Qara gözlü gözəl Nigar…

Hər kəsin alın yazısında qəzavü-qədər var. O qəzanın başımıza hardan gələcəyini, yolumuza hardan çıxacağını deyə bilmərik. Doğrudur, olacağa çarə yox. Amma olacağın içindən çıxmağın çarəsi var. Ən ağır məqamlarda belə, üzüntüdən ikiqat olmağın, dərdə boyun əyməyin anlamı yoxdur. Belə halda insanın psixoloji olaraq beynindən “daha betəri ola bilərdi” fikrini də keçirməsi lazım. Heç olmasa, üz vermiş qəfil bəlanın şokundan çıxmaq üçün…
O gün Nigarın qarşısına çıxan qəza da, bəlkə bir olacaq idi. Həmin gün gülə-gülə çıxdığı yolçuluqda böyük bir faciə yaşayacağını və maşında yaxın adamlarından birini itirəcəyini hardan bilərdi ki? Hələ bunlar azmış kimi, həbsxana…
Nigar. “Azadlıq” hayqıran meydanın gur yerində həmişə yan-yana dayanan iki gözəl bacıdan biri. Onun siyasi fəallığına görə nə zamansa həbsxanaya düşə biləcəyini istisna etməzdim. Çevrəmizdə hər kəs bu qara gözlü qızın etiraz aksiyalarındakı fəallığına şahiddir. Elə onun həbs xəbəri haqqında başlığı oxuyanda da, səbəb kimi ilk ağlıma gələn bu oldu. Demək olar ki, indi Nigar mübariz gəncliyin simvoluna çevrilmiş üzlərdən biridir.
Bəli, gözlənilməz bir yol qəzası baş verib. Maşında olan iki nəfərdən biri həlak olub. O halda istintaq başa çatmamış, yekun faktlar ortaya qoyulmamış gənc bir qızın tələsik həbsxanaya salınmasına nə ehtiyac vardı? Üstəlik, dünyasını dəyişən insan onun öz yaxın qohumudur. Bundan başqa, hələ heç maşını Nigarın idarə etməsi məsələsi belə təsdiqini tapmayıb. Ailəsi də bu iddianı qəti şəkildə rədd edir. O zaman nə baş verir? Həqiqətənmi, kiminsə əlinə qisas üçün münasib fürsət düşüb?.. Bu qədər də insanlıqdan düşməyi kimsəyə arzulamazdım…
Bir gerçək var. Bu gün bütün Azərbaycan ailələrində minlərlə gənc böyüyür. Amma baxaq, onların neçə faizi Nigar kimi vətənpərvər, fəal, enerjisini faydalı işlərə sərf edəcək qədər düzgün tərbiyə alır? Onların neçəsi adi insan haqlarının müdafiəsi üçün meydanda səsini ucaldacaq qədər cəsurdur? Və ya öz doğma ölkəsində hamı üçün haqq, qanun, hüquq və zənginlik tələb edən neçə Nigar var? Ümumiyyətlə, bu ölkədə öz qız övladlarını belə müstəqil, ləyaqətli, mənəvi dəyərlərə sahib böyüdə bilmiş neçə ailə tanıyırsınız? Heç olmasa, “qanunpərəst” hüquq-mühafizə orqanlarımız bu şeyləri nəzərə alsın. Bu işlə məşğul olan səlahiyyət sahibləri barmaqla sayılacaq belə sağlam gənclərin güdaza verilməsindən ölkədə böyük bir boşluq yaranacağını anlasınlar. Heç olmasa, bu istintaq işini aparanlar Azərbaycanın Nigar kimi gənclərin gələcəyindən qazanacağını unutmasınlar.
Bu ad bəlkə də, Azərbaycanda hamıdan çox Nigara yaraşır – xalq dastanındakı Nigarla çox yaxın nöqtələri olduğuna görə. Elə qəhrəmanlıq dastanları da zaman-zaman xalqların ruhunu yaşadacaq yeni Nigarların doğulması üçün yaranmayıbmı? Dünən Nigarın atası Tofiq bəyin qızına həsr etdiyi yazısını oxudum. Çox təsirləndim. Yazdıqları o qədər doğrudur ki… Amma görünür, Allah bizdən birdəfəlik əlini üzməyib, Azərbaycanda hələ Nigarlar doğulduğuna görə…
P.S. Igidliyin və cəsarətin qalib gəldiyi zamanlarda Koroğlu Nigarı dəfələrlə daş zindanlardan xilas etmişdi. Indi zaman başqadır, mərdlərlə namərdlərin yeri çox qarışıq düşüb. Amma dünya Nigarın o zindanda qalacağı qədər də xali deyil. Onun azadlığa çıxması üçün də haqsızlığın üzərinə yeriyəcək çox insan tapılacaq.