15sentyabr-ip-ziyaret2

İctimai Palata Bakının azadlığı gününü izdihamla qeyd etdi

15sentyabr-ip-ziyaret2Müxalifətdən hakimiyyətə sərt suallar göndərildi: “Niyə burada dövlət törəni yoxdur? Bəlkə…”

15 sentyabr 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz-İslam ordusunun Bakını “Sentrokaspi diktaturası” hökumətindən və daşnaklardan azad etməsinin 94-cü il dönümünü İctimai Palata kütləvi ziyarətlə yad etdi.
İP tərfədarı saat 12:00-da Şəhidlər Xiyabanında topalaşaraq  şəhid türk əskərləri üçün qoyulan abidəyədək yürüş etdilər.  Şəhid adlarının yazıldığı lövhələrin üzərinə tər qərənfillər düzüldü, şəhidlərin ruhuna dualar oxundu.
İP liderləri, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər anıma gələnlərin önündə qısa çıxışlar edərək, qəhrəman hərbiçiləri, azadlıq döyüşçülərini yad etdilər.

Azərbaycanı başsız və Bakısız qoymayan tarixi gün

Əli Kərimli bildirdi ki, bu gün Azərbaycan tarixinin ən önəmli günlərindən biridir

“Böyük Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, 28 may İstiqlal günüdən sonra 15 sentyabr xalqımızın ən önəmli bayramıdır.
Bizlər gözümüzü açıb Bakını Azərbaycanın Paytaxt kimi görmüşük. Biz heç Azərbaycanı Bakısız təsəvvür edə bilmirik. Amma o zamanlar, 94-95 il əvvəl Azərbaycanın üzərində məkrli oyunlar qurulmuşdu. İmperiya Bakını Azərbaycandan ayırmaq istəyirdi. Məhz belə bir zamanda türk qardaşlarımız köməyimizə gəldilər. Onlar Azərbaycan Xalq Cumhuriyyətinin könüllüləri ilə birləşərək ağır savaşlardan sonra Bakını işğaldan azad etdilər.
Nə qədər əhəmiyyətli hadisə baş verdi!
Bir anlıq düşünün ki, o zaman Bakını azad etmək mümkün olmasaydı, biz nə zaman onu azad edərdik?
Biz o qaranlıq illərdə itirdiyimiz hansı torpaqları sonradan qaytara bildik? Məhz 15 sentyabr qələbəsindən sonra Azərbaycan başsız, Bakısız qalmadı. Bunun tarixi əhəmiyyətini başa düşmək lazımdır. Və hər zaman bunu millət olaraq bir birimizə izah edib, gələcək nəsillərə çatdırmalıyıq”.

Əli Kərimlidən kəskin suallar

AXCP sədri daha sonra hakimiyyətə kəskin suallar ünvanladı: “Bakının o zaman işğaldan azad olunması iki böyük tarixi həqiqətə şahidlik edir.
Birincisi, əməldə, işdə sübut olundu ki, Azərbaycanla Türkiyə əvəzolunmaz qardaş, dostdurlar . Yalnız qardaşlar biri-birinin torpağı üçün canından keçib, qanını axıda bilərdi.
İkincisi, Bakının işğaldan azad olunması Azərbaycan Xalq Cumhuriyyətinin böyük qələbəsi idi. AXC yalnız 23 ay hakimiyyətdə ola bildi. AXC qurulanda Bakı işğal altında idi, Qarabağda da ermənilər baş qaldırmışdı. Paytaxtımız Gəncədə yerləşmişdi. Qısa müddətdə Bakı da işğaldan azad olunmuşdu,  Qarabağda suverenliyimiz bərpa edilmişdi. Bu da AXC-nin düzgün strategiyasi və siyasətinin göstəricisidir.
Bəlkə elə bu iki məsələyə görə bu gün də Bakının işğaldan azad olunması lazımı qiymətini hələ də rəsmən almır. Niyə burada dövlət törəni yoxdur? Niyə Azərbaycan bu günü rəsmən bayram etmir?
Bəlkə, Nuru Paşanın o qəhrəman əsgər və zabitləri Bakını Rəsulzadə-Elçibəy yolunda olanlar üçün azad edib? Bakıdakı türk səfirliyi, iş adamları üçün edib?

Türkiyəyə münasibətdə min dəfə təəssüf edidiləsi məqamlar

Niyə Azərbaycan dövləri rəsmən bu günə sahib çıxmır? Yəqin, qısqanclıqdan. Birincisi, Rəsulzadə və silahdaşlarının uğurlarına qısqanırlar və bu uğurları hələ də həzm edə bilmirlər.
İkincisi, çox təəssüf, min dəfə təəssüf ki, bu gün Azərbaycanı rəsmən təmsil edənlərin qardaş Türkiyəyə də münbasibəti səmimi deyil. Bu gün hələ də Azərbaycan qarşılıqlı addım atıb Türkiyə ilə vizasız gediş-gəlişi başa çatdırmayıb. Çox təəssüf, bu gün bizə utanc verir ki, “bir millət iki dövlət” dediyimiz halda türk filmləri Azərbaycanda  tərcümə olunur. Çox təəssüf ki, Azərbaycanı yönətənlər bəzi hallarda Türkiyə ilə açıq düşmənlik edən qüvvələrə əl uzadır, onlarla dostluq etməyi özlərinə rəva bilirlər.  Bəlkə də bu qeyri-səmimiliyə görədir ki, Bakının işğaldan azad olunması bu gün böyük bir törənlə, dövlət tədbiri kimi qeyd edilmir.

Vəfa borcumuz

Amma bizlər hər zaman bura gələcəyik. Hər zaman gəlib vəfa borcumuzu yerinə yetirəcəyik. Bizlər böyük Rəsulzadə, Elçibəy yolunun davamçıları, cümhuriyyət ideyalarının daşıyıcıları hər zaman gələcək nəsillərin nəzərinə çatdırıacağıq ki, hökumətlər gəldi gedərdir. Şəhid olub, qanını tökərək tarix yaratmış bu gənclər Azərbaycan-Türkiyə qardaşlığına elə bir adibə qoyublar ki, onu heç kim sarsıda bilməz. Hökumətlərin hansı mövqedə olmasına baxmayaraq, əbədiyyən Azərbaycan-Türkiyə qardaşlığı davam edəcək.
Azərbaycan xalqı fərqindədir ki, qardaş Türkiyənin uğurları onun uğurlarıdır. Türkiyənin regionda möhkəmlənməsi Azərbaycanın güclənməsidir. Türkiyədə də hər kəs fərqindədir ki, Azərbaycanın uğur qazanması, inkişaf etməsi Türkiyə mənafeyinə, qardaşlıq duyğularına  tamamilə uygundur.  Ona görə də biz bu gözəl gündə bir daha canlarını verib, öz qanları ilə Bakının azadlıq ağacını sulamış türk qardaşlarımızın xatirəsini anaq, onlara Allahdan rəhmət diləyək. Bir daha onların ruhu qarşısında deyək ki,  Azərbaycan-Türkiyə qardaşlığı sarsılmayacaq, onu sarsıtmağa heç kimə bu imkanı verməyəcəyik.
Yaşasın, var olsun, Azərbaycan- Türkiyə!”

Qəhrəmanlar heç zaman unudulmayıb

İsa Qəmbər bildirdi ki, 15 sentyabr Şəhidlər Xiyabanının qələbə münasibətilə ziyarət olunduğu bir gündür: “Bütün türk dünyasını bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Adətən biz bu müqəddəs Şəhidlər Xiyabanına itki günlərində gəlirik. Bir qələbə günü var, bu da 15 sentyabrdır – Bakımızın rus-erməni hərbi birləşmələrindən azad olunduğu gün. Hər il biz bu müqəddəs məkana gəlirik. Öncə türk şəhidləri abidəsini ziyarət edirik. Daha sonra torpaqlarımızın bütövlüyü uğurunda canından keçən 20 Yanvar və Qarabağ şəhidlərinin məzarlarını ziyarət edirik. Yaddaşı olmayan insan gələcəyi qura, düzgün qərar qəbul edə, doğru istiqamətdə irəliləyə bilmir. Eləcə də tarixi olmayan, milli yaddaşı olmayan millətlər gələcəyini düzgün qura bilməzlər.

Məhz ona görə sovet dövründə xalqımızın bu tarixini əlimizdən almağa çalışıblar. Amma, xalqımız bu tarixi hər zaman yaşadaraq bu günlərə kimi gətirib çıxarıb.  Azərbaycanın ərazi bütövlüyü uğrunda, Bakının və digər şəhərlərimizin düşmən işğalından azad olunması uğrunda canlarından keçmiş türk əsgərlərinin qəbirlərinə respublikanın ən müxtəlif bölgələrində rast gəlmək mümkündür. Xalqımız Sovet imperiyasının ən güclü vaxtında bu abidələri qoruyub saxlaya bilib”.

15 sentyabr “Bakı Günü” olsun

Müsavat başqanı çıxışı zamanı qeyd etdi ki, müstəqillik dönəminin ilk illərində 15 sentyabrın əhəmiyyəti xalqa yenidən izah olunub: “Rəsulzadənin bu günlə bağlı dediyi o sözləri xalqımıza xatırlatdıq. 15 sentyabr 28 maydan sonra tariximizin ən şərəfli səhifələrindən biridir. Zamanında Müsavat Partiyası olaraq təklif etdik ki, 15 sentyabr Bakı Günü kimi qeyd olunmalıdır. Həmin gün Azərbaycan-Türkiyə qardaşlığı günüdür. Bu gün şadam ki, Azərbaycanda bütün partiyalar, bütün cəmiyyət bu fikirdədir. Artıq Türkiyə səfirliyi də 15 sentyabrı Bakı Günü kimi rəsmi bayram olaraq qeyd etməklə bağlı təklif irəli sürüb. Artıq hər kəs həmin günün rəsmi bayram şəklində qeyd olunmasını istəyir”.

***
Tədbir daha sonra 20 Yanvar şəhidlərinin məzarlarını ziyarətlə başa çatdı.

Natiq