Putinə qarşı çıxan deputat Dumadan qovuldu

Qennadi Qudkovun mandatı əlindən alınıb

Rusiyada prezidenti Vladimir Putinə qarşı sərt mövqeyi ilə tanınan və son zamanlar müxtəlif küçə etirazlarının əsas təşkilatçılarından biri deputat Qennadi Qudkov Dövlət Dumasından xaric edilib. Dumada 17 ildən bu yana təşkil edilən bu tipli ilk iclasda Qudkovun deputat vəzifəsinin fərdi biznes fəaliyyəti ilə ziddiyyət yaratdığı iddiası səsverməyə qoyulub. Deputatın parlamentdən qovulması qərarı səs çoxluğu ilə qəbul edilib.

Qudkovun partiyadaşları olan millət vəkilləri bu qərarın siyasi səbəblərdən qaynaqlandığını bildirib. Qennadi Qudkov bu ilin əvvəllərində keçirilən “Ədalətli seçki uğrunda” adlı mitinqlərdə Putin əleyhinə sərt çıxışlar səsləndirmişdi. Keçmişdə DTK-da çalışan və bir zamanlar Vladimir Putinə dəstək verən Qudkov son bir neçə ildir Kremlin siyasətinə etirazını bildirirdi.

Müxalif deputat biznes fəaliyyəti ilə bağlı istintaq araşdırmalarının və Dumadan ixrac edilməsini Kremldən gələn qərar adlandırıb. Onun sözlərinə görə, bu Putin hakimiyyətinə etiraz edənlərin cəzalandırılmasının tərkib hissəsidir. O, hakimiyyətin rəqiblərindən siyasi inqitam aldığını deyib.