Prezident tıxacında qalan xalq

Dünən saatlarla tıxacda qaldıq. Bütün Bakı əhli. Ondan-bundan eşitdiklərimi demirəm, elə özüm iki saata yaxın yalnız paytaxtın 3-cü mikrorayon ərazisində tıxacda dincəlməli oldum. Amma arada xeyli əcaib hisslər də keçirdim. Məsələ ondadır ki, qəfildən yuxum gəldi və ətrafa baxanda, birdən olduqca qəribə mənzərənin şahid oldum. Əksər maşınlardakı adamlar yorğun və mürgülü idi. Tək mən yox, əksəriyyət. Çoxu da əsnəyirdi. Siqnal verməkdən yorulan sürücülər də əsnəyirdi. Bu yuxulama mənzərəsini elə aydınlıqla gördüm və məndə elə hisslər doğurdu ki, yuxum qaçdı…
Vaxt isə keçirdi, hətta yol polisləri əllərini yelləyib deyirdi: Neyləyək, açılmır! Beləcə də Ilham Əliyevin tikdiyi körpüdən keçə bilmədim, məhəllə yolları ilə məsafələr qət edib, tıxacdan qurtuldum…
Qəbələdə prezident tıxacında qalan iki qonşu
Günün sonunda tanınmış jurnalist Nazlı Ağayevanın Ilham Əliyevin Qəbələdən keçməsi zamanı yaranmış tıxacla bağlı qeydlərini oxuyanda öyrəndim ki, dünən tıxac təkcə Bakıda olmayıb. Həmkarımız orada üzləşdiyi əhvalatı reportaj adı ilə qələmə alıb. Bütün jurnalist həyatım boyu belə bir reportajı nə oxudum, nə yazdım. Buyurun oxuyun – Nazlının reportajını olduğu kimi təqdim edirəm:
– Otuz ildən artıqdır onu tanıyıram. Yoxsulluğun son həddində dünyaya gəlib, bircə addım da irəliləməyib. Qəbələdə nə ki pulla görüləcək ən kirli təmizlik işləri var, su qiymətinə ona gördürürlər. Hər gün işıqlanmamış şəhərin dükanlarını silib-süpürməyə gedir, yorğun-arğın qayıdıb daş kimi yatır. Yaxın qonşumdur. Bacısı ilə bərabər yaşayırlar. Bacardığım qədər, bəlkə bir az da artıq həmişə onlara dəstək olmuşam.
Bu gün səhərdən prezidentin aşağı-yuxarı düşüb qalxması ilə bizim dalanda yaranan tıxacların birində bir-birinə girən köhnə maşınlar arasında qəribə bir vəziyyət yarandı. Xahiş elədim telefonla çəksin. Ara qarışıqdı, kimsə görməyəcəkdi. Görsələr də, heç nə olası deyildi, yəni uzaqdan çəkilən adi bir görüntü idi. Yox, dedi, görər hökumət adamları. Hökumət adamları yox idi, ötüb getmişdilər.
Özümü arsızlığa vurub: onda ver, mən çəkim, dedim. Bu zaman mənim çəkməyə nəyimsə yox idi. Yox, dedi, bilərlər mənim telefonumla çəkdiyini. Haradan biləcəklər? – dedim. Çox xahiş edirəm, bircə anlığa ver, çəkim! Nəhayət qonşum yay-qış süpürgə, əski tutmaqdan paralanmış xırda əllərini oynada-oynada konkret ağzımın payını verdi:
– Bilirsən nə var, mən Kamaləddin müəllimin, Ilham müəllimin çörəyini yeyirəm. Sənin kimilərin gözü götürməsə də, sabah onların ayağına neçə ölkənin prezidenti gələsidir. Qəbələnin, Azərbaycanın adını qalxızırlar deyə, bəzilərinin canına niyə azar düşür, bilmirəm.
Özümü qapımızdan içəri salana qədər “bəziləri” adı ilə “mənim kimilərə” ünvanlanan daha ləzzətli atmacaları bura köçürməyib, sadəcə “yazıqlar olsun” dedim…
Tıxacda qalan ölkə…
Bakıdakı mürgülü tıxacı və Qəbələdəki vətənpərvər tıxacı yalnız bir cür ümumiləşdirmək olar. Nəqliyyat tıxacından dəhşətlisi bütöv bir ölkənin, xalqın mənəvi, ictimai, siyasi tıxaca düşməsidir. Prezident də dəyişmir bu ölkədə. Tıxaca düşüb qalıb elə bil. Gerçəkdə isə biz onun tıxacında ilişib qalmışıq. Körpü, yol onundursa, tıxac da onundur.