Vacib məqamlarda nələri unuduruq?

İctimai Palatanın son tədbirilə qəzet vasitəsilə tanış oldum. “Azadlıq” həmin tədbirə düz iki səhifə ayırmışdı. Amma mən çox axtardım və iki səhifəlik bu materialda qəzetin düşdüyü böhranlı vəziyyətlə bağlı hətta bir cümlə də tapmadım.
Bəli, demək olar ki, tədbir seçki ilə bağlı idi və mən də onu başa düşürəm. Amma seçki prosesinin mühüm komponenti də qəzetlərdir. Mən əvvəldə nahaq yerə yazmadım ki, tədbir haqqında qəzetdən oxudum. Bəli, birmənalı şəkildə demək olar ki, əgər “Azadlıq” olmasa heç kim bu Ictimai Palatanın tədbirlərindən xəbər tutmaz. Ona görə də diqqətli olmaq lazımdır.
“Zəhərlənmə şou”su vaxtı qəzet çox operativ çalışdı, ictimaiyyətin məsələ ilə bağlı hiddətini gözəl ifadə etdi. Budur, indi qəzet özü çox böhranlı günlər yaşayır, amma ictimai dəstək hiss olunacaq qədər zəifdir. Mən də bir neçə köşkə baş çəkmişəm. Vitrində yalnız oxunmayan və hakimiyyətyönlü qəzetlər görünür. Onlar bir qayda olaraq, qıraqda yerləşdirilir. Sanki demək istəyirlər ki, bəli, bu köşklərdə həm də qəzetlər satılır. Bir köşkdə belə olsun, müxalif qəzetləri görmədim. Mənə belə gəlir ki, Mətbuat Şurası də məsələyə operativ şəkildə qarışmalıdır. Hələ ki, mən bu müdaxiləni hiss etmirəm.
Biz bəzən hansı dayaqlar üzərində dayandığımızı unuduruq. Bu gün ölkədə ən sonuncu dayaq və özül azad mətbuatdır. Biz isə hər şeydən danışırıq, lakin bunu unuduruq. Mən azad mətbuatın bizim üçün daha nə demək olması ilə bağlı mühazirə oxumaq niyyətində deyiləm. Indiki demokratik mübarizənin bəlkə 80 faizi azad mətbuat deməkdir. Bu 80 faizsiz biz necə görünə bilərik?
Türkmənistanla qoşa
Tədbirdə 2013-cü ildə, yəni, təxminən 14 aydan sonra baş tutacaq seçkilər haqda bir detal da gözümə dəymədi. Məsələ bundadır ki, bu seçki adi seçki olmayacaq, ölkəni Mərkəzi Asiya dövlətlərilə eyni sıraya qoyacaq siyasi tədbir olacaq. Məni o təəccübləndirir ki, biz ona münasibətimizi hələ də bir tezisdə, bir bəyanatda ifadə etməmişik. Və bir daha həmin məsələyə qayıdıb qeyd etmək istəyirəm ki, bizi Türkmənistandan azca fərqləndirən məhz azad mətbuatın olmasıdır. Çoxpartiyalılıq bir görüntüdür. Gözləriniz aydın olsun! Bu yaxınlarda prezidentin göstərişilə Türkmənistanda da ikinci partiya təsis edildi, artıq bu ölkə də çoxpartiyalı ölkə hesab edilə bilər. Türkmənistanda bizdə olanlardan hələ ki, bir şey yoxdur – o da “Azadlıq” kimi qəzetdir!
Mən olanları şişirtməyin tərəfdarı deyiləm. Amma reallıq budur. Bu qəzetlərin bir əvəzolunmaz missiyası var – onlar bizim dərnəklərə möhtəşəm siyasi təşkilat görkəmi verir, bizim dərnək mübarizəmizə güclü siyasi fəaliyyət görüntüsü bəxş edir. Qoy, mənim “dərnək” deməyim heç kimi qeyzləndirməsin, mənim bu xüsusda özəl münasibətim var və dəfələrlə də bunu yazmışam. Mənə elə gəlir ki, biz indi dissidentlərə və bizim partiyalar da dissident dərnəklərinə bənzəyir. Dissidentlər çox fədakar insanlar olub, amma onların böyük siyasi fəaliyyətə yolu bağlı olub, bu insanlar daha çox mövcud siyasi rejimləri ifşa etməklə və onları tənqid etməklə məşğul olublar. Məgər biz bununla məşğul deyilikmi? Keçmiş dissidentlərin bir çoxu sonradan böyük siyasətçilərə və deputatlara çevrildilər, aralarında hətta prezident olanlar da oldu. Nədən biz V.Haveli və yaxud da L.Valensanı unuduruq? Əslində, dərnək mübarizəsinin də öz özəllikləri var. Insanları buna aludə etmək və onları o ideya zəminində “xəstələndirimək”, ölkədə belə dərnəklərin şəbəkəsini artırmaq lazımdır…
Seçkidə iştirakla bağlı bir ştrix
Ictmai Palata, deyəsən, vahid namizəd məsələsinə nöqtə qoydu. Mən bunu müsbət qiymətləndirirəm. Amma bir detalı qeyd etmək istəyirəm. Hələ 1991-ci ildə Zərdüşt Əlizadə seçkinin təbliğat imkanlarından yararlanmağın nümunəsini göstərmişdi. Mənə elə gəlir ki, bizim namizədlər də əgər real qələbə şansları yaranarasa və yaxud da seçkini boykot etmək zərurəti meydana çıxarsa, öz namizədliklərindən bir namizədin xeyrinə və yaxud da ümumiyyətlə, seçkidə iştirak etməkdən imtina edə bilərlər.
O ki qaldı ortaq namizəd məsələsinə, bu, mənə bir detalı xatırladır. Əsrin əvvəlində Rusiyada bir toplantıda menşevik Tsereteli (adını unutmuşam) deyir ki, ölkəni təkbaşına böhrandan çıxarmaq iqtidarında olan partiya yoxdur. Hamı bununla razılaşır. Tək bir nəfər ayağa qalxıb deyir ki, belə partiya var! O bir nəfər də Lenin olub…