Gəncə Qəza Məktəbi

Gəncədə ilk məktəblər necə yarandı?

XIX əsrin 30-cu illərinə qədər Azərbaycanda xüsusi imtiyazlı məktəblərdən başqa dövlətin açdığı heç bir kütləvi xalq məktəbi yox idi. 1827-ci ildə Şuşada Bazel missionerlərinin açdığı bir məktəb mövcud idi ki, burada da əsasən alman dili tədris edilirdi. 30-cu illər ərəfəsində Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Avropa Rusiyasındakı məhəllə məktəbləri tipində qəza məktəbləri adı ilə tədris müəssisələri açmağın ilkin layihəsi meydana gəldi. Qafqaz Komitəsinin tərtib etdiyi nizamnamə layihəsini nəzərdən keçirən Sipyagin ölkənin ehtiyaclarını nəzərə alaraq məhəllə məktəbləri deyil, birbaşa qəza məktəbi təsis etməyi lazım bildi. Bütün bunlar onunla nəticələndi ki, mərkəzi hökumət 1829-cu il avqustun 2-də Cənubi Qafqaz məktəblərinin ilk nizamnaməsini təsdiq etdi.
Ümumiyyətlə, Azərbaycanda xalq maarifi sisteminin tarixi bu nizamnamə ilə başlayır, çünki bu vaxta qədər Azərbaycanda nə maarif nizamnaməsi, nə xalq maarifinin ümumi sistemi, nə müəyyən büdcəsi, nə də müvafiq orqanı vardı. Cənubi Qafqaz məktəblərinin 1829-cu il nizamnaməsi ilə Azərbaycanda qəza məktəbləri adı altında ilk dövlət məktəblərinin – təhsilin əsasən rus dilində verildiyi dünyəvi təhsil müəssisələrinin əsası qoyuldu. Nizamnaməyə görə, bu məktəblərin Gəncə, Şuşa, Nuxa (Şəki), Şamaxı, Quba, Bakı, Naxçıvan və Ordubad şəhərlərində, Qazax distansiyasında açılması təsdiq edildi.
Ikisinifli qəza məktəblərinın hər birinə iki müəllim nəzərdə tutulmuşdu. Bunlardan biri Zaqafqaziya məktəbləri direktorunun təyinatı ilə həm də məktəbin nəzarətçisi (müdiri) vəzifəsini yerinə yetirirdi. Digəri şəriət və Azərbaycan dili müəllimi idi.
Bu illərdə meydana gələn və Azərbaycan məktəb tarixində mühüm yer tutan təlim müəssisələrindən biri də 1833-cü ilin fevralın 18-də əsası qoyulmuş Gəncə Qəza Məktəbidir. Məktəbin tədris planına şəriət, qiraət, hüsnxətt, hesabdan ilk dörd əməliyyat, rus və Azərbaycan dilləri daxil idi. Məktəbə daxil olanlardan heç bir təxmini bilik və ya savad tələb edilmirdi. Məktəb öz hüququna görə Rusiyadakı müvafiq təhsil müəssisələrinə bərabər idi, Gəncə Qəza Məktəbi ilk dəfə 38 şagird ilə işə başlamışdı. Şagirdlərin milli tərkibi beynəlmiləl idi. Burada azərbaycanlılarla yanaşı, ruslar və digər millətlərin uşaqları da təhsil alırdılar.
Yerli əhali məktəbə rəğbət bəsləyir, maddi vəsaitlə ona kömək edirdi. 1836-cı ildə məktəbə yardım üçün gümüş pulla 991 manat, əskinas ilə 165 manat 91 qəpik vəsait toplanmışdır. 1839-cu ildə isə məktəbin ianədən və qənaətdən toplanmış gümüş pulla 1.398 manat 35 qəpik, əskinas ilə 226 manat 30 qəpik fondu vardı. Bu vəsaitin miqdarına görə Gəncə Qəza Məktəbi digər məktəblərdən irəlidə idi.
Ilk dövlət maarif müəssisəsi
Gəncə Qəza Məktəbinin digər məktəblərdən bir fərqi və üstünlüyü də ondan ibarət idi ki, o, dövlət binasında yerləşirdi. 1836-cı ildə Gəncə Qəza Məktəbi üçün dövlət xəzinəsi hesabına xüsusi bina tikilməsi qərara alınmış və şəhərin mərkəzindəki açıqlıqda məktəb binası üçün müvafiq yer seçilmişdir. Məktəb binası 1840-cı il avqustun 20-də istifadəyə verilmişdir.
Gəncə Qəza Məktəbi Azərbaycanda dövlət tərəfindən tikilib istifadəyə verilən ilk maarif müəssisəsi idi. Qəza rəisi məktəbin fəxri nəzarətçisi təsdiq edilmişdir. Məktəbin nəzdində kiçik kitabxana da var idi.
Azərbaycan dili və şəriət müəllimi yerli ruhanilərdən olan Molla Abdulla molla Əliməmməd oğlu idi. O, 13 il həmin məktəbdə çalışmışdı. XIX əsrin ortalarında isə Gəncə Qəza Məktəbinin Azərbaycan dili və şəriət müəllimi vəzifəsində titulyar müşavir, Tiflisdə təhsil almış, əvvəlcə Tiflis gimnaziyasında, sonra isə Tiflis qəza məktəbində Azərbaycan dili və şəriət müəllimi olmuş Mirzə Ələkbər Nəzərov işləmişdir. Ruhani təbəqəyə mənsub olan Gəncə Qəza Məktəbinin müəllimləri içərisində M.Ş.Vazeh xüsusilə fərqlənirdi. O, 1846-cı ilin noyabrından 1850-ci ilin yanvarına qədər burada çalışmış və zəngin irs qoymuşdur. Məktəbdə çalışan digər fənn müəllimləri Rusiyadan göndərilmişdi.
1835-ci ildə Zaqafqaziya məktəblərinin yeni nizamnaməsinin təsdiqindən sonra Gəncə qəza məktəbi üç sinifli olmuş, burada Azərbaycan, rus dilləri, şəriət, hesab, hüsnxətt, tarix, ədəbiyyat, coğrafiya və həndəsə fənləri tədris edilmişdir.
XIX əsrin ortalarında məktəbin tədris planı müəyyən dərəcədə dəyişildi, plana bəzi yeni fənlər əlavə edildi. Məktəblərdə əməli əhəmiyyəti olan bəzi peşə, o cümlədən, hesabdarlıq, məhkəmə qaydaları, dəftərxana işləri öyrədilirdi. Məktəbin ştatı və vəsaiti də artmışdı. Gəncə Qəza Məktəbində oxuyanların sayı get-gedə artırdı. 1843-cü ildə şagirdlərin ümumi sayı 95 nəfərə, 1844-cü ildə isə 109 nəfərə çatmışdı. Şagirdlərin ümumi sayına görə, Gəncə qəza Məktəbi Naxçıvan, Şuşa, Bakı, Nuxa və Şamaxı qəza məktəblərindən irəlidə idi.
1869-cu ildə bütün Zaqafqaziyada mövcud olan 13 qəza məktəbini bitirənlərin ümumi sayı 44 nəfər idi ki, bunun da 18 nəfəri Gəncə Qəza Məktəbinin payına düşürdü. Bu da gəncəlilərin təhsilə daha çox meyilli olmasından, orta və ali təhsil müəssisələrinə daxil olmaq arzularından irəli gəlirdi. Gəncə Qəza Məktəbi 38 il fəaliyyət göstərdi. Gəncə quberniyasının təşkili və Gəncənin quberniya mərkəzi olması ilə əlaqədar Gəncə Qəza Məktəbi 1871-ci ildə gimnaziyanın təşkilinə də əsas verdi.
Yeni məktəblərə açılan yol
Gəncə Qəza Məktəbi, mövcud olduğu dövrdə, təkcə Gəncədə əhalinin savadlanması işində deyil, həm də ətraf yerlərdə yeni-yeni məktəblər açılmasında müəyyən rol oynamışdır. Qəza məktəblərinin açılması və fəaliyyəti nəticə etibarilə yeni tip məktəblərin yaranmasına əsas verdi. 31 may 1872-ci il tarixli xüsusi nizamnamə ilə qəza məktəbləri şəhər məktəbi adlanan yeni tip məktəbə çevrildi. Şəhər məktəblərinin təşkilində hökumətin əsas məqsədi bütün təbəqələrdən olanların uşaqlarına ibtidai əqli və dini-əxlaqi təhsil verməkdən ibarət idi. Nizamnaməyə görə, şəhər məktəbləri bir, iki, üç və dörd sinifdən ibarət ola bilərdi. Gəncə Qəza Məktəbi 1874-cü ildə şəhər məktəbinə çevrildi. Şəhər məktəbləri Azərbaycanın iqtisadi, ictimai və mədəni həyatında xeyli rol oynadı. Bu məktəbin məzunları mülki işlər üzrə müvafiq dövlət qulluğuna getməkdən əlavə, ölkənin müxtəlif ixtisas məktəblərinə daxil olurdular. Bu məktəblərin nəzdində qısamüddətli pedaqoji kurslar açılması və həmin məktəbin məzunlarının ora cəlb edilməsi azərbaycanlılardan müəllim kadrları hazırlığının başlanğıcını qoydu.
Ümumiyyətlə, haqqında söhbət gedən məktəbin təşkili o dövrdə təkcə Gəncədə deyil, bütövlükdə Gəncəbasarda yeni-yeni xalq məktəblərinin yaranmasına əlverişli zəmin hazırladı.
XIX əsrin 70-ci illərində Gəncə quberniyasının yaranması, Gəncənin quberniya mərkəzinə çevrilməsi burada qadın və klassik kişi gimnaziyasının təşkili ilə nəticələndi. Bu məktəblərin yaranması Gəncə quberniyasında yeni tipli ziyalıların ilkin dəstəsinin meydana çıxmasına səbəb oldu.
Dünyəvi məktəblərin meydana gəlməsi yeni müəllim kadrlarının hazırlığına və təlimin asan mənimsənilməsinə xidmət edən səs üsulu ilə yazılmış ana dili dərsliklərinin meydana gəlməsinə səbəb oldu.
XIX əsrin sonları və XX əsrin əvvəllərində təkcə Gəncə quberniyasında dünyəvi təhsil verən 159 məktəb fəaliyyət göstərirdi ki, burada 12878 şagird, o cümlədən, 2225 qız təhsil alırdı. 356 ənənəvi milli məktəbdə isə 3813 şagird təhsil alırdı.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir