cudo-pecka3

“Çudo Peçka”ya hücumun “Sirr”li səbəbi

cudo-pecka3Məşhur mağazalar və kafelər şəbəkəsi kimə görə sıradan çıxarılır?

Kəmaləddin Heydərov Heydər Babayevə qarşı açıq savaşa başladı

“Çudo Peçka” mağazalar və kafelər şəbəkəsində ciddi yoxlamalara başlanması medianın gündəmini zəbt edib. Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yoxlama nəticəsində antisanitariya qaydalarını aşkarladığını mətbuata açıqlayıb.
Belə ki, Binəqədi rayonu, C.Xəndan 36 ünvanındakı “Çudo Peçka” MMC-də kulinar və unlu-qənnadı məhsulların istehsalına dövlət nəzarəti həyata keçirilərək müəssisənin 16 ünvanda fəaliyyət göstərən satış nöqtələrində müxtəlif məhsulların istehsalı  həyata keçirilir. Ancaq bu məhsulların təsdiq olunmuş reseptləri, texnoloji təlimatları yoxlamaya təqdim olunmayıb. Bundan başqa, qablaşdırmadan tutmuş, məhsulların saxlanma rejimi, tərkibi və istehsal vaxtına dair ciddi nöqsanlar aşkar edilib. Bir sözlə, müxtəlif məhsullara aid araşdırmaların mənfi nəticəsi barədə mətbuatda geniş açıqlama verilib.

Heydər Babayevin tam çökdürülməsi…

Azərbaycanda artıq özünü təsdiq etmiş satış markası olaraq bu mağazalar şəbəkəsinin birdən-birə hədəfə tuş gəlməsi cəmiyyətə maraqlı olduğundan orada məqsədli şəkildə, yoxsa doğrudan da qüsur və nöqsanlarına görə yoxlamalar aparılmadığını araşdırmaq üçün sözügedən şirkətin bir neçə mağazasında olduq. Metronun “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının yaxınlığında və başqa ünvanlarda yerləşən ofislərin administratorlarıyla görüşüb söhbət eləmək istəsək də, onlar heç bir şey danışa bilməyəcəklərini bildirdilər.
“Çudo peçka”nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüqar Babayla telefon əlaqəsi yaradıb baş verənlərə aydınlıq gətirməsini söylədik. O, hələlik bu barədə açıqlama vermədiklərini dedi.
Ancaq biz “Azadlıq” olaraq araşdırmalara başladıq və yeni məlumatlar əldə etdik.
Öncədən qeyd edək ki, “Çudo Peçka” MMC 2001-ci ildən fəaliyyət göstərir. Şəbəkənin paytaxtda 10-dan artıq mağaza-kafesi var. “Çudo Peçka” mağazalar şəbəkəsi iş adamı Çingiz Cəlilovun olub. Ancaq bir müddət əvvəl satışa çıxarılıb. Səbəb isə bankdan götürdüyü böyük məbləğdə krediti qaytara bilmədiyi üçün mağazalar şəbəkəsinin onun əlindən alınmasıdır. Iş adamının 2 milyon manata qədər kredit borcu olduğu və bu üzdən də onun biznes şəbəkəsinə daxil olan “Çudo Peçka”lar əlindən alınıb. Çingiz Cəlilovun borcu keçmiş iqtisadi inkişaf nazirinə məxsus “Bank Standart”a olduğu üçün mülkiyyət də ona verilib.
“Çudo Peçka”ya qarşı bu cür total hücumun olması onu göstərir ki, oliqarxlar Heydər Babayevin geniş biznesə sahib olmasını istəmir. Əgər belə olmasaydı sabiq nazirə qarşı hər hansı bir “sanksiya” tətbiq edilməzdi. Axı, Heydər Babayev siyasətdə yoxdur, işi yalnız biznesini genişləndirməyə yönəlib. Bu isə o deməkdir ki, kimlərsə onun qarşısına sədd çəkmək istəyir.

“Fövqəlnazir”in mediası hücuma başladı

Biz “Çudo Peçka” mağazalarında olanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytında (http://www.azstand.gov.az/?id=16&;sub_id=45&lang=1) yayımlanan şəkillərin bir ünvanda çəkildiyinin şahidi olduq. Bizə məlumat verən qaynaq deyir ki, “Çudo Peçka”ların əksər mağazaları təmir olunub. Hazırda şəbəkənin bir neçə kafesi təmir olunur ki, şəkillər də məhz orada çəkilib. Bəs, bu mağazalara hücumu kimlər təşkil edir? Sualın cavabına gəlməzdən öncə bir şeyi qeyd etmək lazımdır – bura hücum edən oliqarx ya “Çudo Peçka”ları Heydər Babayevin əlindən alıb öz nəzarətinə keçirmək, ya da öz şirniyyat evini genişləndirmək üçün bazarın əsas pay sahibi olan bu şirkəti sıradan çıxarmaq istəyir.
Əldə etdiyimiz məlumata görə, “Çudo Peçka”ya hücumun arxasında Fövqalədə hallar naziri Kəmaləddin Heydərov dayanır. Belə ki, “fövqəlnazir” sahibi olduğu “Sirr” şirniyyat evini bazarda əsas güc etmək üçün “Çudo Peçka”nı “xəritədən silməlidir”.
Təsadüfü deyil ki, Kəmaləddin Heydərovun nəzarətində olan qəzet və saytlar, eləcə də ATV və “Space” telekanalları (bu iki kanal “Fövqəlnazir”in olmasa da, sözü keçir – R.D.) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı məlumata əməlli-başlı yer ayırıb.
“Azadlıq”a məlumat verən qaynaq deyir ki, “Çudo Peçka” son illərə qədər müflisləşməyə doğru gedirdi. Ancaq şirkətin rəhbərliyi çeşidləri bol edərək, yeni ofislər açaraq, sifarişlər qəbul edərək yenidən dirçəldi. Artıq bu şirniyyat şəbəkəsində işçilərin də maaşı qaldırılıb və bütün əməkdaşlar alıcıların qarşısına uniformalarla çıxırlar. Bundan başqa, “Çudo Peçka”nın paytaxtın hər yerində reklam lövhələrinə rast gəlmək mümkündür. Bütün bunlar şirkətin irəlilədiyini göstərir və bu üzdən total hücumlar var.

Komitənin nə marağı var?

Işin maraqlı tərəfi də odur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şirkətlərdə yoxlama apararkən nöqsanları tapandan sonra öncə yaymır. Bir-iki gün gözləmə mövqeyində olur. Qarşı tərəfdən heç bir səs çıxmadıqda məlumatı yaymağa başlayır. Bizimlə söhbət edən bir neçə şirkət rəhbərləri deyirlər ki, bu cür olay onların da başına gəlib. Onlar pul vermədikləri üçün mediada “ifşa” olunub.
Azad Istehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov “Azadlıq”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, un məhsulları bazarında bu cür problemlər yaşanır. Qurum sədri istehlakçılara xitabən söylədi ki, tort və kekslərin saxlanma müddəti 36 saatdan çox ola bilməz: “Ancaq ”Çudo Peçka” şəbəkələrində, xüsusilə də un məmulatlarının üzərində müvafiq qanuna zidd olaraq malların buraxılma tarixi və yararlılıq müddəti yazılmır. Əhaliyə vaxtı keçmiş məhsullar satılır. Dövlət orqanları bu məsələ ilə ciddi məşğul olmalıdır”. Eyyub Hüseynov onu da bildirdi ki, bugünlərdə məhsulların keyfiyyəti və etiketlənməsindəki vəziyyət barədə dövlət başçısına xüsusi müraciət ünvanlayıb: “Bu sahədə ciddi problemlər yaşanır. Təmsil etdiyim quruma sözügedən mağazalar şəbəkəsi və digər un-qənnadı məmulatları şəbəkələri barədə mütəmadi şikayətlər gəlir. Bu məsələ rəsmi şəkildə diqqətdə saxlanmalıdır. Vaxtı keçmiş məhsulların satışı və xammalın təkrar emalı istehlakçıların sağlamlığına birbaşa zərbədir”.

***

Aysberqin görünən və görünməyən tərəfi var. Biz “Çudo Peçka”ya hücumun görünməyən tərəflərini araşdırmağa cəhd etdik. Burada isə çox vaxt olduğu kimi yenə də Kəmaləddin Heydərov adı hallandı. Proseslər bu cür davam edərsə, yəqin ki, alıcılar bir müddətdən sonra “Çudo Peçka”nın qapılarının möhürləndiyini görəcək…

Ramin DEKO