Hamını suçlama: gerçəyi ört-basdır etmək üçün

Yazmışıq, bir daha yazırıq: Ramil Səfərovla bağlı baş verənlərin – onun ölkəyə gətirilib məhkəməsiz bağışlanması, sonra da ardıcıllıqla ödüllənməsinin arxasında – 48 milyard dollarlıq oğurluq faktı, bu DƏHŞƏTLI faktı ört-badır etmək istəkləri durur. Ingiltərə parlamentinə bağlı “Düzgün vergi sistemi” qurumunun açıqlamasına görə, ata-oğul Əliyevlərin hakimiyəti dönəmində – 1993-2010- cu illərdə Azərbaycandan təkcə offşor zonalara oğurluq yolla 48 milyard dollar pul ötürülüb (Istəsəniz, 75 milyon dollarlıq Dubay oğurluğunu da 48 milyard dollarlıq oğurluğun üstünə gələ bilərsiz). Istər milyon olsun, istər milyard, oğurluq oğurluqdur, başqa cür desək, qanun pozuntusudur, cinayətdir – kimsə bu cinayətə görə cavab verməlidir. Bir belə oğurluq faktı Azərbaycana, xalqa, dövlətə xəyanət deməkdir – bu xəyanətə görə kimsə cavab verməlidir. Kim? Sözsüz, 1993-2010-cu illərdə ölkənin, dövlətin başında durmuş kimsələr. Milli maraqların, Dövlət maraqlarının qorunması baxımından ortada bir sorunlu subyekt də var – Milli təhlükəsizlik nazirliyi. Bizdə bütün başqa dövlət strukturları birbaşa Prezident Administrasiyasından asılı olduğundan ortadakı DƏHŞƏTLI oğurluq faktı ilə bağlı araşdırma aparılması, cinayət-xəyanət subyektlərinin bəlirlənməsi üçün prezident göstəriş verməlidir.
Prezident 48 milyard dollarlıq (+75 milyon dollar) oğurluq faktı ilə bağlı araşdırma aparılmasına göstəriş vermək yerinə, bir sıra dünya qurumlarını, senatorları “rüşvətxor”, “riyakar”, “satılmış” adlandırır. Ən başlıcası, AŞ PA başqanını suçlamada bulunur. Sözümüz yox, bu suçlamaların hamısında doğruluq, gerçəklik payı var. Acaq… Azərbaycan xalqı üçün önəmlisi bu deyil, 1993-2010-cu illərdə Azərbaycandan 48 milyard dolları kimlərin oğurlamasıdır. Bu böyük oğurluq faktına görə Azərbaycan xalqı 1993-dən bu yana yoxsulluq-yolsuzluq burulğanında burum-burum burulmaqdadır. Bu illərdə milyonlarla azərbaycanlı yoxsulluq üzündən baş götürüb ölkədən gedib. Bu illərdə yoxsulluğun yaratdığı çətinliklər, dözülməz durum üzündən Azərbaycanda minlərlə ailə dağılıb, minlərlə adam özünü öldürüb. Qanunsuzluq, cəzasızlıq üzündən böyük oğurluq faktları bu gün də sürməkdə, eləcə də ölkə üçün, xalq üçün öldürücü neqativ sonuclar doğurmaqdadır. Bütün bunlara görə suçlu hansısa “rüşvətxor”, “riyakar”, “satılmış” avropalılar, amerikalılar deyil, 1993-dən bu yana Azərbaycanda qurulan antimilli, antidemokratik rejimdir, bu rejimin başında duranlardır!
Xocalı qırğınını törətmiş terrorbaşı Sərkisyanla gülə-gülə, sevinə-sevinə görüşlər keçirən I.Əliyev bildirir: “…bizim əsas düşmənimiz erməni lobbisidir”. Görünür, 93-də Azərbaycanın neft-qaz resurslarını, eləcə də altı rayonu verməklə ölkədə indiki antixalq rejimini quran erməni lobbisi imiş. Görünür, 93-94-cü illər arasında Azərbaycan ordusunu qırğına verən də, Qarabağda uğurlu döyüşlər aparmış “OMON”u Bakıda darmadağın eləyən də erməni lobbisi olub. Görünür, 93-dən bu yana Azərbaycanda təhsil, sağlamlıq sistemlərini xalqın qanını içməyə yönəlmiş rüşvət sisteminə, korrupsiyanı dövlət diyasətinə çevirən də erməni lobbisidir. Görəsən, 93-dən bu yana ölkədə məhkəmə-hüquq sistemini antihüquq – antixalq sisteminə kim çevirib? Sözsüz, erməni lobbisi! Elə Qarabağ savaşı əlillərini, veteranlarını dövlət-rüşvət bazarında dilənçi kökünə salan da erməni lobbisi olar…
Demokratik dünya illərdir Azərbaycanda korrupsiyanın qarşısının alınmasını, siyasi dustaq sorununun aradan qaldırılmasını, monopoliyalara son qoyulmasını, bütün bunlardan ən önəmlisi – demokratik seçki keçirilməsini istəyir. Illərdir bu dörd istəyin biri də yerinə yetirilmir: Azərbaycanın dirçəlişinə yol verməmək üçün. Bizim başlıca düşmənimiz – erməni lobbisinin istəyinə uyğun olaraq!