıdır. Yenə də ilkin yeniyetməlik dövrümdən əhval-ruhiyyə parçası xatırlatmaq istəyirəm: radionun seyrək, televizorun tək-tük, stasionar telefonların yox, mobil telefon təsəvvürlərinin ümumiyyətlə, mövcud olmadığı zamanlarda bizim kənddə dönəmin əhəmiyyətli hadisələri kənd arvadlarının dalaşma səhnələri olardı. Məsələn, belə bir olayı təsəvvür edin: 20-30 il əvvəl rəfiqə olmuş iki kənd qadını bulaq başında dava salıb 20 il əvvəlin sirrini necə aşkar edərlər. Biri o birinə: “A helbəri, helbəri, Çinayı sabun gəl bəri…” – deyir. (Çinayı – bizim yerli aborigenlərin şivəsində yaşılımtıl rəng demək idi). Yəni, qadının biri o birinə demək istəyir ki, sən ərindən əvvəl bir başqasını istəyirdin və o bir başqası da sənə çinayı rəngli əl-üz sabunu bağışlamışdı və mən bunu bilirəm. O biri qadın da cavabsız qalmır, bu birisinin sirrini bildiyini göstərir. Bu birisi qadının əri neft maşını sürür, buna görə də onun üstünə atılan replika neft rəngində olmalıdır: “Ağ tumanın xalı da var, ay nöyüt alan, nöyüt alan, nöyüt alan…” Yəni, mən də sənin neft satandan əvvəlki macəraların haqqında bilirəm və səsini kəs! Bu cür olaylar orta əsrlər (bizim eranın 1965-75-ci illəri) kəndi üçün fövqəladə olaylar idi, insanlar bu olaylarla nəfəs alır, bunları həftələrlə müzakirə edirdilər. Görmürsünüzmü, 40 il əvvəl olmuş bu hadisə mənim yadımda qafiyəsi ilə necə dəqiq qalıb? Hətta o qadınların adını da bilirəm, kimləri nəzərdə tutduğunu da, amma nəyimə lazımdır bu söhbətləri əbədiyyətə aparmaq.
Həbsxana da belədir. Heç nə ilə yadda qalmayan günlərin və həftələrin içindən belə hadisələri seçib yaddaşına yazmasan, oradan düşdüyün kimi, cinayətkar niyyətin daşıyıcısı olaraq çıxarsan…
Axşamdan yükümü tutub, “yəhərimi bağlayıb” hazır durdum. Qabaqdan qılınc kimi qış gəlirdi. Qalın yorğan-döşəyi Ziyaya tapşırdım: “Özün istifadə elə. Mən yəqin ki, yazqabağı gələcəyəm”, – dedim.
Millətin əhəmiyyətli hissəsi məni yola salmaq üçün qapının ağzına toplaşdı. Nəhayət, qapı açıldı və mən korpusun həyətindən itdim…
ardı var