Vaşinqtonda Benqazi olayının baş verəcəyi barədə öncədən məlumatlı olduğu bildirilir
Məhəmməd peyğəmbərin təhqir olunduğu iddia edilən “İslamın məsumiyyəti” adlı filmə etirazlar zamanı ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum və səfir Kristofer Stivensin öldürülməsiylə bağlı yeni detallar ortaya çıxıb. Britaniyada yayımlanan “The İndependent” qəzetinin yazdığına görə, ABŞ Benqazidəki konsulluğa hücum barədə əvvəlcədən məlumatlı imiş.
Adı yüksək vəzifəli amerikalı diplomatik mənbələrə istinadən yayılan xəbərdə deyilir ki, hadisələrdən 48 saat əvvəl Benqazi və Misir paytaxtı Qahirədəki diplomatik binaların hücuma məruz qalacağı barədə məlumat ABŞ Dövlət Departamentinə çatırılıb. Ancaq səfir Kristofer Stivens və digər diplomatlara bununla bağlı xəbərdarlıq edilməyib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) isə bu iddiaları rədd edib.
Hücumla bağlı yayılan başqa bir iddiaya görə isə Məhəmməd peyğəmbərin təhqir olunduğu filmdən diplomatik korpusa basqın üçün bəhanə kimi istifadə edilib. Basqını reallaşdıranların əsl məqsədi iyulda Pakistanda öldürülən və əslən liviyalı olan Əbu Yəhya əl Libinin intiqamının alınması olub. Bu iddianı ortaya atanlar hücumdan bir neçə saat əvvəl Əl Libinin intiqamının alınmasına dair videoçağırışın yayılmasını xatırladıblar.
Bu iddia həmçinin konsulluğa hücumun əvvəlcədən planlaşdırıldığına dair şübhələri də gündəmə gətirib.
İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “DEBKAfiles” saytı ABŞ konsulluğuna hücumun “Əl-Qaidə” terror şəbəkəsi tərəfindən və təşkilatın lideri Ayman əl Zəvahirinin birbaşa əmri ilə həyata keçirildiyini bildirib. Hücumdan sonra ortaya çıxan başqa bir detal ondan ibarətdir ki, diplomatik korpusa basqın zamanı binadan olan məxfi və lazımlı sənədlər oğurlanıb. Sənədlərin hansı səbəbdən və kimlər tərəfindən oğurlanması məlum deyil.
ABŞ Benqazidəki konsulluğa hücumdan dərhal sonra Liviya sahillərinə 2 hərbi gəmi göndərdiyinə dair xəbərlər yayılmışdı. Ötən gün gecə saatlarında isə Benqazi hava məkanə uçuşa qadağan zona elan olunub. Benqazi aerodromundakı mənbə “AFP” agentliyinə hava sahəsinin təhlükəsizlik səbəbindən bağlandığını bildirib. Hava sahəsinin bağlanması ABŞ-ın Liviyaya müdaxilə edəcəyiylə bağlı iddiaların yayılmasına səbəb olub. Bildirilir ki, Obama administrasiyası konsulluğa hücumun əvvəlcədən planlaşdırıldığıni isbatlasa Liviyaya pilotsuz qırıclar göndərəcək.