Dünən Nigar Yaqublunun həbs qərarının dəyişdirilməməsi Azərbaycandakı rejimin fürsətcilliyini, siyasi qisasçılıq duyğusundan vaz keçmək fikrində olmadığını ortaya qoydu. Rejimin islahına ümid edənlərin isə həqiqətən də reallıq hissini itirdiyini göstərdi. Artıq Nigar məsələsi bir yol hərəkəti qəzasının sonucu olmaqdan çıxdı.
Bu, artıq həm də hüquqsuzluğa, ədalətsizliyə gedən yolda növbəti bir qəzadır.
Bu, artıq siyasi məsələdir. Heç bir mübahisəiz, heç bir dartışmasız!
Dünənki məhkəmə ilə bağlı vəkillərin açıqlamalarından sonra belə dartışma açanların mən ağlına da, vicdanına da şübhə edirəm.
Nigar Yaqublunun azad edilməməsinə səbəb kimi, əvvəlcə onun xaricə qaçmaq ehtimalını göstəriblər. Amma vəkillər xatırladıblar ki, hadisə olan günü Nigarın xarici pasportu onun üzərində olub və istintaq götürüb. Elə isə o necə ölkədən çıxa bilərdi?
Məhkəmə (adamın “məhkəmə” deməyə də ürəyi gəlmir, qorxursan ki, hər an ağzın əyilə bilər) görəndə ki, fakt qarşısında qalıb, bu dəfə də belə bir fərziyyə irəli sürüblər ki, guya Nigar Daxili Işlər Nazirliyinə müraciət edib, qısa müddət ərzində xarici pasport ala bilərdi. Indi vəkillər etiraz edir ki, bu da gülməlidir, DIN-in bir şöbəsində bir şəxs haqqında cinayət işi qaldırılıbsa, digər bir şöbəsi ona necə pasport verə bilər?
Əlbəttə, haqlıdırlar. Amma bu haqlı və məntiqli mövqe də məhkəməni sifarişi yerinə yetirməkdən çəkindirməyib. Görünür, qarşı tərəf vəkillərin son arqumentinə daha məntiqli arqumentlə qarşılıq verib: “DIN-in bir idarəsi guya Allah qoymasa, cinayətkarlıqla mübarizə apararkən DIN-in başqa bir idarəsindən cinayətkar, qanqster dəstəsi çıxa bilir də, onda niyə DIN-in bir şöbəsində bir şəxs haqqında cinayət işi qaldırılarkən, başqa bir şöbəsi ona pasport verə bilməsin?”
Əgər qarşı tərəf həqiqətən bu arqumentlə çıxış edibsə, məhkəmə-məzhəkənin Nigar haqqında qərarının qüvvədə saxlanılmasını anlamaq mümkündür. Daşdan keçən arqumentdir.
Bir xəyal qırıqlığının anlatdıqları
Nigar həbs edildiyi gün onun barəsindəki bu ağır, siyasi ayrı-seçkilikdən doğan qərarın dəyişdiriləcəyinə inandığımı yazmışdım.
Dünən də çoxları məhkəməni eyni inamla gözləyirdilər.
Bu inamların qaynağı fərqli ola bilərdi.
Amma əsas odur ki, hamı eyni xəyal qırıqlığını yaşadı.
Bu, bilirsinizmi nə deməkdir? Bu, o deməkdir ki,
Bir: biz nə qədər ki, qanunlara, hüquqa, ictimai rəyə bütün sayğınlığını itirmiş bir rejimdən hələ də yanlışından dönəcəyi gözləntisi içərisində olacağıq…
Iki: biz nə qədər ki, hansısa situasiyada “day bu qədər də ağ eləməzlər” deyə düşünməyə davam edəcəyik…
Üç: nə qədər ki, rejim bizi yeni bir pisliyi ilə heyrətləndirməkdə davam edəcək…
Dörd: biz nə qədər ki, rejimin əli ilə baş verən hansısa haqsız olaydan təəccüblənəcək, “bu qədər də olmaz axı!” deyə heyrətdən gözlərimiz bərələcək…
Beş: nə qədər ki, bu rejim bizim üçün sinfi düşmənə çevrilməyəcək, onunla istənilən məsələdə və istənilən formada anlaşmaq, əməkdaşlıq etmək cinayətə bərabər olmayacaq, o zamanadək nə bizim yaşadığımız bu xəyal qırıqlıqları bitər, nə də bu rejimin ömrü.
Həm anlayaq, həm anladaq bunu artıq!
Hansı döyər – Brüs Li, yoxsa Mil Li?
Bu aralar hər kəsin dilində iki sözdən biri “milli”dir.
Hər yazarın yazısında iki sözdən biri yenə “milli”.
Say-say, bitmək bilmir: “milli mənafe”, “milli maraq”, “milli birlik”, “milli həmrəylik”, “milli məsələ”.
Hər rəzilliyi, hər yalanı, hər yanlışı, hər xəyanəti, hər cinayəti bunların birilə malalamaq, əsaslandırmaq dəbə çevrilib.
Bir sözün nə qədər qüdrəti varmış! Nələrə qadirmiş bir söz!
Odur ki, təklif edirəm ki, “milli” sözü də bundan sonra titul olsun – həci, kərbəlayı, məşədi kimi. Məsələn, Milli Pənah Hüseyn, Milli Zahid Oruc, Milli Anar, Milli Qənirə, Milli Emin Milli.
Bəlkə birilərinin ürəyi soyudu.

Nigarı həbsdə saxlayan o arqument
•
•