Dünya əbədi deyil. Bunu dinlər də, elm də deyir. Hər şeyin bir sonu var. Dünya əbədi olmadığı kimi dünya içindəki dünyaların da heç biri əbədi deyil. Siyasət də, rəyasət də bir mikro dünyadı və bu dünyanın içində də əbədiyyət yoxdu. Necə deyərlər, Süleymana qalmayan dünya heç kimə qalmaz. Tarixin tanıdığı ən böyük imperiyalar da əbədi olmayıb. Bir zaman yetişib və hər kəsin əbədi olacağını düşündüyü materiyalar ömrünü tapşırıb.
Bu mikro dünyalardan biri də heç şübhəsiz ki, Azərbaycandakı hərbi-siyasi rejim və Əliyevlərin hakimiyyətidi. Bəşər övladı tarixən unutqan olduğundan yenə də hər şeyin baqi, keçici olduğunu unudur, o cümlədən, bir sülalənin hökmranlığı ilə bağlı. Ölkəmizdə belə bir düşüncənin mövcud olması da kimsəyə sirr deyil: “Boşuna özünüzü yormayın, ömrünüzü puç etməyin, onsuz da heç kim bunlara bata bilməz”. Yəni Əliyevlər əbədidi. Lakin hamıdan əvvəl elə Əliyevlər özləri də bilirlər ki, əbədi deyillər. Sadəcə, hakimiyyətin ömrünü uzatmaq, daha çox var-yatıra sahib olmaq və ümumiyyətlə, daha uzun sürə hökmranlıq etmək olar.
Bəli, istənilən hakimiyyətin ömrünü hətta 40 il, 50 il uzatmaq olar, bu da çox böyük sürədi və hətta az qala SSRI kimi bir imperiyanın mövcudluq tarixi qədərdi. Lakin bundan o yana yol yoxdu. Yəni hər şey bir yerə qədər. Bu “uzunömürlülüyün” fonunda çox şeylərə nail olmaq mümkündü. Ama elə şeylər var ki, hətta amorallaşdırılmış Azərbaycan cəmiyyətində belə, heç mümkünatı yoxdu. Məsələn, şəxsiyyətə pərəstiş. Əlbəttə, hər kəs söhbətin kimdən getdiyini bilir, ancaq hər kəs onu da bilir ki, bu, oğul Əliyev haqda deyil. Indi xüsusi şövq ilə yenidən vüsət alan bütləşdirmə yalnız ata Əliyevə aiddi. Təbii ki, indiki dövlət başçısınən özü də az qala müqəddəslərə aid kəlmələrlə mədh edilsə də, ondan kult düzəltmək mümkün deyil. Çünki sonuncu kult elə onun doğma atasına məxsusdu və bu kultu dağıtmaq onun imkanları xaricindədi.
Ata Əliyevin şəxsiyyətinə pərəstişin formalaşmasına gələndə isə, məsələ yenə də hakimiyyət üçün ümidverici deyil. Bu kult Surət Hüseynovun qiyamı nəticəsində Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə hətta təbii şəkildə yaramaqda idi, arxada şanlı “KQB” generalı, baş katib, “çekist” əfsanələri vardı və hətta gələcək üçün Stalinin şəxsiyyətə pərəstişinin miqyasında böyümək ehtimalı vardı. Di gəl, elə olmadı. Xalq Əliyevin heç də əvəzsiz tarixi şəxsiyyət olmadığını gördü, anladı. O da ölkədə rüşvətin, korrupsiyanın, yerlibazlığın, klançılığın qarşısını ala bilmədi, əksinə, bu murdar elementlərin inkişafına Azərbaycanın tarixində görünməmiş şəkildə münbit şərait yaradaraq çiçəkləndirdi. Bir sözlə o, gerçəkdən Yeni Azərbaycanın yaradıcısı oldu. Qarabağ qayıtmadı, əksinə onun gəlişi 6 rayonun da gedişinə başa gəldi. Bütün bunlar ona qarşı yarı təbii, yarı süni yaradılan pərəstişə, onun “müqəddəs” kultuna zərbə vurdu və bir neçə il həqiqi olan pərəstiş yerini yalnız ironiya ilə anılan “baba”lığa verdi. Çoxları bilir ki, Azərbaycan dilinin izahlı lüğətinin son redaksiyalarından birində “baba” sözcüyünün açmasında hətta “Heydər” yazmaqdan belə çəkinməmişdilər.
Bu sətirləri Ilham Əliyevin Şəkidə beton zavodunu dağıdıb yerində Heydər Əliyev muzeyi tikdirməsi xəbərini oxuyanda düşündüm. Yeri gəlmişkən, bəlkə də çoxlarına qəribə gələcək. Rayonlarımızın birində iki Əliyev muzeyi vardı, indi üçüncüsü və daha möhtəşəmi inşa edilir. Əminəm ki, dövlət başçısı atasına məxsus heykəllərin, muzeylərin müvəqqətiliyini və ölkəsində şəxsiyyətə pərəstişin mümkün olmadığını yaxşı bilir. Elə isə nədən dayanmadan muzey tikintisi aparmasını heç cür anlaya bilmirəm. Yəni bu təkcə lent kəsmək həvəsindən doğurmu? Buna kimsə inanarmı? Elə isə, səbəb?.. Bilən varsa, yazsın.

Bilən varmı?..
•
•