Moskvada “Milyonların yürüşü” oldu, 100 minə yaxın etirazçı aksiyaya qatıldı
Rusiya müxalifəti növbəti kütləvi etiraz aksiyası keçirib. “Milyonların yürüşü” adlı aksiyaya müxtəlif partiya və QHT-lərin, gənclər hərəkatlarının üzvləri qatılıb.
Yürüş Bakı vaxtı ilə saat 15:00-da Moskvanın Puşkinski meydanında başlayıb. Yürüşün marşrutu Puşkinski meydanı-Bulvar dairəsi-Saxarov prospekti olub. “Milyonların yürüşü”nə start verilən kimi müxtəlif qruplar Puşkinski meydanından müəyyənləşdirilmiş istiqamət üzrə hərəkətə başlayıblar. Aksiyaya qatılanların sayı barədə müxtəlif rəqəmlər səslənir. Paytaxt polisi yürüş-mitinqə 11 min nəfərin qatıldığını bildirib. Müxalif fəallar isə aksiyaya 100 minə yaxın etirazçının gəldiyini açıqlayıb.
“İnqilab, ancaq inqilab!”
“Milyonların yürüşü” başlanandan qısa müddət sonra aksiya iştirakçıları havaya ağ şarlar və ağ göyərçinlər buraxıblar. Yürüşə bir neçə qrup müxtəlif istiqamətlərdən qoşulub. Aksiya iştirakçıları “Rusiyasız Putin!” şüarları səsləndiriblər. Müxalif lider Sergey Udaltsov kolonun önündə hərəkət edərək Rusiya prezidenti Vladimir Putin və hökumət əleyhinə şüarlar səsləndirib. Udalçov prezident Putin və baş nazir Dmitri Medvedevi mitinqə dəvət edərək, onları müxalifətlə dialoqa çağırıb. Solçuların kolonu meydanın mərkəzinə doğru hərəkət edərək, “Siyasi məhbuslara azadlıq!”, “Inqilab, ancaq inqilab!” şüarları səsləndiriblər.
“Ata, Putini qov!”
“Pussy Riot” qrupunun dəstəkçiləri də aksiyaya qatılanlar arasında olub. Onlar “Ata, Putini qov!” yazılmış plakat qaldırıblar. Puşkinski meydanına toplaşan anarxistlər “Polis dövlətinə yox!” plakatı qaldıraraq yürüşə qoşulublar. Anti-kapitalistlərin kolonuna qoşulanlar isə dövlət strukturlarında çalışanları ümumi tətilə çağıran şüarlar səsləndiriblər.
Saxarov prospektinə doğru hərəkət edən aksiya iştirakçılarının əksəriyyəti həbsdə olan “Pussy Riot” qrupunun üzvlərinə dəstək ifadə ediblər. Onların əksəriyyəti “Fırıldaqçılar və oğrular mühakimə olunsun!”, “Putinsiz Rusiya!” şüarları yazılmış plakatlar qaldırıblar. Yürüş-mitinqin son dayanacağı Saxarov prospekti olub. Aksiyaya qatılanlar Saxarov meydanında yerlərini aldıqdan sonra mitinq açıq elan olunub.
“Daloy, Putin!”
Mitinqi müxalifət lideri Ilya Yaşin açıb. O bildirib ki, hakimiyyətin qadağalarına baxmayaraq, aksiyaya qatılanların sayının çoxluğu insanların ölkədəki problemlərə, qanunsuzluqlara və korrupsiyaya biganə qalmadıqlarının sübutudur.
Yaşin çıxış üçün yazıçı Sergey Şarqunova söz verib. Yazıçı, Putin hakimiyyəti əleyhinə çıxış edərək, “Rusiya qanun istəyir!”, “Rusiya ədalət istəyir!” şüarlarını səsləndirib. Mitinq iştirakçıları yazıçının çıxışına dəstək olaraq, “Daloy, Putin!” şüarını səsləndiriblər. Şarqunov həmçinin hökuməti siyasi məhbusları azad etməyə çağırıb.
Daha sonra tribunaya srağagün Dumanın iclasında hakim partiyanın tələbilə mandatı əlindən alınmış deputat Gennadi Qudkov çıxıb. Mitinq iştirakçıları keçmiş deputatı alqışlarla qarşılayaraq, “Əhsən, əhsən!”, – deyə ona dəstəklərini ifadə ediblər. Qudkov çıxışında ayrı-ayrı müxalif qrupları birliyə səsləyib. Mandatı əlindən alınmış deputat hökumətin zəiflədiyini, nüfuzunun aşağı düşdüyünü deyərək, xalqı bundan istifadə etməyə çağırıb. Gennadi Qudkov bundan sonra da bir neçə kütləvi aksiyaların keçirilməsi təklifini irəli sürüb.
“Qorxmayın, meydanlara çıxın!”
Tribunaya dəvət olunan şair Dmitri Bıkov xalqı, vətəndaş cəmiyyətini birliyə vadar etdiyi üçün hakimiyyətə minnətdarlıq edib. Şair evində oturanları “qorxaq” adlandıraraq, onları ölkənin problemlərinə biganə yanaşmamağa çağırıb: “Qorxmayın! Burada olmaq – insan olmaq qorxulu deyil! Dəhşətli olan təhqirlərə, aşağılanmağa dözməkdir”.
Bıkovun bu sözlərindən sonra meydana toplaşanlar “Küçələrə çıx, şəhəri fəth et!” şüarını səsləndiriblər.
Mitinq zamanı çıxışlara qısa müddətli pauza verildiyi vaxt meydandakı etirazçılar hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Onların arasında ən çox səsləndirilən şüarlar “Rusiya azad olacaq!”, “Oğrular həbs olunmalıdır!”, “Putinsiz Rusiya!”, “Siyasi məhbuslar azad olunsun!”, “Ədalətli seçkilər!” olub.
Nemtsov Putini ifşa etdi
Daha sonra söz müxalifətin başqa bir lideri Boris Nemtsova verilib. Nemtsov Rusiya müxalifətinin vahid sosial tələblərə dair razılıq əldə etdiyini açıqlayıb. O, sağçılar və solçuların tələbləri arasında sərbəst toplaşmaq azadlığının bərpası, təhsil haqlarının, kommunal və səhiyyə xidmətlərinin qiymətinin aşağı salınmasının olduğunu bildirib. Nemtsov bir müddət öncə prezident Vladimir Putinin varidatı və korrupsiya əməlləri barədə hazırladıqları hesabatı mitinq iştirakçılarının diqqətinə çatdırıb. Aksiya iştirakçıları müxalifət liderinin çıxışına “Oğru və fırıldaqçı hökumət rədd olsun!”, “Rusiya azad olacaq!” şüarları ilə dəstək veriblər.
6 may mitinqində həbs olunan siyasi məhbus Artyom Savelovun atası Viktor Savelov da tribunaya dəvət olunub. Siyasi məhbusun atası mitinq iştirakçılarına üzünü tutaraq deyib: “Ölkə bu vəziyyətdə olduğu halda, bir şey edə bilmədiyimiz üçün utanıram. Gənclər, öz haqqınız uğrunda mübarizə aparın!”
Mitinq iştirakçıları 66 yaşlı Savelovun çıxışına “Birimiz hamımız üçün, hamımız birimiz üçün!” şüarıyla cavab veriblər.
“Putin tiranlarla razılaşıb”
Millətçi fəal Aleksandr Belov-Potkin çıxışında maraqlı məqamlara toxunub. O, Putinin tiranlarla razılaşdığını və buna görə də həmin ölkələrdə yaşayanların Rusiyaya axışmasına göz yumduğunu söyləyib.
Daha sonra çıxış edən şahmat üzrə dünya çempionu Harri Kasparov müxalifətin aksiyalarının mövsümi xarakter daşımadığını bildirib. Müxalif fəal hakimiyyəti ağıllı tərpənərək demokratik institutların fəaliyyətini bərpa etməyə çağırıb.
“Milyonların yürüşü” mitinqinin qətnaməsində qeyd olunub ki, Rusiya hökuməti müxalifətin bundan öncəki aksiyaları zamanı qaldırılan heç bir tələbi yerinə yetirməyib. Son aylarda ölkənin iqtisadi-sosial həyatında geriləmə sürətlənib. Qətnamədə “Milyonların yürüşü” aksiyasının tələbləri öz əksini tapıb. Sənəddə siyasi məhbusların azad edilməsi, sosial-iqtisadi islahatların keçirilməsi, parlamentin buraxılması, yenidən azad və ədalətli seçkilərin təşkili, müxalif və müstəqil təşkilatların fəaliyyətinə törədilən maneələrin aradan qaldırılması tələb olunub.
Yürüş-mitinq Bakı vaxtı ilə saat 23:00-da başa çatıb. Çıxışçılardan sonra müxtəlif musiqi qrupları tribunaya çıxaraq, siyasi mahnılar ifa ediblər.
Tural