Nurəddin Məmmədli: “YAP əslində, bununla Ictimai Palatanın gücünü etiraf etdi”
Ictimai Palata YAP-ın təklifini qəbul edərək, Ramil Səfərovla bağlı Avropa Parlamentinə ünvanlanan müraciətə birgə imza atdı. Ictimai Palatanın təmsilçiləri müraciətin mediada yayımlanan mətnilə tanış olduqdan sonra müxalifətin bu sənədə qoşulmasını məqbul hesab ediblər.
AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, ümumiyyətlə, Ictimai Palata həmişə ölkənin ümummilli problemlərini iqtidarla müzakirə etməyə hazır olub. Onun sözlərinə görə, heç kim AXCP-nin hakimiyyətə qarşı prinsipial mövqedə dayandığını dana bilməz: “Biz Azərbaycan zabiti Ramil Səfərovun azad olunmasını müsbət hal kimi dəyərləndiririk. Onun müdafiəsində, qorunmasında iştirakı da özümüzün vətəndaşlıq borcumuz kimi qiymətləndiririk. Belə bir məqamda bu prosesdən kənarda qalmaq bütövlükdə Azərbaycanın milli maraqlarına uyğun olmayan davranış kimi qəbul oluna bilərdi. Ona görə də mən bu cür prosesdə iştirakı düzgün hal kimi dəyərləndirirəm”.
N.Məmmədli eyni zamanda, sənədə məhz YAP-ın qərargahında imza atılmasıyla bağlı tənqidlərə də münasibət bildirib. Onun sözlərinə görə, YAP-ın qərargahında keçirilən tədbirin hakim partiya tərəfindən başqa cür təqdim olunması iqtidarın ambisiyasından, siyasətə şəxsi maraq prinsipilə yanaşmasından irəli gəlir: “Məsələnin texniki tərəflərini onun mahiyyətinə qarşı qoymaqla, mahiyyəti kölgədə saxlamaq cəhdi başadüşülən deyil. Yəni, bu texniki cəhətlər Azərbaycan vətəndaşının müdafiə olunması kontekstini kölgədə saxlamamalıdır. Əgər burada hər şeyi öz adı ilə çağırsaq, YAP bu məsələdə ədəbsiz davranıb. Ramil Səfərov Azərbaycanın ümummilli məsələsidir və bu məsələnin həlli üçün bir qədər neytral məkan da seçilə bilərdi. Amma bütün bunlarla bərabər onu da qeyd etmək istəyirəm ki, məsələnin mahiyyətinə xüsusi önəm verilməlidir. Ən nəhayət, Azərbaycanda hazırda Əliyevlərin şəkli olmayan yer tapmaq mümkündürsə, oranı mənə göstərin, mən də oradan uzaq gəzim”.
AXCP yetkilisi deyir ki, baş verənlər əslində, Ictimai Palatanın gücünü və hakimiyyətə real alternativ olduğunu göstərdi. Bu tədbirə aparıcı müxalifət partiyalarının təmsil olunduğu Ictimai Palatanın dəvət olunması bu təşkilatın beynəlxalq aləmdə hakimiyyətə alternativ güc mərkəzi kimi qəbul olunmasından irəli gəlir: “Hakimiyyət sübut etmək istəyir ki, Ictimai Palata da bizim mövqeyimizdədir və biz birgə addımlar atırıq. Bunun başqa aspektləri də var. Azərbaycanda avtoritar rejimin mövcudluğu və bu rejimdə hər şeyin yalnız bir ailə, bir adam tərəfindən müəyyən edilməsi kontekstində kənara çıxmaların olduğunu nümayiş etdirmək istəyirlər. Hakimiyyət bu addımı atmaqla Ictimai Palatanın həm ölkə daxilində, həm də ölkə xaricində nüfuzunu qəbul etmək məcburiyyətində olduğunu etiraf etdi”.
Xəyal