Lalə Şövkətdən “Azadlıq”a dəstək

“Bu qəzetə dəstək vermək lazımdır; “Azadlıq”a basqılar ədalətə, söz, mətbuat, ifadə azadlığına olan basqıdır”

“Azadlıq”a qarşı basqılarla əlaqədar cəmiyyətin nüfuzlu söz sahibləri, siyasətçilər qəzetə dəstəklərini nümayiş etdirirlər. ALP lideri Lalə Şövkət də bəyanat yayaraq, bu təzyiqlərin təkcə bir qəzetə qarşı deyil, demokratik düşüncənin susdurulmasına hesablanmış addım olduğunu bildirib.
Bəyanatda deyilir:
“Gələn il prezident seçkisi ilidir. Çox güman ki, Azərbaycanda hakimiyyət dəyişikliyi olacaq. Ona görə də hakim komanda hər vəchlə çalışır ki, kimliyindən asılı olmayaraq, demokratiyanı müdafiə edən bütün insanları  susdursun. Açıq etiraf etmək lazımdır ki, “Azadlıq” qəzeti Azərbaycanda bir neçə faizlə sayıla biləcək, gerçək müxalifətdə dayanan bir kütləvi informasiya vasitəsidir. “Azadlıq” qəzeti bu iqtidarın təzyiqlərinə dözmüş nəşrlərdəndir. Ona görə də iqtidar əlindən gələni edir ki, “Azadlıq” qəzetini sıradan çıxarsın. İndiki halda hansısa formada qəzetə dəstək vermək lazımdır. Çünki “Azadlıq”a olan basqılar təkcə bir qəzetə olan basqı deyil, o, azadlığa, ədalətə, söz, mətbuat, ifadə azadlığına olan basqıdır. Lakin düşünürəm ki, bir çox zamanlarda olduğu kimi, yenə də iqtidarın “Azadlıq” qəzetinə olan basqıları bir nəticə verməyəcək və məmur iddiaları, ittihamları, məhkəmə cərimələrilə qəzeti susdurmaq mümkün olmayacaq”.

Nigar