Tarixi hadisələrin şahidi

Şair və diplomat Fazil xan Şeyda…

Fazil xan Şeyda cənubda yaşayıb-yaratmış Azərbaycan şairidir. O, 1783-cü ildə Təbrizdə mühəndis ailəsində dünyaya gəlib. Onun əsl adı Molla Fətulladır. Fazil xan Təbrizdə əvvəlcə öz atası Məhəmmədhüseynin, sonra Təbrizin məşhur müctəhidi Mirzə Əhmədin yanında mükəmməl ruhani təhsili alıb. Fazil xan mükəmməl ilahiyyat təhsili almasına baxmayaraq, poeziyaya daha çox həvəs göstərmişdir. 1827-ci ildə Təbrizin rus qoşunları tərəfindən işğalı ilə bağlı bir sıra ruhanilərin və Iran əyanlarının çoxunun Abbas Mirzəyə xəyanət etmələri Fazil xanı qəzəbləndirmiş və o, belələrinə həcv yazmışdır. Onun həcvləri xalq arasında sevilsə də, ona qarşı düşmənlərinin hücumlarına səbəb olmuşdur. Buna görə də Fazil xan Təbrizdən qaçaraq Deh-Kirqana getməyə məcbur olmuşdur.
Bu elə bir vaxt idi ki, Iran vəliəhdi Abbas Mirzə orada knyaz Paskeviçlə sülh danışıqları aparırdı. Fazil xan da sülh müqaviləsinin imzalanmasında iştirak etmiş, burada rus səfirliyinin təmsilçisi Qriboyedov və Abbasqulu Bakıxanovla tanış olmuş, knyaz Paskeviç tərəfindən səmimi qarşılanmışdır. Abbas Mirzə Fazil xanın fars və ərəb ədəbiyyatına dair nadir biliklərini yüksək qiymətləndirmiş və şahzadə Xosrov Mirzənin müəllimi təyin etmişdir. Bundan sonra şair, ruhani qulluğundan imtina edərək özünün Molla Fətulla adını Fazil xan adı ilə dəyişmiş və Şeyda təxəllüsünü qəbul etmişdir.
Puşkinlə görüş
Rus yazıçısı və diplomatı Qriboyedovun 1829-cu il yanvar ayının 3-də Tehranda faciəli ölümü ilə bağlı Fətəli şahın xüsusi nümayəndəsi kimi, 18 yaşlı nəvəsi Xosrov Mirzə Peterburqa I Nikolayın sarayına göndərilmiş və Fazil xan onu müşayiət edən heyətə saray şairi kimi daxil edilmişdir. Bu səfər zamanı Fazil xan Şeyda 1829-cu il mayın 24-də Gürcüstan torpağında Kazbek və Kobi kəndləri arasındakı yolda təsadüfən A.S.Puşkinlə görüşmüşdür. A.S.Puşkinin Ərzurum səfərinə dair gündəliyində həmin görüş belə təsvir edilmişdir: “Iran şahzadəsini gözləyirdik. Kazbekdən bir qədər aralıda qarşımıza bir neçə kolyaska çıxdı, qoruyucu dəstəsinin zabiti bizə elan etdi ki, o, saray şairini yola salır. Mənim arzumla o, məni Fazil xana təqdim etdi. Mən tərcüməçinin köməyilə onu təmtəraqlı Şərq qaydası ilə salamlamağa başlayanda çox utandım, çünki mənim yersiz və gülünc sözlərimin müqabilində Fazil xan çox sadə, ağıllı, abırlı adamlara xas olan nəzakətlə cavab verdi. O, məni Peterburqda görəcəyinə ümid edir və bizim tanışlığımızın bu qədər qısa olacağına təəssüflənirdi. Mən utanaraq, zarafatyana danışıq ədasını bir kənara qoymağa məcbur oldum və adi Avropa ibarələrindən istifadə etməyə başladım. Biz ruslara xas olan məsxərəçilik mənə ibrət dərsi oldu. Bundan sonra insanın barəsində onun qoyun dərisindən tikilmiş papağına və rəng çəkilmiş dırnaqlarına görə fikir yürütmürəm”.
Fazil xanın Puşkinlə görüşü onda xoş təəssürat oyatmışdı. Həmin görüşlə bağlı Puşkin 1829-cu il mayın 25-də Kobi kəndində aşağıdakı şeiri yazmışdır:
Bəh-bəh nə xeyirli gün, xoş saat,
Qafqaz dağlarında, Tale bizi birləşdirdi bu vaxt.
Puşkin digər 2 şeirində birbaşa Fazil xana müraciət edərək deyir:
Uğurlu olsun sənin yeni yolun,
Bizim sərt şimala sənin səfərin.
Burada baharın ömrü qısa olsa da,
Hafiz, Sədinin adları tanışdır diyarımıza.
Qısa gecəli diyarımızı gəzərkən,
Qoy bir iz qalsın səndən.
Şərqin əfsanələr güllərini, sən,
Şimal qarılarına səpərsən.
Fazil xan Şeyda 1829-cu il avqustun 4-dən oktyabrın 17-dək Iran nümayəndə heyətinin tərkibində Peterburqda olmuş, orada qabaqcıl ictimaiyyət nümayəndələri və şərqşünasları ilə görüşmüşdür. O, şərq dilləri müəllimi kimi, Rusiyada qalmaq arzusunu bildirmiş və bunu I Nikolaya təqdim etdiyi qəsidədə göstərmişdi. Bu qəsidənin tərcüməsi Peterburqda çıxan “Podsnejnik” almanaxında dərc edilmişdir. Qəsidədə şair taleyindən şikayətlənir: “Fazil hələ sənə heç bir xidmət göstərməmişdir, lakin sən lütfkarlıq göstər və onu öz qullarının sırasına qəbul et… O, taleyin etibarsızlığına etiraz edir. Ona imkan ver, öz taleyinə müqavimət göstərsin…”
Faktlardan məlum olur ki, Fazil xan öz görüşləri, söhbət və çıxışları ilə istedadlı azərbaycanlı şairi və ədibi kimi, Peterburq ictimaiyyətinin dərin rəğbətini qazanmışdır. Onun Peterburqda olmasına şeirlər həsr edilmişdir. Bu şeirlərdən 1829-cu il avqustun 8-də və 19-da qraf D.I.Xvostovun Fazil xanla görüşü barədə “Rus şairi ilə Iran şairinin görüşü” və “Fazil xan Şeydaya” adlı şeirlərini qeyd etmək olar. Həmin şeirlər D.I.Xvostovun 1830-cu ildə Peterburqda nəşr olunmuş əsərlərinin 5-ci cildinə daxil edilmişdir.
Abbas Mirzənin ölümündən sonra Xosrov Mirzənin gözlərini çıxartdırmış qardaşı Məhəmməd Mirzə Iran taxt-tacını əlinə keçirdikdə təqibə məruz qalmış Fazil xan 1838-ci ildə Qafqaza qaçmış və Tiflisdə, 1842-ci ildə rus təbəəliyini qəbul etmişdir. Fazil xan 1846-cı ildə Qafqaz canişinliyində dəftərxana müdiri, 1847-ci ildə isə Tiflisdə yeni açılmış şiə məktəbinə müəllim təyin edilmiş, burada ilahiyyat, fars və ərəb dillərindən dərs deməklə yanaşı, N.Xanıkovun Qafqaz arxeologiyası üzrə, fars və ərəb epiqrafikasına aid məşğələlərində onun daimi köməkçisi olmuşdur. O, Tiflisdə yaşadığı zaman “Divani-hikmət” ədəbi məclisinin yığıncaqlarında iştirak etmişdir.
Şair 1852-ci ildə Tiflisdə vəfat etmiş və şəhərin müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Rusiyada tanınmış adam
Şərqşünas Nikolay Xanıkov tərəfindən Fazil xan Şeydanın ölümü ilə bağlı “Qafqaz” qəzetinin 19 mart 1852-ci il tarixli, 19-cu sayında dərc edilmiş “Nekroloq”da deyilirdi: “1852-ci il mart ayının 1-də axşam saat 8 radələrində, yoxsul bir mənzildə kədərli səhnənin şahidi idim. Kiçik bir otağın sağ küncündə yorğana bürünmüş bir insan uzanmışdı. Yanında qoca qardaşı, üç uşağı və çadralı gənc arvadı oturmuşdular. Hamı sükut və hüzn içərisində idi. Hündür şamdanda qoyulmuş piy şamının zəif işığında xəstənin solmuş üzü görünür və nəfəsinin xırıltısı eşidilirdi. Bu, onun can üstə olmasını bildirən əlamət idi… O, başını qardaşına tərəf çətinliklə çevirməyə çalışır, nəsə demək istəyirdi. Titrək səslə ifadə etdiyi sözləri axıra çatdırmadan əbədi olaraq susub sakitləşdi. Eşidilən sözlər belə idi: ”Mənim vəsiyyət etməyə heç nəyim yoxdur. Bir ürəyim var…” Beləliklə, olduqca gözəl bir insanın ömrü başa çatdı. Bu, Fazil xan Şeyda – Iran şairi və alimidir!”
N.Xanıkov nekroloqda daha sonra yazır: “Fazil xan əməksevərliyi ilə fərqlənən bir insan idi. O, fars, ərəb və türk dilləri üzrə mətnləri tam asanlıqla tərcümə edirdi. Müəllifi olduğu bir sıra dərslik və dərs vəsaitləri, o cümlədən, seçilmiş hədislər toplusu, Quranın çətin yerlərinin şərhi, ərəb dilinin əsasları, fars dilinin qrammatikası, türk və Azərbaycan dillərində şəriət kitabı şiə məktəblərində əsas rəhbər dərsliklər kimi qəbul edilmişdir. Fazil xanın təkcə elmi əsərləri və təhsili onun fitri istedadını, müstəsna poetik xüsusiyyətlərini əks etdirmir. Fazil xan şeirləri çox asanlıqla yazır və bədahətən söyləyirdi. Bu şeirlər çox məzmunlu və dəyərli idi. Fazil xanın satiralarında əvvəldən axıra qədər nə isə qeyri-adi bir istehza, göz yaşları arasında gülüş, öz ağasının dəyənəyinin təsirindən saxta ezop barışığı hiss olunur və bizim zövqümüzün tələblərinə baxmayaraq, hətta avropalılara ciddi təsir göstərir. O, riyakar mollaları və mirzələri daha çox qamçılayır, həmişə və hər yerdə onları özünün şəxsi düşmənləri hesab edirdi. Şair qəlbinin çırpıntıları acı kupletlər şəklində bu molla və mirzələrin qırxıq başlarına yağış kimi yağır və çox vaxt onları təkəbbürlü başlarındakı çalmaların altında taqətsiz hala salırdı. Elə bir müqayisə və oxşatma, elə bir ritorik fiqur yox idi ki, Fazil xan onları öz ”dost”larının boyuna biçməsin. Lakin indi onlar rahat ola bilərlər, indi Fazil xan əbədi susmuşdur və onun mübariz şeirləri qəbrinin qara kərpicdən tikilmiş günbəzinin altından heç vaxt eşidilməyəcək”
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir