Hərəyə iki qəzet alın!

«Azadlıq»dan oxucularına növbəti müraciət

Artıq bir neçə gündür ki, Azərbaycanın tanınmış ziyalıları, ictimai-siyasi xadimləri “Azadlıq” qəzetini düşdüyü bu böhranlı vəziyyətdən xilas etmək üçün ölkə ictimaiyyətinə çağırışlar edirlər. Eyni zamanda, “Azadlıq” qəzeti də oxucularına və Azərbaycanda azad sözün yaşamasını, məhv olmamasını istəyən hər kəsə üz tutaraq bu dar gündə onlardan kömək istəyir, bu arzuda onlar üçün bank hesabı da təqdim edir.
Xüsusi vurğulamaq istərdik ki, bu qısa zamanda həm bizim, həm də ölkə ziyalılarının səsinə səs verənlər tapılıb və “Azadlıq”a dəstək verənlərin sayı günbəgün artmaqdadır. Onların arasında Azərbaycanda yaşayanlardan tutmuş, mühacir həyatı yaşayan soydaşlarımıza qədər ən müxtəlif kateqoriyalı insanlar var. Bugünlərdə redaksiyamıza gələrək 90 manatlıq təqaüdünün hamısını “Azadlıq”a köçürmək istəyən 91 yaşlı alimin qəzetimizə təsirli dəstəyindən də yəqin xəbərdarsınız.
Bugünə qədər “Azadlıq”ı tək qoymayıb ona bacardığı dəstəyi göstərən bütün insanlara dərin təşəkkürümüzü bildirir, onlara tək “Azadlıq”ın yox, bütövlükdə azad sözün yaşaması uğrunda atdıqları bu təqdirəlayiq addıma görə minnətdarlıq edirik. Amma eyni zamanda onu da diqqətə çatdırmaq istəyirik ki, qəzetin hazırkı durumu bizləri bütün azadlıqsevərlərdən, “Azadlıq” oxucularından bir qədər də dəstək istəməyə vadar edir. Oxucularımızdan müvəqqəti də olsa, bir yox, iki qəzet almağı, abunə yazılanlardan isə iki nəfərin yerinə abunə yazılmağı xahiş edirik. Əmin olun ki, etdiyiniz bu fədakarlıq Azərbaycanda azadlıqların boğulmaması, ədalətin təntənəsi uğrunda aparılan mübarizə yolunda tarixi xidmətiniz olacaq.