Hamı hanı?

Qısa pauzadan sonra yenidən və yeni həbsləri danışmağa başladıq. Əvvəlcə Nigar Yaqubluya 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi, ardınca da vətəndaş cəmiyyəti fəalı Ilham Əmiraslanov barədə 2 il azadlıqdan məhrumetmə hökmü çıxarılması rejimin siyasi qisasçılıq ehtirasının azalmadığını və repressiya maşınını durdurmaq istəmədiyini göstərir. Təəccüblənmirəm. Bunlar olmadan bir gün belə, ayaqda qalmaları mümkün deyil.
Nigar barədə qərarın dəyişdiriləcəyinə inanıram, bu qərarın hətta hakimiyyətin öz düşərgəsində belə, təəssüflə qarşılandığı açıqdır. Bizim də bu fəal, savadlı, vətənpərvər gənclə bağlı istəyimiz budur: onun işinə heç bir siyasi ayrı-seçkilik qatılmadan baxılsın, praktikada suçlandırıldığı maddə ilə məhkəməyədək həbsdə saxlanılması nümunəsi yoxdursa, bu, Nigara da şamil edilsin.
Zatən ədalətli olan da budur. Və bu, bir normadır: gecikən ədalət ədalət olmadığı kimi, bərabər dağıdılmayan ədalət də ədalət deyil. Başqaları Nigarın suçlandırıldığı maddə ilə məhkəməyədək tutuqlanmır, amma bu tutuqlama sadəcə, Nigara şamil edilirsə, heç kim qüsura baxmasın, o zaman:
Bir: onun haqqında həbs-qətimkan tədbirinin siyasi sifariş olduğundan, hakimiyyətin “fürsət bu fürsətdir” deyib, olaydan siyasi çıxar güdməyə başladığından və məsələni siyasi repressiya müstəvisinə daşıdığından quşqu duymaq hər birimizin haqqıdır.
Iki: bu ölkədə ədalətin sadəcə, rejimlə yaxa-boğaz olmayan, ona qarşı dirəşməyən, onu alqışlayan, ona züy tutanlara tanındığı bir daha təsdiqlənmiş olur. “Nigar müxalif düşüncənin daşıyıcısı olmasa, hakimiyyətə qarşı aksiyalarda aktiv iştirak etməsə, o da başqaları kimi hüququn humanizmi prinsiplərindən yararlanardı” fikrini qüvvətləndirir.
Ilham Əmiraslanovun həbsinə gəlincə… O, sel qaçqınlarının haqlarının fəal müdafiəçisi idi, onların dərdlərini ucadan dilə gətirirdi. Belələrini bizdə sevmirlər, daha doğrusu, rejim sevmir, ona başıaşağı, üzüyola vətəndaşlar lazımdır, təşəbbüskarlıq, fədakarlıq, ictimai fəallıq göstərən insanlar bunların gözünün düşmənidir. Ilham Əmiraslanovu da əslində sadə xalqın içərisindən belə insanların çıxmasını önləmək, başqalarına da gözdağı vermək üçün həbs etdilər.
Burada toplumun heçmi suçu yoxdur? Əlbəttə, var. Ilham bəy hamıya ədalət istəyirdi, amma indi onun özü ədalətə möhtacdır. Bəs hamı hanı? Hamı üçün ədalət istəyənlərə qarşı o niyə çıxıb ədalət istəmir? Əmiraslanovun onun üçün göstərdiyi fədakarlığın, təəssübkeşliyin mində biri toplumdan niyə gəlmir?
Bunlar ittiham deyil. Mənim heç vaxt milyonlardan heç bir gözləntim olmayıb. Heç yüzminlərdən, onminlərdən də heç bir gözləntim yoxdur. Mən bu ölkəni aydınlığa uzağı, yüzlərin, minlərin çıxaracağına inanıram. Yalnız onların sayəsində ən çətin anlarda toplumun müqavimət ruhu, dirənişi, azadlıq, hüquq istəyi ayaqda qalır. Zamanı gəlincə də coşqun selə çevrilir.
Sadəcə, bəzən insanın qırğınlıqları, dalğınlıqları olur. Ramil Səfərov məsələsindən sonra rejimin üstümüzə yenidən böyük bir güclə gələcəyi aydın idi. Aydın idi, çünki Ramili Azərbaycana qaytarmaqla rejim özünü güclənmiş hesab edir, özündə daxildəki rəqiblərin üstünə daha amansızlıqla getmək haqqı görür. Və ona bu haqqı, bu gücü toplum verdi, maaləsəf. Cəmiyyətdə dombalan vətənşüvənlik damarı, düşüncə kasadlığı, vətəndaş yarımçıqlığı “bir halda ki, Ramili qaytardılar, bundan sonra nə etsələr, analarının südü kimi halallarıdır, istədikləri qədər oğurlasınlar, istədikləri qədər əzsinlər, istədikləri qədər at oynatsınlar” kimi bir hava yaratdı.
O hava rejimi get-gedə havalandırır, hüquq, azadlıq, demokratiya kimi bəşəri dəyərlərə, bu bəşəri dəyərlərin daşıyıcılarına daha ürəklə meydan oxumaq imkanı verir.
Toplumun ən azı bunu görməsi lazım idi. Rejimə bu “qaz”ı verməməsi lazım idi.
Unutmaması lazım idi: ədalət uğrunda çarpışan insanlara qoşula, arxa dura bilmir bəlkə, amma heç olmasa, ədalətli insanlara yeni-yeni quyular qazmaqda, tələlər qurmaqda rejimə yardımçı olmamaq boynunun borcudur.
Anlaması lazım idi toplumun: öz vətənşüvənliyi, lokallığı, mentallığı ilə bu rejimi gücləndirəndə o özü güclənmir, amma biz zəifləyəndə o zəifləyir.