KXCP-də gərginlik səngimir

Birlik tərəfdarları olanlara hücumlar pik həddə çatıb

Klassik Xalq Cəbhəsi Partiyası daxilində gərginlik davam edir. Xatırladaq ki, gərginlik KXCP sədrinin müavini Qaya Əliyevin təmsil etdiyi partiyanın AXCP ilə birləşməsi barədə təklifindən sonra yaranıb. Bu təklifdən sonra Qaya Əliyev və ona dəstək verənlər KXCP rəhbərliyinin hədəfinə gəlib.
Artıq iş o yerə çatıb ki, Qaya Əliyev və KXCP sədrinin digər müavini Fikrət Cəfərov açıq-aşkar xəyanətdə ittiham olunur. Partiyanın fəalı Elman Türkoğlu “Yeni Müsavat”a açıqlamasında iddia edib ki, KXCP ilə AXCP-nin birləşməsi məsələsini ortaya atmaq və ardınca da aranı qarışdırmaq üçün Qaya Əliyev KXCP sədrinin müavini Fikrət Cəfərovdan təlimat alıb. Fikrət Cəfərov Qaya Əliyevin və digər bir neçə şəxsin əli ilə KXCP-nin daxilində gərginlik yaratmağa çalışır.
Baş bayraqdar onu da dedi ki, artıq Qaya Əliyev, nə də Fikrət Cəfərov KXCP sədrinin müavini deyillər. Nizamnamənin tələbinə görə onlar sədr müavini statusundan məhrum olublar.
“Partiyada elə qeyri-demokratik şərait yaradılıb ki, bu adamlar özləri təşəbbüslə çıxış etmək iqtidarında deyillər”. Bu sözləri isə APA-ya Qaya Əliyev xəyanətkarlıqda ittiham olunmasına münasibət bildirərkən deyib. O, ünvanına səslənən fikirləri qeyri-ciddi hesab edib: “Mənə və Fikrət bəyə ünvanlanan ittihamlar qeyri-ciddi ittihamlardır. Biz partiyanın legitim sədr müavinləriyik. Fikrimcə, partiyanın sədri öz səlahiyyətlərindən alternativ fikri, təşəbbüsü yatırmaq üçün istifadə edir. Biz buna imkan verməyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə partiyada demokratik şərait quraq. Biri var tənqid, biri var təhlil, bir də var təklif. Tənqidi kənara qoyaq. Məlum olur ki, bu adamlar nəinki təhlilə, heç təklifə dözümlü deyillər. Mən çox təəssüf edirəm ki, Mirmahmud bəy belə qeyri-ciddi adamların, saray təlxəklərinin ümidinə qalıb”.
Qaya Əliyev partiyanın sədr müavinliyindən uzaqlaşdırılması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, hal-hazırda partiya sədrinin müavinidir və bu vəzifədən uzaqlaşdırılması ilə bağlı heç bir sərəncamla tanış deyil.